AXCP sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən çıxıb və binanın qarşısında jurnalistlərə açıqlama verib.
Binanın qarşısında AXCP liderini çoxlu sayda tərəfdarları gözləyib. Ə.Kərimli təxminən 4 saat idarədə olub, şahid qismində dindirilib.
Ə.Kərimli jurnalistlərə bildirib ki, AXCP adından kimlərəsə saxta sənədlərin verildiyi əslində partiyanın funksionerləri tərəfindən ifşa edilib və sosial şəbəkələrdə ictimailəşdirilib. AXCP bu məsələdə əslində zərərçəkəndir və prokurorluğun istəyi olsa, saxtakarlıq edənləri partiya rəhbərliyini dindirmədən də tapa bilər.
Özünün prokurorluğa ölkədəki iri korrupsiya faktlrı ilə bağlı dəfələrlə müraciət etdiyini yada salan Ə.Kərimli bildirib ki, onun bu müraciətlərini araşdırmayıb, əvəzində onu və partiya funksionerlərini dindirməyə çağırmaq, hakimiyyət mediasının bundan qara piar üçün istifadə etməsi AXCP-yə təzyiqdən başqa bir şey deyil. AXCP sədri hesab edir ki, bütün bunlar Milli Şuranın 8 aprel mitinqinə hakimiyyətin özünəməxsus cavabıdır. Ə.Kərimli heç bir təzyiq qarşısında mübarizədən çəkilməyəcəklərini bəyan edib.
***
Xəbər verdiyimiz kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu gün saat 10.30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Ə.Kərimli prokurorluğun binasına daxil olmadan öncə ona və partiya rəhbərliyinə qarşı irəli sürülən saxta ittihamlara münasibət bildirib.