Bu gün ABŞ dünyanın ən iri neft və qaz istehsalçısına çevrilib. Düşünürəm ki, qarşıdakı illər ərzində ABŞ bu sahədə liderliyini daha da gücləndirəcək. Bu isə həm iqtisadi, həm də geosiyasi sahədə üstünlük deməkdir. Bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qarşıdakı 5 il ərzində ABŞ dünyanın ən iri təbii qaz ixracatçılarından birinə çevrilə bilər: “Bu dövr ərzində ABŞ Qətər, Rusiya kimi ölkələrin sırasına yüksələ biləcək. Bu isə təbii qaz hasilatçıları və ixracatçıları arasında rəqabəti artıracaq. Güclənən rəqabət qiymətlərin azalmasına səbəb olacaq. Bu isə Türkiyə kimi ölkələr üçün əlverişlidir. Vətəndaşımız təbii qazı daha ucuz alacaq. Bundan başqa, hadisələrin bu cür inkişafı Rusiya qazına güclü alternativin yaranmasına səbəb olacaq”.