Rusiyanın Həştərxan şəhərində iki polis əməkdaşı güllələnib. Şəhərin “Avtozapravoçnaya” küçəsində yol qəzası xəbəri alan iki polis hadisə yerinə gəlib. Burada onlar naməlum şəxslər tərəfindən atəşə tutulub. Polislər aldıqları güllə yaralarından hadisə yerində ölüb.
Cinayəti törədənlər polislərin tabel silahlarını da götürərək gizləniblər. Araşdırmalar nəticəsində məlum olub ki, yol polisi əməkdaşlarına 8 nəfər hücum edib.
Qətli törədənlər təhlükəsizlik kamerasına düşüb. Onların kimliyi də məlum olub və fotoları yayılıb.
Qatillərin terrorçu qruplaşmaların üzvü olduğu istisna edilmir. Axtarışa verilən şəxslər ən böyüyünün 27, ən kiçiyinin 21 yaşı var. Onların beşi Rusiya, ikisi Qazaxıstan vətəndaşıdır. Qatillər ağ rəngdə “QAZel” markalı maşınla hadisə yerindən qaçıb.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin hadisə ilə bağlı antiterror komissiyasının iclasını keçirib və bildirib ki, qətli törədənlər radikal vəhabilərdir. O, şübhəlilərin müəyyən edildiyini və təhlükəsizlik qüvvələrinin onları axtardığını deyib. Qubernator ölən polislərin ailələrinə 1 milyon rubl məbləğində maddi yarım ediləcəyini də bildirib.