Azərbaycanda “VTEK” kimi məşhur olan, adı çəkiləndə göz önünə ilk növbədə rüşvət və korrupsiyanın gəldiyi, işi saxta əlillik sənədləri düzəltməkdən o yana getməyən tibbi-sosial ekspert komissiyaları var ya… Bax indi bizim hökumət onların sayını artırmağı düşünür!
Bu barədə xəbərə göz ataq. Orada deyilir ki, hazırda ölkədə 22 belə komissiya var, amma tezliklə onların sayı nə az, nə çox, düz iki dəfə artırılacaq və 40-a çatacaq. Deməli… Deməli, bu bərabərdir rüşvətin və saxta əlillərin iki dəfə artmasına!
Indi isə gəlin yaxın keçmişə qayıdaq – 2009-cu ilə. Həmin vaxt məlumat yayıldı ki, hakimiyyətin “Siyasi partiyalar haqqında” Qanuna etmək istədiyi əlavə və dəyişikliklərin ruhunu siyasi partiyaların sayının azaldılması təşkil edir. Hətta Əli Əhmədov ilin ortalarında elə beləcə də demişdi. Sitat: “Mövcud partiyalardan ən uzağı 10-u normal şəkildə fəaliyyət göstərir. Yerdə qalanları isə partiya adını daşımaq parametrlərinə sahib deyillər. Azərbaycanda belə partiyaların mövcud olduğunu, ümumiyyətlə, heç kim düşünmür. Partiya mövcud olub fəaliyyət göstərməli və cəmiyyət həmin siyasi təşkilatı, onun rəhbər strukturlarını tanımalıdır, məramını bilməlidir, harada, necə və hansı maliyyə hesabına fəaliyyət göstərdiyindən xəbərdar olmalıdır. Bunların heç biri yoxdursa, onda bu partiyalar ləğv edilməlidir”.
Dəhşəti görürsünüzmü? Əliyevçi zehniyyət hesab edir ki, ölkədə rüşvət yuvalarının sayını artırmaq, əvəzində isə fərqi yoxdur pis, yaxud yaxşı, hər halda siyasətlə məşğul olmaq istəyənlərin sayını azaltmaq lazımdır. Yəqin ki, Ilham Əliyev “Bizim öz demokratiya yolumuz var” deyərkən həm də bu komediyanı nəzərdə tuturdu: siyasətin ləğvini, korrupsiyanın çiçəklənməsini!
Əslində bir az dərinə getsək, demokratiyanın baş-ayağının yığışdırılmaqda olduğu, xalqa siyasətin yasaqlandığı bir ölkədə “VTEK”lərin sayının artırılmasına həqiqətən böyük ehtiyac var. Məsələn, hər gün nə qədər insan rejimin neft pulları və dəyənəyi qarşısında lal, kar və kora çevrilir. Həqiqətləri görmür və eşitmirlər. Zülmə qarşı susurlar. Əlbəttə, onların hamısına əlillik vermək lazımdır, cəmi 22 “VTEK”lə isə bunu etmək insafən çox çətindir, əlavə köməyə, yeni qüvvələrin yardımına ehtiyac var.
***
Yeri gəlib, bunu da yazım. Yadımdadır, bir-iki il əvvəl qəzetlərdə əlillik vəsiqəsinə sahib olan deputatlar haqqında xəbərlər dolaşırdı. Guya onlar bunu saxta yollarla alıblarmış… Yalandır! Hətta deyərdim ki, ağ yalandır. Bəyəm bizdə parlamentin şikəst olmasına kiminsə şübhəsimi var? Özü müstəqil düşünə bilməyən, özü müstəqil qərarlar vermək qabiliyyətində olmayan, tamamən hərəkətsiz, dilsiz, ağızsız bir parlamentin üzvü olan hansısa deputatın aldığı əlillik vəsiqəsini saxta hesab etmək nə qədər doğrudur? Nə qədər məntiqlidir, nə qədər vicdanlıdır?
***
Hər şey bir yana, hökumətin “VTEK”lərin sayını artırmaq istəməsinə bir də rejimin özünüifşası kimi baxmaq lazımdı.
Əgər tibbi-sosial komissiyalara ehtiyac beyqəfil bu qədər artıbsa, deməli, ölkədə “analoqu olmayan iqtisadi inkişaf”, “xalqın sosial rifahının yaxşılaşması” haqqında nağıllar növbəti dəfə cəhənnəm olub gedir öz işinin dalınca.
Əks halda adamdan soruşarlar: niyə ölkədə məhz “VTEK”lərə ehtiyac bu qədər artır? Niyə “çiçəklənən” bir ölkənin vətəndaşları ucdantutma yarımcan vəziyyətdədir?
Ən əsası, ey yaptokratlar, biz sizə “Yetər Azərbaycanı şikəst etdiniz… Yetər qol-qıçını sındırdınız bu millətin… Yetər bu ölkəni şil-kütə çevirdiniz” deyəndə bizi asıb-kəsməyiniz nəydi, “yalandı, böhtandı!” deyib yeri-göyü inlətməyiniz nəydi, indi ölkədə az qala adambaşına bir “VTEK” açmağınız nə?
Günün notu:
Vəssalam, martda Qazaxıstan xalqı da “ömürlük prezidentlik” üçün referenduma gedəcək. Bizdə də oxşar referendum mart ayında keçirilmişdi, xatırlayacaqsınız.
“Mart gəldi, dərd gəldi” deyənlər haqlı imiş.
Sadəcə, bir şeydə yanılıblar: mart çıxsa da, dərd çıxmır…