Azərbaycan neft satan ölkədir. Bu, «neft ölkəsidir» anlamı verməz. Sadəcə olaraq, belə demək olar ki, Azərbaycanda neft çıxır və onu satırlar. Ət satan ölkəyə də «kənd təsərrüfatı» ölkəsi deyilməz. Bir ölkə ət ixrac edirsə, deməli həmin ölkədə ət məhsulları da istehsal edilməlidir. Çağdaş dünyada xammal satan və sənaye istehsalı və ya aqrar istehsalı üzrə ixtisaslaşdığını deyə biləcək ölkələr var. Azərbaycan xammal satan ölkələr kateqoriyasına aiddir. Xammal satan ölkələrdə istehsal mədəniyyəti foprmalaşmaz, elm inkişaf etməz, təhsil yerin dibinə gedər. Çünki, tələbat yoxdur. Nefti yerdən çıxarıb satmaq böyük istedad tələb etməz. İndi Azərbaycanda pambıq becərməyə girişiblər. Bu da tam mənası ilə «istehsal» adlandıra biləcəyiniz məşğuliyyət deyil. Pambıq texniki bitkidir. Əgər bir ölkə, deyək ki, Çin, yaxud Türkiyə pambıq becərirsə, onu həm xam material olaraq satır, həm də pambıq üzərində qurulan ən müxtəlif istehsal sahələri yaradır. Azərbaycanda isə bunlar yoxdur. Pambıq becərilir, yığılır və satılır. Neft kimi.
Özbəkistandakı «Gəncə avtomobil zavodu»
Pambıq ölkəsi kimi ad çıxaran ölkələrdən biri Özbəkistandır. Dünya bazarına çıxardığı pambığın həcminə görə ilk onluqdadır. Yeri gəlmişkən, Özbəkistan başqa bir sahə üzrə, qızıl istehsalının həcminə görə də ilk 10-luğa daxil olan ölkələrin siyahısındadır. Bu da başqa bir mövzu ola bilərdi, amma bizdən o qədər də uzaq olmayan, hətta eyni informasiya məkanında olsaq da, çox az xəbər tutduğumuz Özbəkistan yalnız xammal istehsal edən ölkə deyil. Bu ölkədə Azərbaycan üçün örnək olan və bir çox məqamlarda əlçatmaz dərəcədə örnək ola biləcək istehsal sahələri yaradılıb. Bunlardan biri də avtomobil sənayesidir. Həm də yalnız avtomobil sənayesi deyil.
Azərbaycanda bir Gəncə Avtomobil zavodu vardı. Zavod derkən də, Gəncədə «zavod» adı ilə hasarlanmış böyük bir ərazi vardı. Azərbaycan hökuməti bu ərazinin adını «Avtomobil zavodu» qoyub onun üzərində nə qədər transmilli dələduzluq qurdu, Allah bilir. Bu ərazini Çindən, iranlılardan, Belarusdan bu yana hər kəsə təklif etdilər. Gah ruslarla birləşib, velosipedlə avtomobil türünün arasında yerləşən «Oka» adlı maşın buraxmaq istədilər. Gah istehsal gücü ildə 25 traktor olan xətt qurub «Belarus» tarktorları buraxdıqlarını dedilər. Bir zamanlar, hələ 90- larda bu zavodla almanlar maraqlandılar və orada «Volkswagen» avtomobilləri buraxmaq istədilər, amma Abid Şərifovun başçılıq etdiyi hökumət danışıqlar qrupunun filtrindən keçə bilmədilər. O zamanlardan yadigar qalan məşhur bir məsəl də oldu: «Biz almanlardan «şlyapa» istədik, onlar da bizə «şapka» təklif etdilər». Rəsmi, hökumət nümayəndələri ilə aparılan danışıqlar prosesində zavodun istehsal xəttini qurmaq üçün rüşvət tələb edilməsini almanlar heç cür başa düşmədilər və çıxıb getdilər. Gəncə Avtomobil zavodunda indi nəyin istehsal edildiyi heç kimə bəlli deyil. Son xatirələrdən biri budur ki, orada «Belarus» traktorları yığılanda İlham Əliyev də zavoda baş çəkmişdi, amma sonradan Belarus söhbəti öldü və 2016- cı ilin noyabr ayında xəbər çıxdı ki, zavod özəlləşdirməyə çıxarılıb. Nəticə bəlli deyil və maraqlı da deyil. Ən azı, hətta İsmayıllıdakı istehsal prosesi olmayan velosiped zavodu qədər də maraqlı və önəmli deyil.
