ABŞ Konqresində ilk dəfə olaraq “impiçment” sözü səsləndi
“The Independent” yazır ki, ABŞ Konqresindəki respublikaçılar özlərini Donald Trampın impiçment oluna biləcəyi varianta hazırlamağa başlayıblar.
Son xəbərlərə görə, Tramp FTB-nin keçmiş direktoru Ceyms Komeydən keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnin Rusiya ilə əlaqələrini araşdıran təhqiqatı dayandırmasını xahiş edib. Bu isə artıq ədalətin qarşısının alınması deməkdir və cinayət əməli hesab olunur.
Respublikaçı konqresmen Castin Amaş “The Hill” qəzetinə deyib ki, əgər Trampın FTB direktoru Komeyə təzyiq göstərməsi xəbəri doğrudursa, impiçment prosesinə başlanmalıdır.
CNN-ə müsahibəsində respublikaçı konqresmen Karlos Kurbelo cənab Trampın iddia olunduğuna görə Komeyə göstərdiyi təzyiqi, keçmiş prezidentlər Riçard Nikson və Bill Klintona qarşı impiçment prosesinə səbəb olmuş vəziyyətə bənzədib.
O deyib ki, Niksonla bağlı yaranmış vəziyyətdə və Klinton işində ədalətin qarşısının alınması impiçmentlik əməl hesab edilmişdi.
Bu iki konqresmen Trampın kəskin tənqidçiləridir və seçkidə ona səs verməyiblər.
Məqalədə deyilir ki, respublikaçıların impiçment məsələsini götür-qoy etmələri Trampla bağlı son qalmaqalın yaratdığı şimşəyin gücünü göstərir.
“New York Times” qəzetinin yazdığına görə prezidentin cənab Komey-ə məktubunda deyilirdi: “Ümid edirəm ki, siz bu işin bitirilməsi yolunu görürsünüz, Flinnlə əlaqədar işin”.
Cənab Komey tərəfindən yazıldığı xəbər verilmiş memodan belə görünür ki, Tramp öz adamları ilə Rusiya arasındakı əlaqələrə dair təhqiqatın gedişinə təsir göstərmək istəyib.
Hazırda Tramp komandasının Rusiya ilə bağlarına dair araşdırma və Flinn-Moskva əlaqələri ayrı-ayrılıqda araşdırılır.
Cənab Flinn ötən fevralda Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla öz arasında olan söhbət barədə vise-prezident Mike Pence və başqa rəsmilərə yanlış məlumat verdiyi bəlli olduqdan sonra istefa vermişdi.
Qəzet yazırdı ki, cənab Komey Trampla Flinnin istefasının ertəsi günü baş vermiş görüşünün təfərrüatları barədə memo yazıb.
Ağ Ev isə iddia edir ki, həmin memo Tramp və Komey arasındakı söhbəti düzgün əks etdirmir.
Putin Trampa pul ödəyirmiş?
“The Telegraph” qəzeti isə yazır ki, respublikaçı liderlərdən Kevin Makkarti praymerilər zamanı etdiyi şəxsi söhbətlərdən birində “Putinin Trampa ödənişlər etdiyini” deyib.
2016-cı ilin iyun ayına aid səs yazısında Kevin Makkarti deyib ki, “Putin Trampa pul ödəyir”. Bu barədə məlumatı “The Washington Post” qəzeti verib.
Bu səs yazısında o zaman Nümayəndələr Palatasında ən yüksək vəzifəli respublikaçı olan cənab McCarthy deyib ki, namizəd Tramp Rusiya prezidenti tərəfindən maliyyələşdirilir.
“Məncə Putinin pul ödədiyi iki adam var: Rohrabacher və Tramp” – deyib Kaliforniyadan respublikaçı konqresmen McCarthy. Onun 2016-cı il 15 iyunda dediyi bu sözlər yazılıb və “The Washington Post” həmin səs yazısına qulaq asdığını təsdiqləyir.
Dana Rohrabacher kaliforniyalı respublikaçıdır və Konqresdə Putin və Rusiyanın qızğın təəssübkeşi kimi tanınır.
Respublikaçı spiker Paul Ryan bu söhbəti yazanlardan onu sızdırmamağı xahiş edibmiş.
“The Washington Post” cənab McCarthy-nin adamları ilə əlaqə yaradıb, lakin onlar bu söhbətləri inkar ediblər.
