Vahid Məhərrəmov
iqtisadçı ekspert
Son zamanlar hökumət baramaçılığa, pambıqçılığa, tütünçülüyə və digər sektorlara subsidiya ayırmaqla, kənd təsərrüfatına dəstək görüntüsü yaratmağa çalışır.
Əslində məqsəd dövlət büdcəsi hesabına emal sahəsində fəaliyyət göstərən inhisarçıların biznesini stimullaşdırmaq, onların gəlirlərini artırmaqdır. Adi insanlar, kəndlilər düşünə bilər ki, nə gözəl, prezidentin sərəncamı ilə çuğundur becərənlərə hər ton məhsula görə 4 manat subsidiya veriləcək.
Halbuki dünya bazarında şəkərin bir tonu 465 dollara təklif olunur. Bu, Azərbaycan pulu ilə 800 manat deməkdir. Azərbaycan istehlakçısına təklif olunan şəkərin 1 tonunun qiyməti isə 1200 manatdır.
Deməli, Azərbaycandakı qiymət dünya bazarında mövcud olan qiymətdən 50 faiz bahadır. Elə bu səbəbdən də bu sahəyə dövlət hesabına subsidiya verilməməlidir. Emal müəssisələri əldə etdikləri gəliri, qazancı çuğundur istehsalı ilə məşğul olan fermerlərlə bölüşməlidir. Ümumiyyətlə bütün sahələri büdcə hesabına inkişaf etdirmək mümkün deyil. Digər tərəfdən ölkənin maliyyə imkanları məhduddur.
Bu kimi məsələlər bazar iqtisadiyyatı qanunlarına, qaydalarına uyğun olaraq öz həllini tapmalıdır. Paradoksal situasiya yaranır, istehsal olunan təmiz 1 kiloqram şəkər xammalı 35-40 qəpiyə alınır. Söhbət çuğundurdan alınan şəkərin xammalından gedir. Bəli, emal xərcləri də var. Ancaq 35-40 qəpiyə alınan şəkər 1 manat 20 qəpiyə satılır. Təəssüf ki, bu qədər fərqi baramaçılıq da, pambıqçılıqda da inhisarçı işbazlar yaradır.
Emal müəssisələri hakimiyyətə yaxın olan oliqarxların əlindədir və ona görə də oliqarxlara daha geniş imkan yaradılır. Onlar da bazarda özlərini inhisarçı kimi aparır, qiymət diqtə edirlər və bu sahədən daha çox gəlir götürə bilirlər:
Baxmayaraq ki, subsidiya kəndliyə, fermerə veriləcək, xeyrini emalla məşğul olan inhisarçılar görəcək. Çünki onlar öz gəlirlərini kəndlilərlə bölüşməyəcək. Kəndlilərin xərclərinin az bir hissəsi isə dövlət büdcəsi hesabına subsidiya şəklində ödəniləcək. Prezidentin sərəncamı da buna xidmət edir.