Bu ölkədə nə baş verir? Gerçəkdənmi orta əsrlərə qayıdırıq? Bu gün əksər xəbər saytları bu xəbəri veriblər: “Vətənə xəyanətdə günahlandırılan Tərtər rayon sakini… cəsədini kənd qəbirstanlığında basdırılmasına icazə verilməyib”.
Vətənə xəyanət ən ağır cinayətdir. Cəzası ağır olmalıdır. Vətənə həqiqətən xəyanət edənlərə qarşı ictimai nifrət də olmalıdır. Ancaq bir durun, isterikanı kənara qoyun, düşünün. Adamın məhkəməsi belə olmadan xəyanətkar olduğunu kim müəyyən etdi?
Mənim konkret şəxs haqqında heç bir məlumatım yoxdur. Bәlkə də deyildiyi kimi, xəyanətkardır. Ancaq bəlkə deyilsə? Bəlkə həmin şəxs tələb olunan ifadəni vermədiyi üçün işgəncə ilə öldürülübsə?
Bəs təqsirsizlik prezumpsiyası harada qaldı? Məhkəmə qərarı olmadan bir insanı necə cinayətkar saya bilərsiniz? Başa düşürsünüz ki, biz 21-ci əsrdə yaşayırıq, Avropa Şurasına üzv olan dövlətik?
Kimdir məhkəmə qərarı olmadan adamların vətənə xəyanət etdiyi hökmünü verən? Vətənə xəyanət etmiş kimi təqdim edilən adamı kim, necə, hansı şəraitdə öldürüb? Susmaqla ört-basdır ediləsi məsələ deyil. Hakimiyyət baş verənlərlə bağlı təcili izahat verməlidir!