“Binə”nin şefi “Eurovision”a görə sahibkarlardan 16 milyon 800 min manat pul yığıb
İşıq pulu da qaldırıldı, hər lampa üçün 5 manat “tas” qoyuldu
“Binə” Ticarət Mərkəzində vəziyyət günü-gündən gərginləşir. İşıq, “kupça”, yer haqqı problemi sahibkarların halını sona çatdırıb. Dükan kirayə edənlər bir neçə dəfə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın qəbuluna getsə də heç bir nəticəsi olmayıb. Bazarın rəhbəri öz inadında dönməyib…
Ya 5 min manat ödəməlisən, ya da
“Binə” bazarına gedib narazı sahibkarla görüşüb, problemlərini öyrəndik.
Sahibkarlar deyirlər ki, Kəbirə Məmmədova icarədarlardan 5 min manat pul tələb edir. “Binə”nin şefi bunu “Eurovision”la əlaqələndirir: “Deyir ki, “Eurovision”a xeyli pul xərcləmişik, ona görə də hərəniz 5 min manat verməlisiniz. Kim verməyəcəksə, dükanı bağlayıb, çıxıb getsin. Həmçinin onu da bildirir ki, guya pulun əvəzində bizə “kupça” verəcək. Halbuki, bazarın inşa edildiyi ərazi onun şəxsi mülkiyyəti deyil. Yəni, bu üsulla istəyir ki, tələb etdiyi pulu asanlıqla alsın”.
Dükan sahiblərindən 5 min manat almasından ən böyük zərbəni mağaza icarəyə götürənlər alır. Belə ki, dükan sahibləri 5 min mnat verdiyi üçün kirayə haqqını 300-500 manat qaldırır.
“O gün bir sahibkara dedilər ki, 5 min manatı verməsən, dükanın bağlanacaq. Həmin sahibkar iranlı tacirə 5 min malı bir manatadn dəyər-dəyməzə satdı ki, pulu ödəyə bilsin. Vəziyyət bu qədər acınacaqlıdır”.
Kiçik bir hesablama apararaq sahibkarlardan yığılan pulu hesabladıq. “Binə” bazarı 14 sıradan ibarətdir. Hər sıra 5 korpus var. Bu 70 korpus elədi. Hər korpusda isə 48 dükan fəaliyyət göstərir. Bunun cəmi 3360 dükan elədir. 3360 dükanın hər birindən 5 min manat alınanda bu 16 milyon 800 min manat edir.
Sahibkarlardan onu da öyrəndik ki, Kəbirə Məmmədova iki mərtəbəli dükan sahibindən 1050, bir mərtəbə mağazası olandan isə 950 manat yer haqqı alır. Orta hesabla 1000 manat götürsək hər ay 3 milyon 360 min manat (3360 dükandan – R.D) yer pulu yığılır.
Mağazanın yer pulunu ancaq verə bildiyini qeyd edən sahibkarlar burada qazanan yeganə tərəfin “Binə”nin şefi olduğunu vurğuladılar. Çünki icarəyə mağaza götürənlər hər ay 2500-4000 manat arasında yer haqqı ödəyirlər. Bu vaxta qədər yer pullarının və icarə haqlarının yüksək olması səbəbindən xeyli sayda sahibkarlar bazardan uzaqlaşmaq məcburiyyətində qalıb.
Hər lampa üçün 5 manat ödnilir
Şikayətçilər bazarda enerji problemi həllini tapmadığını, ancaq işıq pulunun qaldırıldığını söyləyirlər: “Mağazalara sayğac quraşdırılmayıb. Biz hər ay 70 manat işıq pulu verirdik. İndi artırıb 90 manat ediblər. İşıq pulu artsa da, işığın verilməsində problemlər var. Elə günlər olur ki, ümumiyyətlə bazarda işıq olmur”.
Sahibkarların sözlərinə görə, kondisioner işlədənlər hər ay əlavə 50 manat ödəməlidir: “Kondisioner olmayanlar hər bir lampa görə 5 manat ödəyirlər. Ancaq bir lampa ayda heç bir manat yazmır. Hər dükanda isə 8-12 lampa var”.
Bazarda kondisoner quraşdırmaq üçün gərək bazar rəhbərliyindən icazə alasan. Bunun üçün də 300 manat ödəməlisən.
Sahibkarlar deyirlər ki, dəfələrlə Kəbirə Məmmədovayla görüşüb, problemi onun diqqətinə çatdırıblar: “Biz dəfələrlə demişik ki, hər bir dükana ayrıca sayğac qoyulsun. Ancaq sayğac qoyulmur. “Sədərək” ticarət mərkəzində hər bir dükana sayğac qoşulub. Kim nə qədər işlətdi, o qədər pul ödəyir. O bazarda işləyənlər aya işıq pulu 15 manatdan yuxarı pul ödəmirlər. Bizdə Kəbirə xanımdan sayğac tələb etdik. O dedi ki, bu çətin məsələdir. Guya kimsə sayğaca barmaq edə bilər. Bizdə dedik ki, hər hansı sahibkar əla qoysa cərimələnsin. O bununla da razılaşmadı”.
Polis üçün pul yığılır, ancaq polislərin özü yox…
Kəbirə Məmmədova dükan işlədənlərə kassa nəzarət aparatlarını maya dəyərindən dəfələrlə baha qiymətə satıb: “Bizdən bu aparata görə 300 manat aldılar. Halbuki aparatın qiyməti 42 manatdır. Bundan əlavə əvvəlcə bizə deyilmişdi ki, pul alınmayacaq. Ancaq alındı. Bazarda heç kim kassa aparatı işlətmir. Hamısı aparatı qutunun içərisində saxlayır”.
Sahibkarlar Ticarət Mərkəzində öz hüququnu müdafiə etmək istəyənlərin qadınlar vasitəsilə şərlənməsi, döyülməsi hədələyirlər: “hər dəfə də bir şey olanda Mehriban Əliyevanın adını çəkirlər. Deyirlər ki, biz heç kimdən qorxmuruq. Kimə istəyirsiniz şikayət edə bilərsiniz”.
Sahibkarla onu da bildirdilər ki, əvvəllər polislər üçün hamıdan aylıq 10 manat əlavə yığılırdı: “Pulu polislər özü yığırdı. Biz şikayət edəndən sonra pul yığımını polislər yox, mülki geyimlilər yığmağa başladılar. Halbuki biz yer haqqı ödəyəndə bu xidmətdə onun içində gedir. Ancaq əlavə haqq yığılır”.
Ramin DEKO