Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Başqa “mast”lar da var, təbii, amma onların hamısı barədə izahatın Ilhamın cığallıqlarına dəxli yoxdur.
Ilhamın növbəti şıltaqlığı isə əndazəsiz idi. Həm də çox orijinal idi. O, zənci istəyirdi. “Neyləyirsən zəncini, a bala, gözünə soxacaqsan?”
Amma yox, təkid edirdi: “Niyə başqalarında var, amma bizdə yoxdur? Bizdə də olsun. Xahiş edirəm”.
Başqa yol qalmırdı. Günün 12 saatı bu zənci istəklərinə qulaq asmaqdansa, bir dənə zənci tapıb ona vermək lazım idi ki, iniltisini kəssin.
Ağası müəllimlə növbəti təmas zamanı kamera əhalisinin adından ona bu xahişi çatdırdım. “Növbəti təmas” deyəndə ağlınıza başqa şey gəlməsin, mənim həbsxana rəhbərləri ilə görüşümün qrafiki-zadı yox idi və onlarla özəl görüşlərim də ola bilməzdi. Sadəcə, kameradan çıxıb vəkillə görüşə gedəndə (mənim vəkillərim çox idi və onların haqqında xüsusi olaraq bəhs edəcəyimi yadıma salın), xarici komissiyalar gələndə, məhkəməyə gedib-gələndə türmə rəhbərliyini istər-istəməz görürsən. Ağası müəllim təəccüblə üzümə baxdı:
– Nə?
– Zənci.
– Zəncini neyləyirsiz orda?
– Heç nə. Kamerada hər rəng adam var, zənci niyə olmasın?
– Necə yəni, hər rəng adam var?
– Yəni, hər xasiyyətdə. Türmədə axı, zəncilər var. Bizim kamera nümunəvi, səssiz-küysüz, problem yaratmayan bir kameradır. Oradan nə zamansa heç bir şikayət eşitməmisiz. Buna görə də bizim zənci istəyimizi niyə rədd eləməlisiz ki?!
Iki gün sonra nəzarətçi qapını açıb məni çağırdı. Korpusun qarşısında Ağası müəllim və bir nəfər də zənci durmuşdu. Zəncinin əlində iri bir zənbil, qoltuğunda isə zənbilə yerləşməyən başqa zir-zibil vardı. Ağası müəllim başının işarəsi ilə zəncini göstərdi:
– Bunu təhvil alın və zəhləmi tökməyin. Birinci dəfədir ki, belə xahiş eşidirəm. Zənci! Işimə-gücümə bax…
O, deyinə-deyinə uzaqlaşdı. Mən də zəncini götürüb kameraya gəldim.
Ilham zəncini görən kimi tullanıb-düşdü, az qaldı, onu bağrına basıb duz kimi yalasın, amma zəncinin əvəzinə məni qucaqladı. “Sağ ol eee, Hacı, bir dənəsən!”
Hamı kameradaydı. Yalnız Tovuzlu Gündüz məhkəməyə aparılmışdı. Gündüz də zatən orijinal adam idi. Sakit-sakit, ciddi-ciddi danışardı, amma onun danışığından adam uğunub düşərdi. Sonra da maddım-maddım baxıb, “Bunlar nəyə gülürlər? Hələ bir bu mayıf olmuşa bax!” – deyib başını yırğalardı.
Ilham dərhal təklif etdi ki, zəncidən Gündüz üçün sürpriz düzəltmək lazımdır. Necə, nə təhər, bunu da xeyli götür-qoy etdik və qərara gəldik…
Gündüz Bakının rayonlarının birində vergi idarəsi ilə əməkdaşlıq edirmiş. Əməkdaşlıq deyəndə ki, maklerlik. Belə bir bağlı servisin olduğunu mən də bilmirdim, amma Rafiq bilirdi. Hər halda, o, şəhər uşağı idi, əlini atmadığı yer qalmamışdı və görünür, nə zamansa vergilərlə də “alveri” olmuşdu. Bu işin özəlliyi bundan ibarətdir ki, vergiyə işi düşən adam tapırsan, sonra da əməkdaşlıq etdiyin vergi işçisinin yanına gətirirsən. Onlar məsələləri öz aralarında həll edirlər, sənə də faiz verirlər. Gündüz deyirdi ki, idarənin birinci mərtəbəsində onun hətta bir stolu da varmış. Problemi olan vətəndaşın sənədlərinin sahmana salınmasına da yardım edirmiş və buna görə də onu yalnız “makler” adlandırmaq doğru deyil: “Orada elə qoyunlar işləyir ki! Bəzilərinin adi kağız-kuğuzdan da başı çıxmır”.