Amma söhbətin lent yazısının olduğunu biləndə, onlar bunun “zarafat” olduğunu deyiblər.
İvanka atasının əvəzinə hökumət iclası keçirir
“The İndependent” qəzetində dərc olunmuş başqa bir məqalədə deyilir ki, Trampın qızı Ağ Evdə konqresmenlərlə keçirilən iclasa atasının əvəzində sədrlik edib.
Həmin vaxt Donald Tramp Konnektikutda Sahil Qvardiyası Akademiyasının məzunları qarşısında çıxış etmək üçün getmişdi.
Bu iclasda insan qaçaqmalçılığı ilə mübarizə məsələləri müzakirə edilirdi.
Lakin İvanka Trampın administrasiyada artmaqda olan rəsmi rolu siyasi dairələrdə yeni söz-söhbətə səbəb olub.
İvanka vaxtilə CBS News telekanalına müsahibəsində “yalnız atasının qızı” olacağını vəd etmişdi.
Bundan daha əvvəl İvanka Tramp bir neçə beynəlxalq forumlarda iştirak edib və dünya liderləri ilə görüşüb.
Tramp bu barədə sual verənlərə cavab olaraq demişdi ki, qızı hökumət işlərində iştirak etsə də, maaş almır.
Tramp jurnalistlərin damlanmasını da istəyibmiş
“The Guardian” qəzetinin ABŞ müxbiri və Mətbuat Azadlığı Fondunun icraçı direktoru Trevor Timm-in məqaləsində də söhbət Donald Trampdan gedir.
Onun fikrincə, Donald Trampın FTB-nin direktorunu istefaya göndərməsi xəbəri mətbuatda o qədər geniş müzakirə olunur ki, başqa bir “bomba xəbər” diqqətdən kənarda qalıb.
“New York Times” qəzetinin məqaləsinə görə, Tramp Komeyə məxfi informasiyaları dərc edən jurnalistləri həbs etməyi tapşırıb.
Washington Post dəfələrlə yazıb ki, Trampın Komeyni işdən azad etməsinə səbəb, onun administrasiyadan sızdırılan məlumatlarla daha aqressiv mübarizə aparmaqdan imtina etməsi olub.
Bu da xəbər verilir ki, deyilənlərə görə, Tramp hətta qeyri-məxfi informasiyaları dərc edənlərin də təqib olunmasını istəyib.
Timm yazır ki, hakimiyyətə gəldiyi gündən Tramp məlumat sızmalarından narahat olduğunu göstərib.
Bu da təsadüfi deyil, çünki Trampın bir çox siyasətlərinin qarşısını məlumat sızmaları alıb.
O Michael Flinni özünün yalanını çıxartdığına görə işdən kənarlaşdırb. Tramp İrana qarşı siyasətini də qəzet yazılarına görə dəyişməli olub.
Müəllif qeyd edir ki, Trampın mətbuat azadlığının üstünə belə hücum çəkməsi çox təhlükəli tendensiyadır.
Jurnalistlər izlənmə və təqiblərə məruz qalanda bunun zərərini təhqiqat jurnalistikası çəkir.
“Lakin jurnalistlərin mühakimə olunmasına çağırış misli görünməmiş təşəbbüsdür və Amerika ictimaiyyəti bundan riqqətə gəlməlidir” – yazır Timm.
Timm yazır ki, xoşbəxtlikdən Amerikada jurnalistlərə qarşı istifadə olunacaq böhtan qanunları yoxdur, lakin Tramp yüz illik tarixi olan əcaib “Casusluq Haqqında Qanundan” istifadə edərək məxfi məlumatları yazan jurnalistlərin mühakiməsinə çalışa bilər.
Məqalədə deyilir ki, “Casus qanunu” açıq-aşkar qeyri-konstitusiya qanunudur və buna görə də Ədliyyə Nazirliyi bir qayda olaraq ondan mətbuata qarşı istifadə etmir. Bu qanunu çoxları oxumaylıblar. Lakin oxuyanlar dərhal başa düşərlər ki, jurnalistlər demək olar hər gün bu qanunu pozurlar. Bu qanun nəinki yazan qəzeti, hətta onu oxuyanı da cəzalandıra bilər.
Lakin ən qəribəsi budur ki, Tramp cənab Komeyni məlumat sızmaları ilə aqressiv mübarizə aparmadığına görə işdən qovub, amma onun bu hərəkəti məlumat sızmalarını sel daşqınlarına çevirib.