I yazı
Cinayət Məcəlləsinin (bundan sonra CM adlanacaq) 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir. Məcəllənin 1.3-cü bəndi isə elan edir ki, cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. CM-nin 2.2-ci maddəsinə əsasən Məcəllə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.
Bəs, hər hansı əməlin CM-ə cinayət əməli kimi daxil edilməsinin (kriminallaşdırılmasının) və ya ondan çıxarılmasının (dekriminallaşdırılmasının) əsasları nədir? Azərbaycanda bu cinayət-hüquqi proses hansı qaydada və keyfiyyətdə aparılır? Bu iki qarşılıqı prosesin vahid unifikasiya standartları və metodologiyası mövcuddurmu? Son illər qanunvericiliyin əksər sahələri üzrə aparılan sərtləşdirilmə və kriminallaşdırılma prosesi hansı ictimi zərurətdən və sosial sifarişdən doğur? Bu yeni normalar hüquqi müəyyənlik prinsipinə cavab verirmi, hüquqi tənzimləmənin sabitliyini ehtiva edirmi?
Fikrimizi və sualları daha sadə formada anlatmaq üçün nümunəyə müraciət edək. Məsələn, 4 dekabr 2015-ci ildə Azərbaycan Respublikası CM-nin insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər fəsilinə yeni bir maddə – 168-1 – əlavə edildi. Maddə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmanı nəzərdə tuturdu. Maddənin dipozisiyası belə təqdim edilir: “İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması” (168-1.1). Maddənin tövsifedici əlamətləri – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması (168-1.2), təkrar törədilmə (168-1.3.1) və qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilmədir (168-1.3.2). Maddə az ağır cinayətlər kateqoriyasına aid olmaqla, 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Maddənin məzmunundan da göründüyü kimi, əməlin kriminallaşdırılması və CM-ə daxil edilməsi motivi – Azərbaycan vətəndaşının xaricdə (istənilən başqa ölkdə) dini təhsil almasıdır (cinayətin obyektiv cəhəti). Hərçənd, ölkə sərhədlərindən kənarda təhsil, o cümlədən dini təhsil almaq qanunla qadağan edilmiş və yaxud da lisenziyalı, müəyyən bir icazəyə bağlı fəaliyyət növü deyil, istənilən şəxs ya dövlət hesabına, ya hansısa proqramla, ya da öz hesabına dünyanın istənilən ölkəsinin təhsil müəssisəsinə müraciət edə və təhsil ala bilər. Belə olan halda, “xaricdə dini təhsil alma”nın hansı səbəb(lər)dən və kriteriya(lar)dan kriminallaşdırılması çoxlu sayda suallar doğurur. Niyə məhz “dini təhsil”? Niyə məsələn, hüquq təhsili, həkim təhsili, mühəndis təhsili və s. və i. a. yox? Bu normanın tərs üzü, yəni qanunla yol verilən tərəfi islam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almamış, yəni ölkədə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasıdır. Necə olur – xaricdə həkim təhsili almış şəxs burda həkimlik fəaliyyəti ilə məşğul ola bilir, hüquq təhsili alan hakim, yaxud vəkil olur və s. Ancaq, dini təhsil almış şəxs hər hansı dini ayin və ya mərasimi, icra edə bimir? Xaricdə dini təhsil almanın kriminallaşdırılması cəmiyyət üzvlərinin hansı hüquqlarını hifz edib, müdafiəsini həyata keçirir? Bu definisiya cinayət hüququnun təbiətinə və onun qoruduğu elan edilən vəzifələrə (Məcəllənin 2.2-ci maddəsi) nə dərəcədə mütənasibdir? Dini ayin və mərasimlərin başqa ölkədə dini təhsil almış şəxs tərəfindən aparılması bu nemətlərə, deyək ki, normanın salındığı konstitusion hüquq və azadlıqlara hansı zərər yetirir və ya yetirə bilər? Bu qadağa ilə Konstitusiyanın 18-ci maddəsinin (Din və dövlət) II (İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır) və 48-ci maddəsinin (Vicdan azadlığı) III hissəsi (Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir) və Avropa İnsan Hüquqları Konevnsiyasının 9-cu maddəsi (Fikir, vicdan və din azadlığı) necə uzlaşır?
Məsələnin digər tərəfi də var. “İslam dininə aid ayin” dedikdə, nələr nəzərdə tutulur? Bəs “mərasim” sözü özündə hansı anlayışları əhatə edir? Sadəcə, Quran oxuma, namaz qılma bur aiddirmi? Yaxud islam dininə aid ayin və mərasimlərin ”aparılması”nı necə başa düşək? “Aparılma” nədir? İcra etmə, rəhbərlik etmə, idarəetmə, yoxsa başqalarına qoşulub birlikdə aparma?! Yaxud bu “aparılma” hansısa bəlli bir məkanda aparılmanı nəzərdə tutur, yoxsa? Bu “aparılma” hansısa insan fərdi və ya toplumunu (iki və ya daha çox şəxs) və s. əhatə edir, yoxsa?
Ağırlaşdırıcı tövsifedici əlamətlərlə bağlı. Təkrar törədilməni başa düşdük, bəs “İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması” iştirakçılıqla necə törədilə blər? Dispozisiya bir “vətəndaşı” nəzərdə tutur, tövsifedici əlamətsə iştirakçılığın mürəkkəb formasını. Qabaqcadan əlbir olan bir qrup şəxs və yaxud da mütəşəkkil dəstə əlamətləri bu normada necə “həll oluna”, “reallaşa” bilər?
Suallar çoxdur, cavablarsa yox dərəcəsindədir. Hərçənd, bir fakta – bu normanın 26 noyabr 2015-ci ildə Nardaran qəsəbəsində baş vermiş qanlı hadisələrdən dərhal sonra Məcəlləyə və Dini etiqad azadlığı haqqında Qanuna (21-ci maddə) daxil edilməsinə diqqət yetirsək, bir çox məsələlərin üstündən sirr pərdəsi götürülər.
Ölkədə qanunyaradıcılığı işi ictimai müzakirələrdən faktiki gizli və geniş əhali kütlələrinin fəal iştirakı və müzakirəsi olmadan aparılır. Nəticədə cinayət olmayan əməllərin kriminallaşdırılması, həqiqi cinayət növlərinin isə kənarda qalması və yaxud da dekriminallaşdırıllması prosesi baş verir. Və bütün bu prosesdə sosial sifariş, ictimai münasibətlərin dialektikası və təbii məntiqi ehtiyacı deyil, ictimai-siyasi-dini fəal opponentləri təqib etmək və onların fəaliyyətini daha çox çərçivəyə salmaq və məhdudlaşdırmaq, dövlət aparatının hüdudusuz cəzalandırıcı gücünə məruz qoymaq niyyəti güdülür.