«Azərbaycan Beynəlxalq Bankı (ABB) rəsmi dövlət bankıdır, böyük maliyyə kapitalına nəzarət edir. Hakim ailə ölkəyə xarici bankları buraxmamaqla bu və özünə yaxın digər bankların əli ilə xalqa yüksək faizlə kreditlər verərək milyardlar qazanıb».
Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Beynəlxalq Bank ətrafındakı durumu Azadlıq Radiousuna dəyərləndirərkən bildirib.
AXCP sədri bankın 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etməsini sıradan bir hadisə saymır.
Ə.Kərimli deyib ki, bu bank faktiki tar-mar edilib. İrihəcmli kredit adı ilə götürülən vəsaitlər hakim ailənin ətrafındakı şirkətlərə verilib: «Belə çıxır ki, milyardlarla vəsaiti uzun illər bizlər və övladlarımız ödəməli olacağıq».
Ə.Kərimli xatırladıb ki, bankın keçmiş rəhbərliyi ilə bağlı gedən məhkəmə prosesində onların 5 milyard dollar vəsaiti ofşor hesablara köçürdükləri bəyan edilib: «5 milyard dollar az vəsait deyil. Bu, dövlət bankıdır. Ölkə rəhbərliyinin xəbəri olmadan bu qədər vəsaitin kənara çıxması mümkün deyil. Əgər olubsa, deməli, bundan ölkə rəhbərliyinin xəbəri olub».
ADLAR AÇIQLANSIN
AXCP sədri hesab edir ki, bank çətin duruma düşsə də, ətrafında qaranlıq məqamlar hələ də qalmaqdadır. Onun fikrincə, əsas məsələ irihəcmli kredit götürən şirkətlərin adlarının ictimaiyyətə açıqlanmamasıdır: «Adamları 10-15 min manat krediti qaytara bilmədiyinə görə sıxırlar, inzibati cəzaya məruz qoyurlar, intihar həddinə çatdırırlar… Amma milyardlarla vəsaitləri mənimsəyənlərin adları belə ortaya gəlmir».
Ə.Kərimli vurğulayıb ki, kreditlər verilərkən daşınmaz əmlakların girov qoyulduğu məhkəmədə açıqlanıb: «Həmin əmlaklar satılaraq bankın borclarının ödənməsinə yönəldilməlidir. Hərraclarda belə əmlakların satılmasının şahidi olan yoxdur. Odur ki, bu bankın ətrafında baş verənlər hakimiyyətin korrupsiyalaşmasının göstəricisidir».