Dövlət İmtahan Mərkəzi Nizamnamənin 2.1.3. bəndinə əsasən, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir. Müsabiqə şərtləriylə əlaqədar 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlərin buraxılması nəzərdə tutulub (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur). Bu təhsil müəssisələri Lənkəran Dövlət Universiteti, Qərb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Xəzəzr Universiteti və digər universitetlərdir.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu hesab edir ki, müsabiqədə iştirak ballarının aşağı salınması təhsilə aid qərar deyil, məhz siyasi qərardır. Ekspert deyir ki, burda yeganə məqsəd vətəndaşlarımızın xarici ölkələrə oxumağa getməsinin qarşısının alınmasıdır:
“Hakimiyyət bunun həmişə qarşısını almağa çalışıb. Bu, xaricə müəyyən qədər maliyyə axını deməkdir. Lakin mən azadlıq mənasında bu qərarla razı deyiləm. Çünki hər bir vətəndaşın azad təhsil almaq hüququ var ki, Konstitutiyada və təhsil qanununda öz təsbitini tapır. Bu mənada verilən qərarı nöqsanlı hesab edirəm.
Siyahıda adı olan ali məktəblərdə müsabiqədə iştirak ballarının aşağı salınması məhz orda tələbə çatışmazlığının nəticəsidir. Tələbə çatışmırsa, deməli, həmin ali məktəb bağlanır. Özəl ali məktəblərin heç biri adi və orta ranqlı insanların deyil. Onların başının üstə hakimiyyəti təmsil edənlər durur. Onların çoxu özəl müəssisələrdir və bu qərarla da onları xilas etmək məqsədi güdülür. Burda başqa heç bir məqsəd yoxdur. Yəni təhsilin inkişafı baxımından onun bir o qədər xeyri və ya ziyanı yoxdur. Əmək bazarmız normal olsaydı, insanlar orada bilik və bacarığına görə seçilsələr, təbii ki, onun ziyanı olmazdı. Sadəcə olaraq, tələbələr diplom alacaqdılar və buna müəyyən qədər də pul sərf olunacaqdı. Həmin pullar heç olmasa rüsum şəklində dövlətə çatır. Bu mənada onun elə də ziyanı olmazdı. Amma nəzərə alsaq ki, bu gün əmək bazarı onsuz da sifariş və qohumbazlıqla işləyir, həmin qərarların mənfi təsiri yenə də olacaq”.
azadlıq.info