Vergilər Nazirliyinin nümayəndəsi də 39 min manat…
“Azadlıq” qəzetinin yayım direktoru və AXCP sədrinin köməkçisi Faiq Əmirlinin məhkəməsi yekunlaşmaq üzrədir. İyulun 19-da keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib və F.Əmirliyə 4 il 6 ay həbs cəzası istəyib.
Prokurorun çıxışından əvvəl məhkəmədə Faiq Əmirlinin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev ekspertiza keçirilməsi, bir sıra şəxslərin əlavə şahid qismində dindirilməsi barədə vəsatətlər qaldırıb.
“Burada dindirilən yayım firmalarının rəhbərləri də bildirdilər ki, qəzet nüsxələrinin satışından əldə olunan vəsaitin 35-40 faizi onlara çatıb. Amma “Azadlıq”la bağlı vergi hesablanarkən, nə bu məqam nəzərə alınıb, nə də qəzetin çap xərcləri. “Qasid” yayım firmasının “Azadlıq” qəzetinə 70 min manat borcu var. Xahiş edirik, bütün bu məsələlər araşdırılsın”, – deyə vəkil Fəxrəddin Mehdiyev bildirib.
Vəkillər Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun, hazırda həbsdə olan AXCP Xətai şöbəsi GK sədri Fuad Əhmədlinin də məhkəmədə dindirilməsini istəyiblər.
“Eldar Sultanov yaydığı açıqlama ilə Faiq Əmirlinin təqsirsizlik prezumpsiyası hüququnu pozub. Fuad Əhmədli haqqında cinayət işində iddia olunur ki, guya onun evindən tapılan kağızda Faiq Əmirlinin telefon nömrəsinin qarşısında “İmam Faiq” yazılıb. Bu absurddur. Gəlsinlər, bu məsələləri aydınlaşdıraq”, – deyə vəkillər vəsatəti əsaslandırıblar.
Lakin vəsatətlərin heç biri təmin olunmayıb.
Daha sonra vəkillər işə baxan hakim Aytən Əliyevaya etirazlarını bildiriblər. Məhkəmə etirazı da qəbul etməyib.
Ardınca sənədlərin tədqiqi mərhələsi başlanıb və Faiq Əmirlinin maşınından tapıldığı iddia olunan disklərə baxış keçirilib. Həmin disklərdə Fətullah Gülənin ideyalarından ibarət səs yazıları olduğu iddia edilir. İttihama görə, Faiq Əmirli o disklərdəki materialları yaymalıydı.
Vəkillər disklərin sübutlar siyahısından çıxarılmasını istəyərək bildiriblər ki, onların Faiq Əmirliyə aidiyyəti yoxdur. Üstəlik, disklər çox keyfiyyətsizdir, orada deyilənlər anlaşılmır. Bu vəsatət də təmin olunmayıb.
Sonra prokuror çıxış edərək, ittihamların məhkəmədə sübuta yetirildiyini bildirib və Faiq Əmirlinin 4 il 6 ay azadlıqdan məhrum olunmasını təklif edib. Prokurorun çıxışından sonra Vergilər Nazirliyinin nümayəndəsi də mövqeyini bildirib. O, prokurorun 4 il 6 ay təklifinə 39 min cərimənin də əlavə olunmasını istəyib.
Faiq Əmirlinin vəkilləri isə çıxış üçün vaxt istəyib.
Məhkəmə iyulun 24-də saat 11.00-da vəkillərin çıxışı ilə davam edəcək.