Tarixә nәzәr salsaq, kifayәt qәdәr avtoritar rejimlәrin olduğunu vә yekunda elә tarixin arxivinә qarışdığının şahidi olacağıq. Әvvәllәr avtoritar rejimlәr haqqında danışmaq üçün çoxlu әsaslandırmalar etmәk lazım oldurdu. Artıq bütün dünyada sürәtlә demokratiklәşmәnin getdiyi bir vaxtda avtoritarizmi izah etmәk üçün dәridәn-qabıqdan çıxıb, әlavә fikirlәr axtarıb, geniş danışmağa ehtiyac yoxdur. Әn gözәl şәrhi siyasi ekspert Christoph Stefes “avtoritaritarizm nәdir?” sualına bir cümlәlik “demokratik olmayan hәr şey” cavabı ilə verib.
Avtoritar rejimlәrdә tarixәn tәzyiq vә insanların yaratdıqları sistemә sürәtlә inteqrasiya edilmәsi qızıl qayda olub. Tәzyiqlәr dә rejimlәrin sәrtliyinә görә dәyişir. Daha doğrusu zaman-zaman imitasiya üçün tәzyiqlәr sәrtlәşә vә yumşala bilәr. Avtoritar rejimlәrdә heç zaman dәqiq praqnoz vermәk olmur. Heç kim dәqiq deyә bilmәz ki, avtoritar rejimlәrin olduğu ölkәlәrdә nә zaman dәyişiklik olacaq.
Dünya praktikası da göstәrir ki, avtoritar rejimlәrin devrilmәsinin yolu tәdricәn bütün tәzyiqlәrә qarşı çıxan xalq ayaqlanmasıdır. Tәbiidir ki, bu proses tәdricәn gedir. Xalqların ayaqlanmasının sәbәblәri vә gedişatı ölkәlәrә görә dәyişir. Bәzәn bir ölkәdә adi bir hala çevrilәn hadisә başqa bir ölkәdә xalq hәrәkatı üçün bir qığılcım olur. Mәsәlәn, bizim ölkәmizdә adi hala çevrilәn intiharlar, özünü yandırma halları Tunisdә 23 illik bir avtoritar rejimә son qoymaq üçün başlanğıc oldu.
Avtoritar rejimlәr adәtәn sona yaxınlaşdıqca qaydaları daha da sәrtlәşdirir. İqtisadi vәziyyәt pislәşdikcә daha televizyalarda aparılan inkişaf tәbliğatları da işә yaramır. Çünki insanların evindәki soyuducu televizyalardakı bütün danışılanların sadәcә söz yığını olduğunu sübut edir. Vә bu hal, danışılan ağ yalanlar insanlarda ikrah hissini daha da artırır. Yuxarıda qeyd etdim ki, dünya praktikasında da avtoritar rejimlәrin devrilmәsindә yekun mәsәlә xalqın ayaqlanmasıdır. Tәәssüf ki, ölkәmiz dә dünyada “sayılıb-seçilәn” avtoritar rejimlәr cәrgәsindә ön sıralardadır. Ön sırada olmaq üçün nә lazımdırsa ediblәr. Ölkә sәrvәtlәrinin sağa-sola peşkeş edilmәsi üçün cani-könüldәn çalışıblar. Ölkәmiz әhalinin sayı ilә müqayisәdә mәhbus sayına görә dünyada “ad-san” qazanıb. Bәlkә dә Avropada elә ölkәlәr var ki, Azәrbaycandakı siyasi mәhbusların sayı qәdәr ancaq ümumi mәhbusları var.
Azərbaycandakı real müxalifәt də sәrt tәzyiqlәr, fәaliyyәt imkanlarının tamam məhdudlaşdırılması şəraitində uğurlu aksiyalar keçirə bilməsinə görə dünyada istisnalardandır. Bəli, Milli Şuranın timsalında ölkədəki real müxalifət, televizya və radiolara çıxışı olmadan, mesajlarını verə biləcəyi saytlar bloklandığı bir vaxtda, yalnız әhalinun 20 %-nin istifadə etdiyi sosial şәbәkәlәr üzərindən mitinq kampaniyası aparır, üstəlik hakimiyyət mitinq ərəfəsi və günü onu pozmaq üçün bütün inzibati vasitələri işə salır, amma mitinqlər baş tutur, minlərlə insan ən çətin və əlverişsiz şərtlər altında çıxıb etirazını bildirir. Bu aksiyalar çox qiymәtlidir vә gәlәcәk üçün ciddi yatırımdır. Milli Şuranın 8 aprel mitinqi də bu qəbildəndir. Gəlin bu mitinqin әhәmiyyәtinә vә qazandırdığı nәticәlәrә qısaca nəzər yetirək.
8 aprel mitinqindәn öncә aparılan tәbliğat bir neçә yüz min insana çatdırıldı. Bәlkә dә düşünürsünüz ki, bir neçә yüz min insandan meydana cәmi 8-10 min insan gәldi vә bu da sizdә ümidsizlik yaradır. Mәqsәd bir mitinqlә hakimiyyәti dәyişmәk idimi? Xeyr. Mitinqdә sәslәnәn fikirlәri, 8-10 min insanın bir ağızdan haqlarını tәlәb etmәsini tәkcә sosial şәbәkәlәr üzәrindәn ümumi olaraq bir milyondan artıq insan izlәyib. Bu qәdәr insan ölkәdә mübarizә aparan insanların hәlә dә olduğunu və әvvәlki illәrә nisbәtәn daha da artdığını gördü. Artıq o insanlar növbәti mitinqlәr üçün potensial iştirakçıdır. Mitinq görüntülәrinin sosial şәbәkәlәr üzәrindәn bir milyondan artıq sayda izlәnmәsi həm də onun göstәricisidir ki, insanlar bu mövzuda maraqlıdır, etiraza tәlabatları var. Sübut edir ki, yüzminlərlə insan etiraz etmәk istәyir, özü çəkinsə də, hansısa səbəbdən qatıla bilməsə də, başqalarını meydanda görmәyә sevinir. Dinc kütləvi etirazlar insanlarda özgüvәn yaradır, onlar üçün stimul olur. Ölkәmizdә hәrkәs narazıdır. Sadәcә insanları öz gücünә, heç bir hakimiyyәtin әbәdi olmadığına inandırmaq lazımdır. Bunun da yolu prosesi daha dәqiq izlәyәn, kifayәt qәdәr düşünә bilәn insanların iştirak etdiyi etiraz aksiyaları ilә ilk әvvәllәr monitordan izlәyәn insanlarda әlavә ovqat yaradıb, sonrakı mәrhәlәdә onları da etirazçılar arasına cәlb etmәkdәn keçir.
Aqil Məhərrəmov