Ermənilərlə şərab içməyə qəribsəyənlərin özlərindən vətənpərvər, millətçi obrazı yaratmaları böyük ədalətsizlik idi
Belə baxanda, 1-ci vitse prezidentin ermənilərin ünvanına məlum xoş sözləri deməsinin yaxşı tərəfləri də var. Əvvəla, xalqı nə qədər aldatmaq olar? Nəhayət, olduqları kimi görünməkləri lazım idi. Qoy, xalq hər şeyi bilsin. Torpaqlarımızı işğalda saxlayan ermənilərlə birlikdə şərab içməyə qəribsəyənlərin özlərindən vətənpərvər, millətçi obrazı yaratmaları böyük ədalətsizlik idi. İndi artıq xalq ona rəhbərlik edənləri daha yaxşı tanıyır, torpaqlarımızı işğal edənlər barədə onların əslində nə düşündüyünü də bilir. Digər tərəfdən isə Mehriban Əliyevanın bu açıqlamasına hakimiyyət düşərgəsindən bircə nəfərin də etiraz etməyə cəsarət göstərməməsi bütövlükdə YAP iqtidarını millilik, vətənpərvərlik mövzusunda söhbətlərə qarışmaq haqqından məhrum etdi. Nəhayət, ən böyük zərbə son illərdə hakimiyyət “istilikxanalarında” yetişdirilmiş “vətənpərvərlər ordusuna” dəydi. Adi vaxtlarda “vətənpərvər”, “millətçi” işləyən bu “ziyalıların”, “ictimai xadimlərin”, “jurnalistlərin” Mehriban Əliyevanın məlum açıqlamasından sonra cınqırı da çıxmadı. Vətənpərvərlik maskası düşdü. Hamısı birlikdə və bir anda ifşa olundular. Və nəhayət, Mehriban Əliyevanın məlum açıqlamasına kütləvi şəkildə və sərt reaksiya verən (həlilik sosial şəbəkələrdə) xalqımız nümayiş etdirdi ki, onu sındıra bilməyiblər, milli ruhumuz oyaqdır və heç bir təslimçiliyi qəbul etmir!