“Azadlıq” qəzeti “Regional blogger şəbəkəsinin formalaşdırılması” layihəsində iştirak etmək üçün müsabiqə elan edir. Müsabiqəyə 21-28 yaş arası Azərbaycan regionlarında yaşayan, bloggerlik təcürbəsi olan, yaxud buna maraq göstərən gənclər qatıla bilərlər. Müsabiqəyə qatılmaq istəyənlər 2012-ci il avqustun 10-dək CV-lərini və özlərinin yazdıqları kiçik həcmli məqaləni azadliq@azadliq.info və azadliq.newspaper@gmail.com ünvanına göndərməlidirlər.
Müsabiqə nəticəsində seçilən 5 namizədə bloggerlik fəaliyyəti ilə bağlı təlimlər keçiriləcək, onların hazırladıqları materiallar “Azadlıq” qəzetinin “Blogging Net” adlı yeni səhifəsində yerləşdiriləcək. Ən uğurlu materiallar isə qəzetin kağız formatında dərc olunacaq. Layihə müddəti ərzində “Azadlıq” qəzetinin kollektivi gənc bloggerlərin staj keçməsində yaxından iştirak edəcək (mentorluq qismində) və onları əks-əlaqə ilə təmin edəcəklər. Hər bir gənc blogger işində ona kömək edəcək bir dizüstü bilgisayar, bir rəqəmsal kamera və bir diktafon alacaq.
Layihəyə cəlb olunacaq namizədləri “Azadlıq” qəzeti tərəfindən yaradılan Münsiflər Heyəti seçəcək. Avqustun 15-dək müsabiqənin nəticələri açıqlanacaq.