Əslən Laçın rayonundan olan Hümbətov Cənnət iki azyaçlı övladı ilə Ağcabədi rayonundan Bakı şəhərinə piyada gəldiyini bildirir. Rayonda onun şikayətinə baxılmadığı üçün övladlarının yaxasına Heydər və İlham Əliyevlərin portretlərini asaraq Bakıya üz tutub. Amma onun deməsinə görə burda da onu dinləyən tapılmayıb. Azadliq qəzeti redaksiyasına gələrək dərdini əməkdaşımıza danışıb.
Hümbətov Cənnətin bildirdiyinə görə 2004-cü ildən öz həmkəndlisi Nailə Məmmədova ilə ailə həyatı qurub. İki oğlan uşaqları dünyaya gəlib. Evlənənə kimi Moskva şəhərində yaşadığından Rusiya Federasiyası vətəndaşlığı var. Özünün doğum yeri Xankəndi olduğuna görə ona Rusiyada qaçqın statusu verilib. Övladları və həyat yoldaşı isə Azərbaycanda məcburi köçkün statusundadırlar.
Şikayətçi bildirir ki, həyat yoldaçı xəstə olduğundan uşaqlara baxmaq da onun öhdəsinə düşüb. Yaşamağa evləri yoxdur. Məcburi köçkünlərə olan imtiyazlar isə onlara şamil olunmur. 4 il qohumlarının evində qaldıqdan sonra erməni əsirliyində olan bir şəxs onlara Ağcabədi rayonu ərazisində yerləşən “Taxta körpü” qaçqın şəhərciyindəki öz evində sığınacaq verib. Artıq həmin şəxs evinə dönmək istəyir. İndi hara köçəcəklərini bilmirlər. Ağcabədi rayon icra başçısı isə onları əvvəl yaşadıqları baxımsız yerə göndərmək istəyir. Uşaqlar isə oxuduqları məktəbdən ayrılmaq istəmirlər. Hümbətov Cənnətin dediyinə görə Qaçqın şəhərçiyində boş evlər çoxdur. Amma onlar üçün ev tapılmır.
Sonda Hümbətov Cənnət övladları ilə Heydər Əliyevin məzarı üstünə gedərək ondan kömək istəyəcəyini bildirib.
azadliq.info