Bu ölkədə Universitet məzunlarının 55 faizindən çoxu, elə əhalinin də bir bu qədəri işsizdir. Ədalətsizlik, rüşvət skandalları baş alıb gedir. Gənclər arasında işsizliyin daha çox yayılması yeni nəslin cəmiyyətdə gərəksiz bir elementə çevrilməsinə gətirib çıxarıb.
Hakimiyyəti qanla əldə eləyənlər ölkəni dəmir yumruqla idarə edir. Çoxlu sayda müxalifətçi, neçə-neçə jurnalist həbs edilib, media Azərində güclü nəzarət tətbiq edilir. Bu nəzarət birbaşa olmasa da, dolayısıyla həyata keçirilir – artıq jurnalistlər özləri özlərinə senzura tətbiq edirlər. Onlar yazdıqları hər sözə, hər cümləyə görə başlarına nələrin gələ biləcəyini düşünürlər. Öldürülən, tutulan, şərlənən, murdar metodlarla gözdən salınan jurnalistlərin təcrübəsi bu cür psixoloji daxili senzuranın yaranmasına gətirib çıxarıb. Üzdə sanki hər şey rəvan gedir. Hətta müxalifət qəzetlərinə belə, müəyyən yardımlar ayrılır. Gerçəkdə isə mənzərə daha dəhşətlidi. Özünü zorlaya-zorlaya yazan jurnalistlərin çoxu keçirdiyi iç sarsıntılarından tezliklə sağlamlıqlarını itirib həyatla vidalaşmalı olurlar. Sağlamlığını itirməyənlər isə simalarını itirməyə məcburdurlar.
Dövlət başçısının adı bir çox korrupsiya əməliyyatında hallandırılır. Iri dövlət məmurlarından tutmuş ən kiçiyinə kimi hər bir rəsmi şəxs əslində bir mafiya başçısı və ya bir mafiyanın üzvüdür. Oliqarxlar da elə məmurların özləridi. Onların arasında gedən maliyyə müharibələrinin bombaları sadə xalqın başında partlayır. Bahalıq ölkəni başına alıb gedir.
Qatı xəfiyyə rejimində mülki formalı polislər, təhlükəsizlik xidmətinin əməkdaşları və ələkçinin qılverənləri küçələrdə hər kəsi dinləyir. Hər kəs, artıq hər yerdə ağzına gələni danışmaq olmaz deyə düşünür, əsəblərini cilovlamağa çalışır, əvəzində isə əsəb xəstəliyinə tutulur və mütləq içində yığılmış mənfi enerjini cəmiyyətə yönəldir – kimisə qətlə yetirir, kiminləsə dava-dalaşa çıxır, başqalarını acılayır. Az qala hamı ətrafa zəhər püskürür, zərərli psixoloji tullantılar yayır.
Hakimiyyətyönlü media, radio-televiziyalar tez-tez prezidenti və onun ailəsini mədh edir, təriflərini göyə qaldırır, əhalidə natamamlıq kompleksinin yaranmasına səbəb olurlar. Ölkənin hər qarışı ailənin rəsmləri ilə bəzədilib. Insanların gözü bu rəsmləri görməkdən yağır olub.
Xarici mətbuatın yazdıqlarında prezident və ailəsinin “mafiya” kimi korrupsiya ilə məşğul olduqları göstərilir. Prezidentin həyat yoldaşına az qala bütün dövlət idarəçiliyini hədiyyə etdiyi, kürəkəninə bank, başqa-başqa qohumlarına isə sonsuz sayda mülklər verdiyindən, dövlət büdcəsinin hesabına onların nəhəng maliyə maqnatlarına çevrildiyindən, iqtisadiyyatın müxtəlif sahələrində monopoliya yaratmalarından danışılır.
Illərdən bəri hakimiyyəti əlində saxlayan prezident öz rəqiblərinə, müxalifət partiya liderlərinə qarşı amansız və əxlaqa sığmayan üsullarla savaş aparır, azad sözün, sərbəst toplaşmanın, azad seçkinin qarşısının alınması və hakimiyyətinin uzanması üçün əlindən gələni eləyir. Kimlərsə satın alınır, kimlərsə sındırılır, kimlərsə fiziki cəhətdən məhv edilir.
Səsini çıxaranları dəhşətli aqibət gözləyir. Bir nəfərin ədalət uğrunda savaşı bütün nəsil-nəcabətinin məhv edilməsi ilə nəticələnə bilər. Bu gerçəklik də illərdən bəri insanların gözünün odunu alaraq, onları gözüqıpıq bir varlığa çevirib.
Bütün bunlar dünənəcən olmuşdu və söhbətin Tunisdən getdiyi yəqin ki, dərhal gözə çarpır. Sadalananlar Tunisin prezidenti Bin Əli rejimində baş verirdi. Və bütün bunlar da xalqı özündən çıxardı, küçələrə tökdü, sonunda isə prezident ölkədən qaçmalı oldu. Tunis xalqı özündən çıxdı. Şükür, bizdə vəziyyət yaxşıdı – xalq özündən gedib…