Səudiyyə Ərəbistanında hakimiyyət qısa ətək və kofta geyinərək ictimai yerdə gəzən və bu görüntüləri internetdə yerləşdirmiş gənc qadını həbs edib.
“Khulood” adlı model, Ushayqir ərazisində tarixi qalada gəzintidə olarkən çəkilmiş video görüntülərini paylaşıb.
Rəsmi dövlət kanalı Exbariya TV Twitter-də yazıb ki, “Riyad polisi Ushayqir bölgəsində uyğunsuz geyimdə görünən qadını həbs edib və prokurorluğa ötürüb”.
Görüntülər sosial mediada qızğın müzakirələrə səbəb olub. Bəziləri mühafizəkar müsəlman ölkəsinin ciddi geyim kodeksini pozduğuna görə qadının həbs edilməsinə çağırış edib.
Digər Səudiyyə sakinləri qadını müdafiə edərək onun “cəsurluğunu” yüksək qiymətləndirib.
Səudiyyə Ərəbistanında qadınlar ictimai yerlərdə “əbayə” adlanan geniş və uzun xalat tipli paltarlar geyinməlidirlər və başlarını şərflə örtməlidirlər.
Onlara həmçinin maşın sürmək qadağandır. Bu ölkədə qadınlar qohumları olmayan kişilərlə əlaqə yarada bilməz.
Həftəsonu Snapchat mobil sosial şəbəkəsində paylaşılan videoda “Khulood” Najd əyalətində, paytaxt ər-Riyaddan 155 km şimalda yerləşən Ushayqir kəndində boş küçədə gəzərkən görüntülənib.
Najd Səudiyyə Ərəbistanında ən mühafizəkar regionlardan biridir. Məhz burada, 18-ci əsrdə Səudiyyə kral ailəsinin və dini quruluş tərəfindən tətbiq edilən Sünni İslamın sərt forması olan Vəhhabiliyin banisi anadan olub.