Dünyada saysız-hesabsız peşə sahibləri var. Amma azadlıq, ləyaqət, ədalət uğrunda savaşmağı özünə peşə etmiş adamlar həmişə azlıq təşkil edib. Çünki, bu peşənin sahibləri həmişə məhrumiyyətlərlə, təzyiqlərlə, ağrı-acılarla üz-üzə qalırlar.
Tez-tez “aktyor həyatı”, “müğənni həyatı”, “dənizçi həyatı”, “idmançı həyatı” ifadələrinə rast gəlirik. Həmişə sübut etməyə çalışırlar ki, müxtəlif peşə sahiblərinin həyatları əzab-əziyyətlərdən, çətinliklərdən ibarətdi. Əlbəttə, hər sahənin öz çətinlikləri var. Amma belə həyatlar arasında “cəbhəçi həyatı”, “cəbhəçi ömrü” də var. Düzdü, cəbhəçi həyatından silsilə verilişlər hazırlamırlar, reportajlar vermirlər, cəbhəçi həyatını tədris etmirlər. Amma cəbhəçi ömrünün missiyası bütün ömürləri çiçəkləndirməkdən ibarətdir. Məsələn, təkcə bugünkü cəbhəçi həyatına nəzər salaq. Camaat kondisionerli otaqda sərinlənəndə, cəbhəçilər 40 dərəcə istidə ləyaqət, azadlıq savaşı və təbliğatı aparırdılar. AXCP sədrinin köməkçisi Faiq Əmirlinin şərlənərək həbs olunmasına etiraz edən cəbhəçilər, ardınca Ədliyyə Nazirliyi qarşısında Gözəl Bayramlıya azadlıq tələb edirdilər. Cəbhəçi ömrünün heç bir köşəsində şəxsi mənfəət yoxdur. Cəbhəçi ömrünün hər anından xalqın və dövlətin maraqları boylanır. Cəbhəçi məhkəmə önündədir, cəbhəçi mitinqdədir, cəbhəçi qiymət artımına etiraz edir, cəbhəçi haqqı tapdananın yanındadır, cəbhəçi şəhid ailəsinin haqqın istəyir, cəbhəçi torpaq davası aparır. Cəhbəçi “qaraguruh”, “ermənipərəst”, “təxribatçı” ittihamlarını darmadağın edib, məqsədinə doğru yürüyür. Bir tərəfdən maddi sıxıntılar, bir tərəfdən yaxınların tənələri, bir tərəfdən hökumətin təzyiqləri cəbhəçini mühasirəyə salıb. Amma cəbhəçi iradəsiylə bu mühasirələri yarır. Cəbhəçilər Azərbaycan savaşı aparır. Yazdıqlarım pafoslu görünə bilər, qeyri-təvazökarlıq kimi səslənə bilər. Amma mən “cəbhəçi ömrü”ndən yazmağı vacib sayıram və bu ömrü yaşayanlara “bəxtəvərlər” deyirəm. Bəli, cəbhəçilər bədbəxtliklərin, qayğıların, məhrumiyyətlərin labirintində təslim olmayan bəxtəvər varlıqlardı. Bu qədər əzab-əziyyətdən sonra yorulmayan, usanmayan adamlar bəxtəvərdilər.
Bir sözlə, bu ölkədə bir “cəbhəçi ömrü” də var. Bu vətəni təmənnasız sevən, həyatını dəyərələr uğrunda mübrizəyə həsr edənlərin ömrü. Cəbhəçi ömrü həm də bütün ömürləri özündə birləşdirə bilib. Cəbhəçilər idmançı ömrü də yaşayır, alpinist ömrü də yaşayır, dənizçi ömrü də. Bəli, cəbhəçilik şərəfli çoxnövçülükdür. Camaat səfalı yerlərdən istirahət şəkillərini paylaşanda, cəbhəçilər təqaüdünü ala bilməyən qoca qadının, təhsil haqqını ödəyə bilməyən tələbənin, evsiz şəhid ailəsinin şəklini paylaşır. Cəbhəçilik ən pis vəziyyədə də, işıqlı gələcəyin şəklini çəkməyi bacarmaq və sabaha inanmaqdır. Cəbhəçi həyatının qədrini bilək.