Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Bayıl türməsində ümumi vəziyyətə nəzarət edən Səməd adlı bir Sumqayıt cibgiri idi. Cibgirlik hörmətli işlərdən sayılır, ən azı ona görə ki, öz psixoloji testləri olan işdir, davamlı olaraq qəbul edilən kriminal yoldur. Dərinə getsən, bütün maddələrin söhbəti ola bilər, amma bunu kimsə etməz ki! Əsas məsələ budur ki, həbsxana icmasının ümumi kurallarına hansı səviyyədə uyğunlaşırsan və ümumi işə nə dərəcədə faydalı ola bilirsən. Təbii, zorlama maddəsi istisnadır. Eləcə də özü ilə “dustaq” gətirən, azadlıqda olduğu zaman polislərlə əməkdaşlığı şübhə doğurmayan adamların yeri bəllidir. Eyni zamanda, adam ən hörmətli maddələrdən biri ilə, məsələn, ev oğurluğu və ya namus üstündə tutulub içəridə min hoqqadan çıxarsa, cinayətkar iyerarxiya onu yerində oturtmaq üçün imkan və vasitələr tapır.
Bu qəbildən olan məsələləri nizamlamaq da vəziyyətə nəzarət edənin missiyasına daxildir. Buna görə də vəziyyətə nəzarət etmək – mövcud həbsxananın daxilində nəzarət şəbəkəsinin mövcudluğunu şərtləndirir. Bayıl türməsində və bütün başqa türmələrdə, bu, ümumi qayda üzrə həll edilir: hər bir korpusun və hər bir kameranın öz “smotryaşşi”si olmalıdır. Bu şəbəkə həbsxanada olub-bitənlər, o cümlədən, ümumi qaydalara nümayişkəranə şəkildə əməl etmək istəməyənlər, öz yerini bilməyənlər, “bespredel”lər, yəni hansısa mübahisələri güc hesabına həll etməyə üstünlük verənlər, həbsxana əməkdaşları ilə şübhəli münasibətlər və ya açıq əməkdaşlıq… kimi davranışları şifahi informasiya bankında toplayır, zəruri hallarda yazılı izahatlarla əsaslandırır və ümumi vəziyyətə nəzarət edən şəxsin sərəncamına təqdim edilir. Bu məlumatlar aid olduğu şəxslə birlikdə, onun heç xəbəri olmadan, getdiyi zona çatdırılır. Təbii, bu, türmədə olan hər kəsi əhatə etmir, xüsusilə o adamlara aid olur ki, onların haqqındakı xəbər zonda hansısa əhəmiyyət daşıya bilər. Adam ya həddən artıq yaramaz ola bilər, ya sadəcə, xeyirxahlığı ilə tanınmış ola bilər, ya mübahisəsi türmədə həll edilib son fitvası verilmiş birisi ola bilər və s. Amma sıradan dustaqlar haqqında da istənilən zaman istənilən qədər informasiya toplamaq mümkündür. Istəyənlər bunu hər zaman edə bilərlər.
Bayıl türməsində Səmədin bu işin öhdəsindən hansı səviyyədə gəldiyini deyə bilmərəm. Açığı, ilk növbədə ona görə ki, mən bu proseslə o qədər də dərindən maraqlanmırdım. Ikincisi, obyektiv çətinlik vardı, çünki 5-ci korpus, dustaqların başqa cür – “Ölüm korpusu” adlandırdığı bu yer türmənin özündən də təcrid edilmişdi, nəinki cəmiyyətdən.
Sadəcə, onu deyə bilərəm ki, cibgirlərin dünyasında “Səməd” adı, eyni zamanda, bütün cibgirlərə verilən ümumi addır. “Bayıl türməsində vəziyyətə Səməd nəzarət edir” xəbərini eşidəndə də ilkin olaraq ağlıma konkret Səməd adlı bir adam yox, hansısa cibgir gəldi. Amma bizim kameradakı Rafiq dərhal yerindən dikəlib: “Aaa, nə gözəl, mən onu tanıyıram! ”Qorotdel”ə eyni vaxtda aparılmışıq və orada izolyatorda bir yerdə olmuşuq”, – dedi. Rafiq bu həyəcanı elə izhar etdi ki, sanki əmisi oğlu nazir vəzifəsinə təyin edilibmiş. Bu qədər həyəcanlanmağa ehtiyac yox idi. Ən azı, hətta mən də bilirəm ki, türmədə avtoritetli bir tanışın olması daimi təminat deyil. Ən nüfuzlu bir tanışın da adama, uzağı bir neçə dəfə xeyri dəyə bilər, ona görə “keçə bilərlər”, amma sonradan, bu, əlavə ittihama çevrilər. Hətta birinci dəfə keçiləndə belə, artıq bir ittiham var deməkdir. Türmədə sənin səhvini kimə görəsə “keçirlərsə”, bu, yaxşı vəsatət deyil. Yaxşı kişinin hər zaman keçəcəyi olmalıdır, amma yaxşı oğlana da özünə görə keçərlər. Bunu da qulağınızdan sırğa eləyib asın!
