İnsan həyatı boyu ömrün azlığından narazılıq edib. Zaman-zaman alimlər, fatehlər, səyyahlar ölümsüzlük yolları axtarsalar da, nəticə hasil olmayıb.
Hind xalqının “Mahabharata” eposunda insan ömrünü 10 min ilə qədər uzadan “sirli şirə”dən söhbət açılır. Ancaq bu mayenin harada olduğu barədə məlumat verilmir. Qədim yunan tarixçiləri insanı hər zaman cavan saxlayan, ölümsüz edən “həyat ağacı”nın olduğunu iddia edirdilər.
Rus folklorunda da Buyan adasında insanı ölümsüz edən “canlı su” haqqında söhbət açılır. Fəqət bu günə qədər nə “sirli şirə”ni, nə “həyat ağacı”nı, nə də “canlı su”yu tapmaq bəşər övladına müyəssər olub.
Min illərdir insan ömrü uzatmağın yollarını axtarır. Makedoniyalı Isgəndərə belə ölümsüzlük iksirini tapmaq nəsib olmadı. Xristofor Kolumb qərbdə və Atlantik okeanında yeni torpaqlar kəşf edərkən, çoxları ümidliydi ki, insanı ölümsüz edən bir şeylə rastlaşacaq. Rastlaşmadı.
Tarixdə ölümsüzlük nəzəriyyələri mövcuddur. Platon və Sokratdan üzü bəri alimlər ölümsüzlüyün, əbədi həyatın yollarını arayırdılar və nəhayət ki, tədqiqatlar səmərəsini verdi. Bir müddət əvvəl Ingiltərənin məşhur “The Times” qəzeti Panama Dəniz Biologiyası institutunda alimlərin “Turritopsis nutricula” adlanan dəniz canlısının-meduzanın ölümsüz olduğunu kəşf etdiklərini dünyaya xəbər verdi.
Diametri 4-5 mm olan bu dəniz canlısı qocaldıqdan sonra yenidən cavanlaşır və bu proses əbədi davam edir. Meduza ölümsüz olan yeganə canlıdır və indi mütəxəssislər bu kiçik varlığın ölümsüzlüyünün səbəblərini araşdırırlar. Məqsəd insanın ömrünü uzatmaq və onu ölümsüz etməkdir.
5 il, 10 il, 50 il artıq yaşamaq üçün insan nələrə əl atmayıb. Yoqların sirlərini öyrənib, vegetarian pəhrizə keçib, Tibet dağlarına üz tutub, qədim Çin təbabətindən bəhrələnib, Çjunli Tsyuan və Lyuy Dunbin nəzəriyyəsini oxuyub, fəqət tək-tük adamın yaşı iki yüzə çata bilib. Genetiklər, tibb alimləri insanın 200-300 il yaşamasının mümkünlüyünü hər zaman dilə gətirsələr də, konkret bir resept ortaya qoya bilmədilər…
Panamada ölümsüz meduzanın kəşfindən sonra çox yaşamaq arzusunda olanların ümidləri yaman artıb. Bir fransız qəzeti yazır ki, ölümsüz meduzanın kəşfindən alimlərdən çox zəngin insanlar sevinirlər. Bəzi ərəb milyarderləri artıq şəxsi həkimlərini Panamaya göndəriblər. Bu ölkənin Dəniz Biologiyası institutu ilə ən çox maraqlanan, tədqiqat proseslərini diqqətdə saxlayan da zənginlərdir.
Başadüşüləndir. Şəxsi sərvətləri milyardlarla ölçülən ərəb şeyxləri, müsəlman dövlət başçıları nədən min, iki min, beş min il yaşamaq fikrinə düşməsinlər ki? Haram yolla topladıqları min illərə bəs edən nə qədər müsəlman milyarder mövcuddur.
Ərəb və digər müsəlman milyarderləri bir yana, bizim milli harınlar neçə min il üçün tədarük görüblər. Tutaq ki, sabah meduzanın ölümsüzlüyünün səbəbləri sübut olundu və elə bir dərman icad edildi ki, qəbul edənin həyatı bir il cavanlaşacaq. Deyək ki, o dərmanın dəyəri də oldu bir milyon dollar.
Hesablayın görün, bizdə neçə harın 1000 ilin dərmanını almaq iqtidarındadır. Neçə nazirimiz ömrünü 300 il, 500 il artıra bilər. Rüşvətxor icra başçıları, polis rəisləri, hakimlər ömürlərinə nə qədər əlavə edə bilər? Qoy özləri hesablasınlar.
Necədir cənab haramzadələr, xoş müjdədirmi?
Diqqətinizi Panamaya yönəldin. Yüz illərlə yaşamaq şansınız var. Bunun üçün tədarük görün, bu millətin dərisini soyun, qanını için. Dövlət və qanun bir yana, nə Tanrıdan qorxun, nə də insanlığa hörmət qoyun. Var gücünüzlə sərvət toplayın. Irəlidə Panamaya yolçuluğunuz olacaq.
Panamaya kimlər gedəcək? Bəlkə də gedənlər var…