Mehman Hüseynovun məhkəməsi təxirə salındı
Tanınmış blogger, “facebook”dakı “Sancaq” səhifəsinin idarəedicisi Mehman Hüseynovun iki il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılır.
Aprelin 10-da keçirilən məhkəmədə Mehman Hüseynov bir daha xatırladıb ki, 2014-cü ildən ona şəxsiyyət vəsiqəsi vermir. Ona görə də məhkəmədə onunla bağlı səslənən anket məlumatlarının doğru olub-olmadığını da bilmir.
“Mən özüm də bilmirəm ki, həqiqətən Mehman Hüseynovam, ya yox. Ona görə də xahiş edirəm, məhkəmə mənə şəxsiyyət vəsiqəsi verilməsini təmin etsin”, – deyə Mehman Hüseynov bildirib.
Daha sonra Mehman Hüseynovun üç vəkilindən biri olan Fuad Ağayev bir sıra vəsatətlər qaldırıb. Vəkil ilk növbədə apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Vəkil bildirib ki, məhkəmə istintaqı aparılsa, sübutlar araşdırılsa, Mehmanın günahsızlığı bir daha aydın olar.
“Mehman Hüseynovun polisə qarşı qərəzli olması, böhtan atması haqda yazılanlar absurddur. Əksinə, polisin Mehmana qarşı qərəzli olması kifayət qədər faktlar var. Bu adamın ölkədən çıxışına qadağa qoyulub, şəxsiyyət vəsiqəsi verilmir, dəfələrlə polis idarəsinə çağrılıb”, – deyə vəkil bildirib.
Müdafiəçinin sözlərinə görə, 2016-cı ilin dekabrında da bloggerə qarşı təxribat planlaşdırılıb, lakin həmin vaxt baş tutmayıb.
“Əgər Mehmana belə münasibət göstərilirsə, görün, fəqir-füqəranın başına nə oyun açırlar…”
Fuad Ağayev xatırladıb ki, Mehman Hüseynov kifayət qədər tanınmış biridir, onun “facebook” profilinin 100 min, admini olduğu “Sancaq” səhifəsinin 326 min izləyicisi var: “Əgər bu cür tanınmış şəxsə belə münasibət göstərilirsə, görün, fəqir-füqəranın başına nə oyun açırlar…”
Fuad Ağayev həmçinin Nəsimi Rayon Polis İdarəsinin binasının bayır hissəsindəki, eləcə də dəhlizlərdə, bloggerin saxlanıldığı otaqdakı kameraların yaddaşına baxış keçirilməsi haqda vəsatət qaldırıb. Mehman Hüseynov bildirir ki, yanvarın 9-da onu utub, başına torba keçirib, təxminən bir saat şəhərdə gəzdirəndən sonra elə o vəziyyətdə idarəyə aparıblar, orada da ona işgəncə veriblər. İdarənin rəisi Musa Musayev isə Mehman Hüseynova qarşı iddia ərizəsində bu haqda onun dediklərinin yalan olduğunu qeyd edib. Böhtana görə Mehmanın cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.
Vəkil Fuad Ağayev deyir ki, kameraların yaddaşına baxış keçirilsə, Mehmanın ora hansı vəziyyətdə gətirildiyi, onunla idarədə necə davranıldığı məlum olar.
Mehman Hüseynovun işgəncə iddiası ilə bağlı prokurorluğa göndərilən şikayətin ədalətli, hərtərəfli araşdırılmadığını, müstəntiqin özbaşınalıq edib, ekspertizanın nəticəsi olmadan, rəy verdiyini deyən vəkilin sözlərinə görə, heç Musa Musayevin Mehmanı məhkəməyə verib, həbs elətdirmək hüququ yox idi. Çünki böhtan bir şəxsin başqa bir şəxs haqqında yalan məlimat verməsidir. Mehman Hüseynov isə yanvarın 10-da bir günlük saxlanmadan sonra Nəsimi Rayon Məhkəməsinin qarşısında verdiyi müsahibədə məruz qaldığı işgəncələr haqda danışarkən Musa Musayevin adını çəkməyib: “Belə olan halda, ona qarşı necə böhtan ata bilər? Hətta hesab edirsə ki, Mehmanın dedikləri yalandır və bu, ona ziyan vurub, ittihamı sübut etməlidir. Məhkəməyə Mehmanın dediklərinin əksini sübut edən heç nə təqdim edilməyib”.
Mehman Hüseynovun işinə baxan hakimlərə etiraz…
Vəkil bildirib ki, aidiyyət məsələsində də məhkəmə düzgün qərar qəbul etməyib: “Mehmanın mediada yayılan həmin müsahibəsi Nəsimi rayon məhkəməsinin qarşısında baş verib. Əgər onun dedikləri cinayət hesab edilirsə, deməli, cinayət həmin an başa çatıb. Ərazi Nəsimi rayonuna aid olduğu halda, hansı əsasla Suraxanı rayon məhkəməsinə şikayət verilməsi anlaşılan deyil”.
Fuad Ağayev əlavə edib ki, bu işlə həm ölkə daxilində, həm də ölkə xaricində minlərlə insan maraqlanır: “Bu dərəcədə qanunsuz hökmə rəvac vermək böyük rüsvayçılıqdır. Bu hökm Azərbaycan məhkəmə sistemi üçün biabırçılıqdır. İlkin baxış iclasında məhkəmə istintaqı olmadan şikayətə baxılması barədə qərar versəniz də, hesab edirəm ki, yuxarıda sadaladığım məqamlarla əlaqədar məhkəmə işə istintaqla baxılması barədə qərar qəbul etməlidir. Birinci instansiyada araşdırılmayan sübutlar araşdırılmalıdır ki, ədalətli qərar çıxarılsın, inkvizator olmasın”.
Vaqif Mursaqulov, Həsən Əhmədov və Faiq Qasımovdan ibarət hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib.
Müdafiə tərəfi belə mövqeyinə görə hakimlərə yazılı etiraz verib.
Etirazla bağlı qərar aprelin 11-də keçiriləcək növbəti məhkəmədə bəlli olacaq.
Azadliq.info