Vəkillərin çoxsaylı vəsatətləri təmin olunmadı
Növbəti proses iyunun 1-də – Faiq Əmirlinin ad günündə keçiriləcək
Bu gün Səbayel Rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə “Azadlıq” qəzetinin direktoru Faiq Əmirliyə qarşı başlanmış cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında Faiq Əmirlinin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov çoxsaylı vəsatətlər verib. Prosesin daha böyük zalda keçirilməsi, təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxarılıb müdafiəsinin daha effektiv qurulması üçün vəkillərlə bir yerdə oturması, Faiq Əmirlinin ev dustaqlığına buraxılması, heç bir sübut olmadığından cinayət işinə xitam verilməsi, audio və video çəkilişlər aparmaq üçün jurnalistlərə şərait yaradılması və s. Dövlət ittihamçısı heç bir əsaslı səbəb göstərmədən bir cümlə ilə bütün vəsatətlərin rədd olunmasını istəyib. Qısa müşqavirəyə gedən hakim vəsatətlərin heç birini təmin etməyib.
Vəkil Aqil Layıcov Faiq Əmirliyə qarşı ittihamların qondarma olduğunu, prokurorluğun bu işi sübuta yetirə bilmədiyini deyib. Ötən il avqustun 20-də saxlanılan Faiq Əmirli həbs ediləndə əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. Ancaq bu ittihamların perspektivsiz olduğunu görən Prokurorluq daha sonra ona yeni ağır ittihamlar irəli sürüb. Bu dəfə ittihamlar Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddədən (vəzifə səlahiyyətindən sui-istifadə) ibarət olub.
Vəkilin sözlərinə görə, Faiq Əmirlinin həbsiylə bağlı Avropa Məhkəməsinə göndərilən şikayətə prioritet qaydada baxılması və işin icraata götürülüb kommunikasiya başlanmasından sonra Faiq Əmirliyə qarşı irəli sürülmüş bəzi ittihamlar götürülüb. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. A.Layıcov ittiham tərəfinin Faiq Əmirlini “niyyətinə” görə məhkəməyə verməsini absurd adlandırıb. Azərbaycan tamaşaçılarına yaxşı tanış olan “Yuxu” filmini xatırladıb. Həmin filmdə əsas personajlardan biri polis rəisinin qızını yuxusunda qaçırdığı üçün həbsə atılır. Vəkil Azərbaycan məhkəmələrinin də belə bir biabırçılığın iştirakçısı olmasını istəmədiyini deyib və prosesi elə ilk iclasdaca yekunlaşdırmağı xahiş edib. Bundan başqa bir neçə yazılı və şifahi vəsatətlər versə də, onların heç biri təmin olunmayıb. Vəkil Fəxrəddin Mehdiyev də həmkarının dediklərini müdafiə edib və əlavə vəsatətlər verib. Dövlət ittihamçısı yenə də vəsatətlərə qısa münasibət bildirib və onların təmin olunmamasını istəyib.
Hakim fasilə elan edərək müşavirəyə gedib. 1 saata yaxın çəkən müşavirədən qayıdan hakim tutarlı əsas gətirmədən vəsatətlərin rədd olunduğunu bildirib, hazırlıq iclasının baş tutduğunu deyib və növbəti prosesin iyunun 1-də saat 11.30-da keçiriləcəyini elan edib.
İyunun 1-də Faiq Əmirlinin ad günüdür.