İstinataq 2001-ci ilin elanın 2011-ci ilə yazıb
“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin məhkəməsi davam etdikcə, bu cinayət işindəki absurdlar daha qabarıq görünür. Faiq Əmirlini Fətullah Gülənin təbliğçisi kimi saxta ittihamla həbs eləyib, istintaqı yalnız “Azadlıq” qəzeti üzərindən aparmaqları azmış kimi, qəzetlə bağlı şahid ifadələrini də saxtalaşdırıblar. Məsələn, 2001-ci ildə “Azadlıq” qəzetində sənədinin itməsi haqda elan vermiş Valeh Quliyevin guya, həmin elanı 2011-ci ildə verdiyini yazıblar ki, Faiq Əmirlinin “Azadlıq”da işlədiyi dövrə təsadüf eləsin. Guya, Faiq Əmirli həmin elanın müqabilində Valeh Quliyevdən alınmış 2 manatı mənimsəyib.
İyunun 19-da məhkəmədə dindirilən Valeh Quliyev isə bildirib ki, istintaqdakı ifadəni təsdiqləmir. Əvvəla, sənədlərini 2011-də yox, 2001-ci ildə itirib. İkincisi də elana görə 2 manat pul verməsi haqda yazılanlar yalandır.
Başqa bir şahid Nadir Əliyev isə “Azadlıq” qəzetində satışda olan kitablarla bağlı elan verib. Bu elana görə də həmin kitablardan bir nüsxə qəzetin redaksiyasına hədiyyə edib. Onu istintaq zamanı dindirəndə əvvəlcə soruşublar ki, elana görə “Azadlıq”a nə qədər pul ödəyib. O da cavabında söyləyib ki, pul ödəməyib, kitab hədiyyə edib. Onda da sual ortaya çıxıb ki, o kitab satılıb pul eləmək üçün verilib, yoxsa oxumaq üçün?
Nadir Əliyev iyunun 19-da məhkəmədə dindiriləndə bir daha vurğulayıb ki, özü kitabı redaksiyaya hədiyyə verib, “Azadlıq”a elana görə pul ödəməyib.
“Azərbaycan” nəşriyyatının iqtisadiyyat şöbəsinin müdiri Akif Vəlimətov da məhkəmədə dindirilib. O bildirib ki, “Azadlıq” qəzeti yayım firmasından satılmış nüsxələrin pulunu ala bilmədiyinə görə nəşriyyatın pulunu ödəyə bilmirdi: “Bizim Faiq Əmirli ilə işgüzar münasibətimiz olub. Qəzetin borcları olanda ya baş redaktorun müavini Rahim Hacıyevlə, ya da Faiqlə danışırdıq. Amma Faiq qərar verən şəxs deyildi. Son zamanlar qəzetin nəşriyyata 20 min manat borcu yaranmışdı. Biz Faiq Əmirli və Rahim Hacıyevlə birlikdə rəhbərliyin yanında olduq. Onlar izah etdilər ki, yayım şirkəti qəzetə olan borcunu ödəmir. Bu səbəbdən qəzet də nəşriyyata borcunu ödəyə bilmir”.
Akif Vəlimətov dindirilərkən Faiq Əmirli əlavə edib ki, prokurorluq istintaq zamanı qəzetin 8 milyon nüsxəsinə vergi hesablayıb. Amma satılmadan geri qaytarılmış nüsxələri, onlara çəkilən çap xərclərini nəzərə almayıblar: “Səkkiz milyon nüsxənin təkcə çap xərci yarım milyon manatdan çox eləyir”.
Daha bir şahid Anar Abbasov əldə qəzet satışı ilə məşğul olub. O bildirib ki, 5-6 il öncə satış firmasında işləyirdi, gündə 10-15 ədəd “Azadlıq” qəzeti satırdı: “Dövlət qəzetləri də satırdım. Rəsmi müqaviləmiz var idi. Satdığım hər qəzetin pulundan 28-30 faiz mənə qalırdı”.
Bugünkü məhkəmədə ümumilikdə 8 şahid dindirilib. Digər şahidlər də qəzetə elan vermiş şəxslər olub. Onlar bildiriblər ki, elana görə nəinki Faiq Əmirliyə, ümumiyyətlə, heç kimə pul ödəməyiblər.
Faiq Əmirlinin məhkəməsi iyunun 21-də davam edəcək.
