Uzun çəkdi. Əlbəttə, uzun çəkdi. Kimsə neft və qan, quldurluq və qurğuşun üzərində qurulmuş Əliyevçi sistemin bu qədər yaşayacağını, davam edəcəyini gözləmirdi.
Rejimin ömrü uzandıqca sıralarımız seyrəldi. Rejimin ömrü artdıqca bu ölkədə hüququn və azadlıqların qələbəsinə inananlar azaldı. Indi bir çoxlarına yolun sonu görünmür. Yaptokratiyanın qurdla qiyamətə qalacağına inananların da sayı artdı rejimin ömrü artdıqca. Amma düşünmədik: 17 il bəyəm o qədərmi çoxdur?
Kimsə bu sualı özünə təsəlli saymasın. Mən təskinlik üçün soruşmuram, soyuq başla, emosiyasız-filan soruşuram: doğrudan da, 17 il çoxdurmu?
Anlayıram, hər gün ömrümüzdən gedir. Gəncliyimiz məhv olur. Bəlkə… Bəlkə heç qocalığımızı da doğru-dürüst yaşaya bilməyəcəyik. Bunların hamısı öz yerində. Amma başımıza gələnlərə bir də başqa gözlə baxaq: Paraqvayda zorun, qəddarlığın, amansızlığın, talançılığın sinoniminə çevrilmiş Stressnerin xanimanının yerlə-yeksan olmasını 35 il gözləmək lazım gəlmişdi. 35 il…
Başqa nümunələr də var. 40 illik, 50 illik, 70 illik nümunələr də var. Bu, bizi qorxutmamalı və ruhdan salmamalıdır. Əsas odur ki, irtica rejimlərinə qarşı istənilən mübarizənin mütləq sonluğu – qələbədir. Tarixdə məğlub olmuş azadlıq savaşı yoxdur. O uduza bilir, səngiyir, təntiyir, durur, amma son nəticədə qalib gəlir. Bu yolda həqiqi bir fədakarlıqla yürüyənlər illərin hesabını aparmırlar, “artıq bura qədər yetər, barı bundan sonra ömrüm-günüm hədər olmasın” deyə dayanmırlar.
Harada oxuduğumu xatırlamıram. Amma ibrətamiz örnəkdir deyə, mütləq yazmalıyam: həyatının ən gözəl çağlarını Truxilyo rejiminə qarşı mübarizəyə xərcləmiş və həbsdə çürüyən qocaya artıq istibdadın çökdüyünü, özünün və ölkəsinin azadlığa qovuşduğunu xəbər verəndə gözləri işıqlanmış, payızın rəngi çökdüyü solğun üzündə yaz gülləri açmış və “indi rahat ölə bilərəm” demişdi. Və dəqiqələr sonra doğrudan da ölmüşdü.
Bu nədir? Dəlilikmi, don kixotluqmu, yoxsa nə? Bilmirəm. Amma bildiyim tək bir şey var: bu, romantikadır! Və məncə, biz indi məhz bundan əziyyət çəkirik: Əliyevçi rejimə qarşı mübarizənin inqilabi romantikadan məhrum olmasından!
Biz sistemin yıxılmasını istəyirik, ancaq insanları buna ruhlandıracaq, səfərbər edəcək və inandıracaq şeirlərin yoxluğundan əziyyət çəkirik. Bir marşımız belə yoxdur. Bir marşımız belə! Təsəvvür edə bilirsinizmi?
Həbsxanalara dolduruluruq – amma oradan məktublar yazılmır. Eynulla nümunəsi sübut etdi ki, bu, nə qədər vacibdir, bu, çöldəkilərə nə qədər enerji verir. Bu, hətta yatmış vicdanları da oyada, onları da dillənməyə məcbur edə bilir.
Şüarlarımız… Insanın içini dolduracaq, gözünü yaşardacaq, ruhunu alovlandıracaq şüarlarımız… Onlar varmı? Onlar da yoxdur. Məsələn, “Qarabağ, iş, çörək” şüarı ilə bərabər bir də üzərinə “Akın var, güneşe akın! Güneşi zapt edeceğiz, güneşin zaptı yakın!” yazılmış parça qaldırmağın nəyi pisdir?
Anlayıram, yalnız bir inqilab romantikası da kifayət deyil. Işin içində başqa işlər də var. Neçəmiz ölməyi belə, göz önünə alarıq bu yolda… neçəmiz sevgilimizi tərk etməyi… neçəmiz bir tikə boyat çörək və bir parç su ilə yetinməyi… Bunlar da önəmlidir. “17 il çox oldu” deyərkən bir də bunları düşünməli, bir də bu sualların cavabını verməyi bacarmalıyıq.
Başa dönürəm: 17 il çoxdurmu? Çox deyil. Inanın ki, çox deyil. Sadəcə, günəşin sənə tərəf gəlməsini istəyirsənsə, kölgədən çıxacaqsan – Konfutsinin sözüdür…
Və qoy bundan sonra bizim şüarımız olsun!