Günlərin birində Gündüzün əməkdaşlıq etdiyi vergi məmuru kimlərinsə qəzəbinə tuş gəlir və kitabı bağlanır: Korrupsiyaya Qarşı Mübarizə Idarəsi əməliyyat planlayır və bu əməliyyat zamanı Gündüz də əməliyyatçıların caynağına keçir, həmin vergi məmuru da. Iş vergi məmurunun başında çatlayan işdir, Gündüz burada yolüstü Bayıla atılmış adamdır. Əgər həmin məmur pulunu verib çulunu sudan çıxarmağı bacarsa, deməli, Gündüzün çuluna heç su dəyməyəcək. Yox, onu dərinə atmaq lazım gəlsə, deməli, Gündüz də getdi… Amma Gündüzün məmuru sıyıq adammış. Ittiham aktına baxanda görünürdü ki, yazıq Gündüz yaxasını cırıb bunların heç bir qanunsuz əməl sahibi olmadıqlarını iddia edir, vergi məmurundan aldığı 20-30 manatı borc olaraq götürdüyünü iddia edir, məmur isə ittihamın versiyasını tutuquşu kumu təkrar edir. Gündüz deyinirdi: “Yaramazın biri yaramaz! Qarnını stola dirəyib oturanda elə bilirdin, alçaq dağları bu yaradıb, yerin-göyün yiyəsidir! Balaca bir müstəntiqin qabağında siçan deşiyi axtarır…”
Axşam məhkəmə “etapı” qayıdanda dərhal əl-ayağa düşdük. Qabaqcadan razılaşdığımız kimi hamı “sever”ə (deyəsən, burada tualetə “sever” deyildiyini yazmamışam) doluşdu – 70×60 sm. ola biləcək balaca bir tualetə 5 nəfər! Mən çarpayımda oturub kitab oxumağa başladım. Zənci Nik baş tərəfdəki çarpayıda oturub yayxandı və kürəyini divara söykədi. Qapı şaqqaşaqla açıldı. Gündüzün həmişə gülümsəyən çöhrəsi qapının açdığı yarıqdan kameraya nur səpməyə başladı. Onun arxasında dayanıb kameraya göz atan nəzarətçinin sifətindən isə içəri qaranlıq bir zolaq axdı. Kamerada iki nəfərdən başqa heç kim yox idi! Nəzarətçi dəli olmağa başlayan adam kökünə düşdü. Gündüzlə bərabər “camaat hanı?” sualını səsləndirdi. Gündüzün ötəri çaşqınlıqla, mehribancasına səslənən sualı nəzarətçinin zəhrimar yağan, çığırtıya bənzər sədasının içində əriməsəydi, o çığırtıdan adamın zəhri yarılardı. Gündüz bir addım içəri, nəzarətçi isə bir addım geri sıçradı. Hər ikisi burada bir yaramazlığın olduğunu zənn etdi: Gündüz Ilhamın hansısa hoqqasının, nəzarətçi isə kütləvi qaçışın olduğunu düşündü, hər halda.
Bu ziddiyyətli reaksiyalar nə mənim vecimə oldu, nə də Nikin. Nik bir az da yayxanıb, birtəhər başa saldığımız sözləri özünəməxsus şirinliklə təkrar etdi: “Axşamın xeyir, Gündüz”.
Gündüz, “Axşamınız xeyir”, – deyib içəridə döyükməyini davam etdirirkən nəzarətçinin çığırtısı da öz işini gördü. O biri nəzarətçi və starşina Sahib hövlnak özlərini “123″ün qarşısına atdılar. ”Hanı camaat?” – starşina bağırdı. Mən tövrümü pozmadan: “Çıxın, bunlar bu dəqiqə Ədliyyə nazirini də çağıracaqlar”, – dedim.
Uşaqlar bir-bir tualetdən çıxdılar. Onlar çıxdıqca hələ həyəcanı ötməmiş starşina bir-bir saymağındaydı: “Beş,.. altı, yeddi, səkkiz! Bağla qapını. Müəllim, bağrım çatlamışdı”.
Ardı var