Əli Kərimli: “Ölkədən çıxarılan milyardları araşdırmırlar, iki manatlıq elanla bağlı istintaq aparırlar”
Faiq Əmirlinin işi üzrə məhkəmə prosesini media nümayəndələri, tanınmış ictimai-siyasi xadimlərlə yanaşı, səfirliklərin, beynəlxalq təşkilatların təmsilçiləri də işləyir. Məhkəmədə AXCP sədri Əli Kərimli də iştirak edib. Əli Kərimli eyni zamanda, köməkçisi olan Faiq Əmirlinin məhkəməsi haqda fikirlərini jurnalistlərə açıqlayıb:
“Əslində, bu məhkəmə təkcə Faiq Əmirlinin məhkəməsi deyil, “Azadlıq” qəzeti üzərində qurulmuş bir məhkəmədir. Məsuliyyətli hakimiyyət bu məhkəməni anındaca dayandırardı. Çünki bu məhkəmə hakimiyyətin özünün ifşasıdır.
Faiq Əmirli Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə bəyanatı ilə Fətullah Gülənçi kimi həbs olunmuşdu, amma baxın, üçüncü iclasdır ki, məhkəmə nəyi araşdırır? Kimsə nə vaxtsa sənədi itdiynə görə “Azadlıq” qəzetində elan verib, buna görə 3-5 manat pul ödəyib. Hətta bunu da saxtalaşdırırlar. Bu gün ifadə verən şahidlərdən biri deyir ki, axı mən sənədimi 2001-ci ildə itirmişəm, elanı da 2002-ci ildə vermişəm. Amma saxtalaşdırıb, onun 2011-ci ildə elan verdiyini yazıblar ki, Faiq Əmirlinin “Azadlıq” qəzetində işlədiyi dövrə düşsün. Bu qədər absurd ittihamla ölkənin aparıcı müxalifət qəzetinin yayım direktorunu həbs edirlər, bundan da istifadə edib, həmin qəzeti bağlayırlar.
Vergi borclarını artırmaqdan ötrü “Azadlıq” qəzetinin satılmayan nüsxələrinə də vergi tətbiq ediblər. “Azadlıq” qəzetinin kağıza, çapa çəkdiyi xərclərə də vergi hesablayıblar. Görün hansı absurddan söhbət gedir…
Ümumiyyətlə, bu proses ümumilikdə hakimiyyətin özünüifşasıdır. Məhkəmədə iştirak edən səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələri də bunun şahidi oldular.
Ölkədən çıxarılan milyardlarla dolları araşdıran yoxdur. Ölkədən çıxarılan həmin vəsaitlərə alınmış holdinqlər, banklar, villalar, yaxtalar, təyyarələr, böyük aviasiya şirkətləri… – bunları araşdıran yoxdur.
Ölkə ictimaiyyətini cəlb elədikləri prosesdə görün nəyi araşdırırlar? 2001-ci ildə itirilmiş şəxsiyyət vəsiqəsinə görə “Azadlıq” qəzetinə 2 manat verilib, yoxsa yox? Bu, özünüifşa deyil, bəs nədir?
İndiyədək məlum idi ki, “Azadlıq” qəzetinə reklam verməyə qeyri-rəsmi qadağa qoyulmuşdu. Reklam yox idi, qəzet borcun içində idi. Amma bu gün xırda elanları araşdırırlar. Şahidlərdən biri “Azadlıq” qəzetində kitab elanı verib, bunun müqabilində kollektivə bir nüsxə kitab bağışlayıb. Onu çağırıb araşdırırlar ki, həmin kitabı satıb pul eləmək üçün verib, yoxsa oxumaq üçün? Görün nəyi əsas gətirərək, Azərbaycanın aparıcı qəzetini bağlayırlar?!
Təxminən bir il əvvəl AXCP-ni Fətullah Gülənlə əlaqələndirmə kampaniyası tam saxta idi. Həmin saxtakarlığa yol verənlər bu gün də olmasa, mütləq bir gün məsuliyyət daşıyacaqlar. Böyük bir siyasi təşkilatı, ana müxalifət partiyasını heç bir arqument olmadan aparıb hansısa dövlət çevrilişinə cəhd eləmiş təşkilatla əlaqələndirməyə çalışdılar. O ittihamlar sabun köpüyü kimi dağıldı.
Eyni zamanda, “Azadlıq” qəzeti ilə bağlı ittihamlar da əsassızdır. Açıq-aşkar hiss olunur ki, Faiq Əmirli də, Gülən kampaniyasında həbs olunmuş Fuad Əhmədli də qurbandır. Onlar AXCP-yə, “Azadlıq” qəzetinə qarşı hücumun qurbanlarıdır. AXCP-ni sarsıda bilmədilər, bu adamları girov götürdülər”.
Prosesdən sonra vəkil Aqil Layıcov jurnalistləri maraqlandıran suallara cavab verib.
azadliq.info