İldə 175 000 avtobil istehsalı
Amma Özbəkistan haqqında danışmalıydıq. Özbəkistan sənaye və təsərrüfat əhəmiyyəti olan, Avro-4 və Avro-5 standartlarına uyğun olan 50-yə qədər maşın və mexanizmlər istehsal edən nəhəng sənaye kompleksi yaradıb. Bu, İlham Əliyevin kənddə-kəsəkdə lentini kəsdiyi «Sənaye parkları» qismindən olan karikatura deyil. Adamlar ciddi istehsalla məşğuldurlar. Özüboşaldan, qoşqu maşınları, xüsusi texnika avadanlıqları, avtobuslar, minik maşınları istehsal edirlər. MDB daxili bazarda da uğurla satırlar, Özbək texnikasına bu bazarda böyük tələbat var. Bu çeşidlərin hər biri haqqında ayrıca danışmaq olar, amam Özbəkistan da istehsal edilən Daewoo maşınlarının yeri ayrıdır.
Bu Cənubi Koreya korporasiyası hələ 1993- cü ildə Özbəkistanla razılaşaraq «Uzavtosanoat» Səhmdar Cəmiyyəti ilə birgə şirkət yaradıb. Daewoo korporasiyası Özbəkistanda yüngül maşınlar və minibuslar istehsal edir. Sonra bu proyektə General Motors da qoşulub. İstehsal mərkəzi Əndican vilayətindəki Asaka şəhərində, Daşkənddə, Pitnak ərazisində və Xorəzmdə sıfırdan qurulan zavodlarda təşkil edilib. Birgə müəssisə yaratmaq barədə qərar 1993- cü ildə verilib, 1996- cı ildə, Azərbaycan hökumətinin Volkswagenlə rüşvət anlaşması əldə edə bilmədiyi 1996- cı ildə isə istehsal prosesi başlayıb. Bu zavodun məhsulları əsasən MDB ölkələrinə, Əfqanıstana, hətta Pakistana ixrac edilir.
Bazar böyük və tələbat da geniş olduğuna görə avtomobil zavodu ildə 150-160 avtomobil istehsalı ilə məhdudlaşmır. Azərbaycanda lap bu yaxınlarda bankrot olan Naxçıvan Avtomobil Zavodu deyəsən ildə bu qədər, yəni 150-160 maşın buraxırdı və sata bilmirdi. Özbəkistandakı Daewoo zavodu isə 2006- cı ildə 150 000! maşıən istehsal edib. Həm də artım davam edir. 2011- ci ildə zavod 175 000 (yüz yetmiş beş min) ədəd maşın buraxıb.
2007- ci ildə əvvəllər Daşkənd aviasiya zavodu, sonralar isə Daşkənd Mexanika Zavodu adlanan müəssisəsinin bazasında «CM Özbəkistan» İstehsalat Birliyi yaradılıb və Chevrolet modelindən olan minik avtomobillərinin istehsalına başlanılıb.
Özbəkistanda avtomobil istehsalının strukturlaşması, təkrar qurulması, yenilənməsi kimi detalları təsvir edib oxucuları yormaq istəmirəm, əsas məqsədim budur ki, bir ölkədə beynəlxalq əməkdaşlığın rüşvət üzərində, korrupsiya təfəkkürü ilə qurulmadığı hallarda hansı uğurlu nəticələrin əldə edilə biləcəyini qabardım. Özbəkistanda rüşvət və korrupsiiya var, elə Azərbaycandakı intensivlikdədir. Amma bir yanaşma fərqi var: balı yığmaq üçün arını öldürmürlər…
Azərbaycan rejimi isə qasırğa kimi bir şeydir. Bütün layihələrində ilk sırada start korrupsiya marağıdır, sonra isə gerisi olan hekayətlər. Buna görə də, ölkədə istehsal prosesi yox dərəcəsindədir. Və elə bu şəkildə də davam edəcək.
Akif