Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Həbsxana davranışlarında şablonlar və presedentlər yoxdur. “Filan vaxt, filan avtoritetli adam bu situasiyada belə hərəkət etmişdi” kimi dəlilləri ortalığa atma! “O, filankəs idi, ona halaldır. O, edə bilərdi. Sən bunu edə bilməzsən, çünki sən filankəs deyilsən” – arqumentlərini adamın gözünə soxarlar. “Mən də filankəs kimi adamam” da deyə bilməyəcəksən. Dərhal “sən özün kimi adam ol, qaqaş”, – deyəcəklər, təkrarən pis vəziyyətə düşəcəksən. Bütün mümkün mübahisələrdə qarşındakı adamın imkanlarını yox, öz imkanlarını hesabla. Qarşındakı adamın imkanları onun özünə məxsusdur və yalnız onun özü bu imkanlardan necə istifadə edəcəyini müəyyən edə bilər.
Hər halda, mübahisəli vəziyyətlərdən yayınmağa çalışmaq lazımdır. Amma mübahisəli vəziyyətlərə düşə biləcəyindən qorxma. Qorxduğun hiss edilən kimi dörd tərəfdən üstünə axışacaqlar. Unutma ki, burada hamı cinayətkardır və cinayətkarlarda intuisiya güclü olur. Ətrafındakılar sənin xarakterin və davranışların arasında disharmoniyanın olduğunu duyduqları an bu uyğunsuzluğun səbəblərini axtarıb tapacaqlar. Bu uyğunsuzluq qorxu, ifrat ehtiyat, xəlvəti bir işdən yana yaranıbsa, bu səbəbi sənin yerini müəyyən edən başlıca arqumentə çevirə bilərlər. Amma sənin yerini başqaları müəyyən etməməlidir, sən özün öz yerini müəyyən etməyi bacarmalısan. Başqaları səndən ötrü dəridən-qabıqdan çıxsalar belə, bu canfəşanlığın səbəbsiz olmadığını anla. Həbsxanada kimdənsə ötrü qabağa durmağı bacaran adamlar az deyil. Bu, həmin qəbildən olan adamların liderlik iddiası, perspektivdə səndən maddi-material istifadə planlarının mövcudluğu, şəxsin özünü səndən əzəmətli göstərməsindən ötrü və bir çox başqa səbəblərlə bağlı ola bilər. Özünü başqalarının planına təslim etmə. Başlamamış oyundan istənilən zaman çıxmaq imkanın və hüququn var. Amma bunu elan etməlisən. Hətta “xlebnik”lərin belə, səni hansısa birgə plana məcbur edə bilməzlər, baxmayaraq ki, “xlebnik” türmə daxilində ən müqəddəs anlayışlardan biridir. “Xlebnik”inə “olmaz!” dedinsə, onun avantürasının nəticələrindən ötrü məsuliyyət daşımadığını bil. Amma ona “olmaz!” demək üçün güvəndiyin dəlillər onun “olar!” deyərkən güvəndəyi dəlillərdən qat-qat ağır olmalıdır.
Ümumi işə xələl gətirə biləcək davranışlardan birmənalı şəkildə uzaq ol. Belə işlərə görə adamı ən ümumi qaydada, elliklə cəzalandırırlar. Həm də təkcə ictimai qınaq mexanizmi ilə yox. Sənin vücudunla futbol oynaya bilərlər və sonra bütün cəza müddəti ərzində təpiklər altında qalmasan da, futbol topundan fərqin olmaz.
Səni əhatə edən aləmlə münasibətlərin şəffaf olmalıdır. Özünəməxsus planların isə maksimum qapalı və yalnız özündə saxladığın sirr olmalıdır. Səni əhatə edən aləmlə münasibətlərin şəffaf olmalıdır. Bu, təkrar deyil: sənin həbsxana əməkdaşları ilə münasibətlərinin şəffaflığını vurğulamaq üçün istifadə edilən “mükərrir”dir. Onlarla ehtiyatsız münasibət, xosunlaşma, onların hər hansı planında iştirak və ya iştirak etmək arzusu belə sənin “mast”ını, o cümlədən həbsxana həyatını darmadağın edə bilər. Həbsxana əməkdaşları ilə əməkdaşlıq edən dustaqlarla münasibətlərdə çox ehtiyatlı ol. Onların satqın olduqlarına şübhən olmasın. Ciddi dəlillərlə sübut edə bilməyəcəyin satqınlıq faktlarının üstünə getmə. Bu dəlilləri özünə qarşı çevirib başqalarını şərlədiyinə, “naxalka” atdığına görə cəzalandırıla bilərsən. Unutma ki, həbsxana əməkdaşları ilə əməkdaşlıq edən dustaqların abır-həya anlayışı barədə təsəvvürləri tamamilə fərqli əsaslar üzərində qurulub.
