“Sizə torpaq lazımsa ermənidən alıb istədiyiniz kimi istifadə edin”
Füzuli rayonu Alxanlı kəndində qeydiyatda olan Əliyev Şakir Həsən oğlu məmur özbaşnalığından əziyyət çəkdiyini bildirir. Onun əməkdaşımızla söhbəti bu mövzudadır.
Vətəndaş Füzuli rayonu ərazisində Yuxarı Mil kanalının sol tərəfində “Balıqçılıq” adlanan yerdə “Elşad” kəndli fermer təsərrüfatı yaradıb. Əliyev Şakir bildirib ki, 1989-cu ildə həmin ərazidə 6 hektar istifadəsiz torpaq sahəsi götürüb. Xeyli sərmayə qoyduqdan sonra torpağı münbit hala gətirib. Bundan sonra ona əlavə olaraq daha 20 hektar torpaq sahəsi verilib.
1997-ci ilə kimi deyilən ərazi Beyləqan rayonuna aid olub, Şakir Əliyev də həmin vaxta kimi elə Beyləqan rayonunun sakini imiş. Ərazi Füzuli rayonuna verilən zaman onun əməyi nəzərə alınaraq Füzuli rayonunun Alxanlı kəndinə qeydiyyata götürülüb.
Bir neçə ay əvvəl “Balıqçılıq” deyilən ərazidəki torpaqların “Səba Broyler” ASC tərəfindən satın alınması barədə fermer təsərrüfatı rəhbərlərinə bildiriblər. Amma vətəndaşları qiymətləndirmənin düzgün aparılmaması əsla qane etmir.
“Bura cəmi 18300 manat kompensasiya hesablanıb. Burda hər birinin dəyəri 500-1000 manat olan xeyli meyvə ağacları var. Ümumiyyətlə, 700 meyvə ağacı olmaqla cəmi 1300 ədəd ağac əkilib. İki balıqçılıq gölü salınıb. İllərlə zəhmətimiz hesabına qazandığımız bütün varidatı bura yatırtmışıq. Verilən kompensasiya heç bizim mətbəxin qiyməti deyil”,- deyə Şakir Əliyev bildirib.
Vətəndaş səslərinin heç yerə çatmamasından da gileylənir. Deyir ki, prezident Füzuli rayonuna Cocuq Mərcanlı kəndinə gələrkən dərdlərini ona çatdırmaq istəyiblər, amma buna maneə yaradlıb. Fermer təsərrüfat rəhbərləri göndərilən məktub və teleqramların da prezidentə və birinci vitse-prezidentə çatmadığını düşünürlər.
Sonda Şakir Əliyev torpaq mülkiyyətinə sahib olmaq istəyən oliqarx məmurlara səslənib: “ Torpaq sahibi olmaq istəyirsinizsə, yaxınlıqda min hektarlarla erməni işğalında olan sahələr var, azad edib istədiyiniz kimi istifadə edin. Axı bu sahəyə biz canımızı, malımızı qoymuşuq, özümüz də bəhrəsini görmək istəyirik”.
Fermer təsərrüfatı rəhbərlərinin bildirməsinə görə həmin ərazidəki torpaq sahələrinin alınması “Səba Broyler” ASC-nin rəhbəri Natiq Quliyevin adı ilə bağlı olsa da, broylerin əsl sahibinin Mərkəzi Bankın sədri Elman Rüstəmov olduğu bildirilir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Azadliq.info