Türmə təqvimi ilə Səməd vəziyyətə nəzarəti götürəndən bir müddət sonra bizim korpusdakı qonşu kameraların birinə ilkin məhkəmə hökmünü alan və Apelyasiya Məhkəməsini gözləyən Müşfiq Hüseynov gəldi. Müşfiq “Bizim yol” qəzetində işlədiyi dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun toxuduğu bir torbaya düşərək tutulmuşdu; əməliyyatı MTN keçirmişdi. Müşfiqə 6 il iş kəsmişdilər və indi burada Apelyasiya Məhkəməsinin bu qərarı təsdiq edəcəyini gözləyəcəkdi ki, çıxıb bölgü üzrə düşdüyü zona getsin. “Çıxıb getsin” burada şərti ifadədir. Yəni, “Bayıldan çıxıb başqa həbsxanaya getsin”. Yoxsa, onu kimsə buraxmaz ki! Hər adamı MTN tutmur və hər adama 6 il iş vermirlər.
Müşfiqi bu arada xatırlamağım həm də ona görə yerinə düşürdü ki, o, Bayıl türməsindəki ikinci korpusda qaldığı müddətdə kamerada “smotryaşşi” olmuşdu. Bunu Müşfiq bizim korpusa gələnə qədər də eşitmişdim. Bu o deməkdir ki, hətta jurnalistlər də cinayətkar elitada özlərinə yer tapa bilirlər və o elitaya düşmək üçün anadangəlmə cinayətkar olmağa ehtiyac yoxdur. Şəxsin həbsxanaya düşənə qədər əlində olan tərcümeyi-hal göstəriciləri cinayətkar aləmin təbirinə görə inkar edilən detalları birikdirmirsə, o, bu iyerarxiyada yer tuta bilər. Bu detallar nədən ibarətdir?
Darıxmayın və tələsməyin. Biləcəksiniz. Mən hələ məhkəməyə çıxarılan ərəfədəyəm, qarşımda uzun dustaqlıq həyatı var və bu bilgiləri sizinlə birlikdə yaşayacağıq…
“Mənim kameram” da Bayıldakı bir çox kameralar kimi narkomanların xüsusi çəkisinin artıq olduğu yerdir. Kamera şəraitində, narkotikdən uzaq olduqları müddətdə onlar öz köhnə günləri barədə danışmaqdan ləzzət alırlar. Bu ləzzəti uyuşdurucunun virtual təəssüratındanmı, peşmançılıqdanmı alırlar, şeytan da baş açmaz. Onlar uzun-uzadı, narkotik maddəni haradan və necə ələ keçirdikləri, ilk dəfə onu necə sınaqdan çıxardıqları, narkotik axtarışları zamanı başlarına gələn gülməli və ya yarımfaciəli əhvalatlar danışırlar. Hətta faciəli əhvalatlar da olur: ailə necə dağılır, dağılmasa belə, narkoman ailənin lazımsız predmetinə necə çevrilir və bu çevrilmə ailənin ümumi dəyərlərini necə aşındırır…
Şübhəsiz təəssürat bundan ibarətdir ki, bu faciədən yaxa qurtarmaq çox çətindir, mümkün görünməyəcək qədər çətindir.
Narkomaniya yalnız ona görə təhlükəli deyil ki, narkomanın öz fəlakətli vərdişindən əl çəkməsi mümkün görünmür. Həm də ona görə təhlükəlidir ki, narkoticarət daim genişlənməkdə olan, genişlənməməsi təsəvvür edilməyən bir bazardır. Bu, mafiya təsərrüfatıdır, yalnız irəliyə doğru yolu tanıyır. Narkoticarətdən qopmaq da narkomanlıqdan qopmaq qədər çətindir. Buna görə də narkomanları tutub həbsxanaya atmaq narkomaniyaya qarşı mübarizənin ən effektsiz vasitəsidir…
ardı var