Aprelin 19-da Ali Məhkəmədə “ANS – Yayım və Media Şirkəti”nin daha üç kassasiya şikayətinə baxılıb. Şikayətlərə Kəmaləddin Bədəlov, İlqar Dadaşov və Azər Hüseynovdan ibarət hakimlər kollegiyası baxıb.
Şikayətlərdən biri Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS telekanalının yayımının bir ay müddətinə dayandırılması haqda 18 iyul 2016-cı il tarixli qərarından idi. ANS hesab edir ki, Teleradio Şurasının ümumiyyətlə, özbaşına belə bir qərar vermək səlahiyyəti yox idi. Ona görə də həmin qərarı mübahisələndirərək, məhkəməyə müraciət etmişdi.
Amma 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi də, Bakı Apellyasiya Məhkəməsi də ANS-i haqsız çıxarıb. Ona görə də apellyasiya məhkəməsinin bu məsələ ilə bağlı qərarının ləğvi üçün Ali Məhkəməyə müraciət olunub.
Məhkəmədə ANS-in nümayəndəsi Sevda Məhərrəmova bir daha vurğulayıb ki, Teleradio Şurasının telekanalın yayımını özbaşına dayandırmaq səlahiyyəti yox idi. Onun fikrincə, məhkəmələr də bu məsələyə baxarkən qanunları düzgün tətbiq etməyiblər.
Sevda Məhərrəmova Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv olunmasını istəyib.
“ANS ÇM” radiosu ilə bağlı da şikayətə baxılarkən isə ANS-in vəkili Fuad Ağayev çıxış edib. O bildirib ki, radionun lisenziyasının ləğvi üçün heç bir ciddi əsas ortaya qoyulmayıb: “ANS telekanalının lisenziyasının ləğvi üçün göstərilən səbəb tamamilə qanunsuz olsa da, heç olmasa, Teleradio Şurası qərarında nə isə yazmışdı. Guya telekanalın efirində Türkiyənin ərazi bütövlüyünün parçalanmasına yönəlik fikirlər, terror çağırışları səslənib. Əlbəttə ki, bunlar doğru deyil. Radio ilə bağlı ümumiyyətlə, heç nə yoxdur. Yazıblar ki, “ANS ÇM” bu qərardan 7-8 ay əvvəl hansısa inzibati xətalara görə cərimələnib. Hərçənd, o inzibati xətaların özü də şübhəlidir. Hətta xəta varsa belə, o zaman belə çıxır ki, “ANS ÇM” eyni xətaya görə yenidən cəzalandırılır. Özü də ikinci dəfə daha ağır şəkildə”.
Fuad Ağayev vurğulayıb ki, bu cür yanaşma İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 7-ci (qanunda nəzərdə tutulmayan cəzanın yolverilməzliyi) maddəsinə zidd olduğunu bildirib.
Məhkəmədə Teleradio Şurasını vəkili Toğrul Mirzəzadə təmsil edib. O, çıxışında ANS-in kassasiya şikayətlərinin təmin olunmamasını xahiş edib.
Hakimlərin hər şikayət üzrə qərar çıxarmaq üçün müşavirəsi bir neçə dəqiqə çəkib. Hər dəfə də müşavirədən qayıdıb kassasiya şikayətinin təmin olunmadığını elan ediblər.
Azadliq.info