Günahkarlar və günahsızlar

Pünhan Kərimli

Mərhum prezident, müasir Azərbaycanın qurucusu kimi təqdim edilən Heydər Əliyev deyib: “Dövlətə iki amil zərər gətirə bilər: günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda”. Çox mükəmməl və yerində deyilmiş bir fikirdir. Ancaq, gəlin görək müasir Azərbaycan dövləti bu zərərlərdən qoruna bilirmi? Başqa sözlə, müasir dövlətimizin anlayışında günahkar və günahsız insan məfhumu necə başa düşülür?

Azərbaycanı idarə edən iqtidar üçün “günahkar”, əslində isə saf su kimi təmiz, günahsız olanlar kimlərdir: ölkədəki haqsızlıqlara açıq etiraz edən, haqqını tələb edən, məmur özbaşınalığına qarşı çıxan, xalqı oyanışa səsləyən fəallar; işsizlik və aclıqla sınağa çəkilərək dövlətin qayğı çatışmazlığından şikayət edən sadə vətəndaşlar. Çünki onlar analoqsuz inkişaf nağılının baş qəhrəmanlarının “şücaətlərini” puça çıxaran əsl qəhrəmanlardır.

Gözəl Bayramlı, Mehman Hüseynov, Əfqan Muxtarı, Fuad Əhmədli, Faiq Əmirli məmur harınlığını, kasıb xalq fonunda milyoner məmur həyatlarını, dövlətin məmurlar simasında yarıtmaz siyasətini, ölkədəki acınacaqlı vəziyyəti tənqid etdiklərinə görə şərlənərək həbs edildilər. Bu siyahını xeyli uzatmaq olar .Neçə-neçə gənc, günahsız fəal barmaqlıqlar arxasındadır bu gün. Günahları sübut olunmasa da, günahsızlıqları da təsdiq edilmir.

Bəs dövləti, xalqı, hakimiyyəti termit kimi yeyib bitirən “günahsızların”, əslində isə xalq düşməni adlandırıla biləcək günahkarların vəziyyəti necədir? Əksəriyyəti milyonçudur, nazirdir, icra başçısıdır, dövlət strukturunun rəhbəridir, dəbdəbəli həyat yaşıyan “toxunulmazdır”. Qarabağ müharibəsi şəhidinin ailəsinə ayrılan müavinəti ödəməyən “günahsız” hələ də azadlıqdadır, vətəndaş müavinətlərindən “pay” tutan əlini-qolunu sallaya-sallaya gəzir, günahsızlara hökm oxuyan “günahsız” iş yerindən çıxıb bahalı avtomabili ilə evinə gedir, büdcəni talan edənin övladı avtomabillə insan həyatına son qoyur və azadlıqdan məhrum edilmir və s. Elə bu siyahını da xeyli uzatmaq olar. Amma çi fayda. Mərhum Heydər Əliyevin sözlərindəki zərər bugün Azərbaycan dövlətinin dayaqlarını məhv edir və bu gedişlə məhv edəcək. Onun miras qoyduğu müasir Azərbaycan məmur əlində can verir, çünki günahsızı həbsdə məhv edilir, günahkarı isə Antalyada, Parisdə, Taylandda, Londanda dincəlir, mülklərə sahiblənir. Zərərin yarısından dönmək kardır deyib atalar, bəlkə dönəsiniz, cənablar?..