Aqil Məhərrəmov
Türkiyə Miqrasiya Xidməti bu ölkəyə ötən il miqrasiya edənlər barədə məlumat açıqlayıb. Məlumatdan bəlli olur ki, Azərbaycandan Türkiyəyə mühacirət edənlərin sayı təkcə ötən il 40 min nəfərə yaxın olub. Onların 7300 nəfəri Türkiyəyə daimi yaşamaq üçün gedib.
Məlumatda göstərilir ki, Türkiyədə daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşların sayı 423 min nəfərə yaxındır. Daimi yaşamaq üçün edilən müraciətlər ötən ilə nisbətən 9 faiz artıb. Azərbaycan vətəndaşları Türkiyədə daimi yaşayış icazəsi alanlar arasında 3-cü yerdədir. Türkiyədə daimi yaşayış icazəsi alan azərbaycanlılar 39200 nəfərdir. Bilirsiniz bizdən öndə kimlərdir? 56 min nəfərlə İraq və 49 min nəfərlə Suriya…
Bəs hökumət hər fürsətdə insanlara aşılamır ki, “biz olmasaq ölkə Suriya, Liviya olar”? Hökumət hər fürsətdə insanların şüuraltına təsir etmək üçün demir ki, “əsas məsələ qulaqlarımızın dinc olmasıdır”? O zaman Türkiyəyə az qala suriyalılarla, iraqlılarla eyni sayda azərbaycanlıların mühacirət etməsinə səbəb nədir? Üstəlik, bu hələ Türkiyə ilə bağlı statistikadır. Son dövrlərdə azərbaycanlıların ölkədən böyük köçünün baş verdiyi heç kimə sirr deyil. Getmək imkanı olanların əksəriyyəti üzünü dünyanın 4 yanından birinə tutub, ölkəni tərk edir.
Bəs səbəb nədir? Azərbaycan insanı niyə vətənində qala bilmir? Çünki Azərbaycan hakimiyyətinin amansızlıqla tətbiq etdiyi inzibati terrorun, korrupsiyanın, hüquqsuzluğun, maddi və mənəvi məhrumiyyətlərin, psixoloji gərginliyin basqıdı altındadır. Yaşamağı mümkünsüz edən bir mühitdən baş götürüb qaçır insanlar. Eynən Suriyada, İraqda olduğu kimi…
Suriyada, İraqda insanlar bomba partlaması, silahlı qarşıdurmalar nəticəsində həyatını itirirsə, Azərbaycanda da korrupsiyalaşmış səhiyyənin əli ilə itirir. İnsanların intiharına səbəb olacaq qədər yüksək faizli kreditlər verən bankların – Azərbaycan hökumətini təşkil edən məmur-oliqarxlara məxsus bankların əli ilə itirir. Ölkə intihar xəbərilə yatıb-oyanır. 9 ayda 500 nəfər təkcə intihar edərək həyatına son qoyub. Liviyada, Suriyada, İraqdakı ölüm statistikasından çoxmu fərqlidir? Orduda baş verən intiharlar, qeyri-döyüş şəraitində ölüm halları özü bir terror nəticəsi kimi boy göstərmirmi? Bəs, işsizlik ucbatından ildən-ilə sayı artan dağılmış ailələr, valideynsiz qalan uşaqların aqibəti? Bir müharibənin yaşatdığı acılar qədər acı deyilmi?..
Məsələ sadədir. Ölkə təkcə qaynar konfliktlər səbəbindən tərk ediləsi hala gəlmir. Avtoritar idarəçilik özü ölüm maşınına çevrilib vətəndaşları qırır və ölkədən didərgin salır. Necə deyərlər, istibdad bir ölkə üçün ən böyük işğalçıdır. Azərbaycanda bu işğalçını bəsləyənlər yalnız günlük şəxsi mənfəəti barədə düşünən məmur korpusu, haqq-ədaləti sifarişə qurban verən müstəntiq-prokurlorlar, hakim adına yaraşmayan məhkəmə heyətləri, seçki saxtakarlığına alət olan müəllimlər və başqalarıdır. İşğalın qurbanı isə bütövlükdə xalqdır. Dünyanın ən müxtəlif ölkələrinə pənah aparıb yaşamağa rahat yer axtaran onminlər də o cümlədən.