Zor keçmir. Fiziki gücün artıqdırsa və bundan özün üçün həyat avantajı yaratmaq istəyirsənsə, onu başqalarına qarşı çevirməyə qətiyyən təşəbbüs göstərmə. Bu, sənin ehtiyatda olan zəruri müdafiə imkanın deməkdir. Hətta müdafiə vasitəsi kimi də fiziki gücün zəruri ola biləcəyi həddə qədər gedib çıxmağın məsləhət olmadığını bir qədər əvvəl dolayısı ilə qeyd etmişdim. Fiziki güc, sahibinə müvəqqəti uğurlar, fərqlənmək imkanı yarada bilər. Amma həbsxanada bunun üzərində qurulan karyera əksər və ya mütləq əksər hallarda faciə ilə qurtarır. Cinayətkar aləmin sultanı olan qanuni oğruların heç birinin xüsusi idman göstəricilərinin olmadığını unutma. Həbsxana həyatı ağlın, məntiqin və iradənin üzərində qurulur. Əgər fiziki güc ağlın, yaxud əksinə, ağıl fiziki gücün məntiqi davamı kimi görükmürsə, bunlar sənin əleyhinə olan arqumentlərə çevrilir.
Burada hamı cinayətkardır. Kimisə aldatmağa cəhd göstərmə. Kimlərsə axıra qədər uğurla aldadıb yaşaya bilərlər, bu, ittiham edilən keyfiyyət deyil. Amma qeyri-ciddi keyfiyyət kimi qəbul edilir.
Davamlı olaraq aldanmağa vərdiş etmə. Belələrini “lox” adlandırırlar və hörmətli adam saymırlar. Aldığını və verdiyini əsaslandırmağı bacar. Ən azı, özün üçün əsaslandırmağı bacar. Özündə olmayan predmetdən imtina etməyi bacar. Hətta siqaretdən belə. Davamlı olaraq başqalarından siqaret dilənəcəksənsə, davamlı olaraq istehza və gülüş obyekti olacaqsan. Yeməyin yoxdursa, başqalarından istəmə. Orada yeməkxanada dustağın “kazyonnı” (dövlət xəzinəsi hesabına) yeməyi verilir. Bu, müqəddəs sayılır, onu yemək heç kim üçün eyib deyil. Hətta bütün oğrular da zona ayaq basanda ilk getdikləri yer dustaq yeməkxanası olur. Tamamilə imkansız olanda arabir çay istəmək eyib sayılmaya bilər. Amma unutma: özünü elə aparmaq, yaşayışını elə qurmaq məsləhətdir ki, səni çaya dəvət eləsinlər, səninlə birlikdə çay içməyi mərasim hesab etsinlər. Kimlərinsə davamlı yemək təkliflərini qəbul etməməyə çalış. Arabir olar, amma bu, sistematik olanda, səni dəvət edənlərin səmimiyyət dərəcəsindən asılı olmayaraq, zondakı adın “qabırğa” və ya buna bənzər kinayə dərəcəsində ifadə edilən ayama ola bilər. Ayama qanunsuz sayılır və həbsxananın inzibati qanununda belə yazılıb. Dustaqlar arasında isə ayama qoymaq dəbdədir. Əgər ayama qoyulacaq qədər diqqət mərkəzinə düşmüsənsə, bu, hökmən hörmətli ayama olmalıdır. (Mənim ləqəbim olub, amma bu, yəqin ki, ləqəb yox, titul sayıla bilərdi).
Bu normativlər çox mücərrəd görünə bilər. Amma bu kitabdakı epizodlar buradakı normativləri konkretləşdirən hallarla zəngindir. Indi qaldığınız yerdə qalıb, kitabı əvvəldən oxumağa başlasanız, həmin konkretlikləri tapacaqsınız…
ardı var