Yol infrastruktunun yenidən qurulmasına son illərdə 25 milyard manat vəsait xərcləndikdən sonra bəlli olub ki, yolların 50 faizində ümumiyyətlə asfalt örtüyü yoxdur.
Hazırda Azərbaycanda 20 min kilometr avtomobil yolu var. Bunun 17 min 500 kilometri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin, 2500 kilometri isə yerli icra hakimiyyəti orqanlarının balansındadır: “20 min kilometr yolun yarısı asfalt-beton, yarısı isə torpaq və çınqıl örtüklü yoldur. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti 2015-ci ildən bu vaxta qədər 1000 kilometrdən artıq avtomobil yollarını təmir edib, yenidən qurub. Həmin yollar magistral, kənd və qəsəbəarası yollardır. 2016-cı ildə 800 kilometr yol təmir edilib. Həmin il kənd və qəsəbəarası 32 avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Bu il isə 40-dan artıq yolun yenidən qurulması nəzərdə tutulur”.
Bu ilin sonuna kimi Azərbaycanda yenidən qurulan 3 magistral avtomobil yolu istifadəyə verilə bilər.
Bu barədə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.