Orxan Kərimov: “İki nəfər özlərini Orxan Kərimov kimi təqdim edib və cinayət törədib, ancaq istintaq bunu araşdırmayıb”
“Fikrim var idi ki, həbsdən çıxandan sonra atamın məzarı üstünə gedib, onunla təkbətək qalım…”
“Evdə yoxdur, səhərdən qayınatası ilə xəstəxanaya gedib. Ola bilər tez gəlsin, ola bilər yox. Ancaq gəldiyiniz üçün sizə təşəkkür edirəm, çox sağ olun…”- bu sözləri Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimovun azadlığa çıxmasından bir gün sonra evinə gedib söhbətləşmək istəyəndə, balacaboy, dolu qadın olan qaynanasından eşitdik. Əlaqə nömrəsi alıb, Orxanla danışandan sonra binanın dəhlizində ora-bura gedərək gəlişini gözlədi. Dediyi vaxtın tamamında şair Əli Kərimin oğlu liftin qapısında görünür.
Onun şəkillərini qəzet səhifələrində çox görmüşük. Qara saçlı, gülərüzlü Orxan Kərimov. Ancaq bu dəfə üzündə bir az narahatlıq, bir az yorğunluq, bir az da ağrı hiss olunan, saçları qapqaradan ağ rəngə “boyanan” bir insan dayanır.
“Səbrli olmağı bacardım”
Deməli belə. Orxan Kərimov necə azad olundu? Bu çox vacib məsələdi. Iyunun 21-də keçirilən məhkəmə prosesində vəkilləri Orxan Kərimov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə istədilər. Məhkəmə bunu təmin etmədi. Proses zamanı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları onun təzyiqini ölçürlər və aşağı olduğu müşahidə edilir. Huşunu itirməkdə olan dustağa heç kömək etmir. Pentisinar xidmətin maşınıyla yenidən Kürdəxanı Istintaq təcridxanasına gedir. Yolda olarkən məhkəmə yenidən toplaşır, Orxanı yenidən məhkəməyə gətirirlər və vəsatət təmin olunur.
Orxan Kərimovla söhbətimizə ağarmış saçlarla başlayırıq. Əvvəlcə etiraf etmək istəmir. Yaşın da öz sözünü dediyini qeyd edir. Ancaq söhbətin sonrakı bölümündə “siz deyən olsun” deyərək məhbəs həyatı yaşadığı 1 il müddətində daha çox dən düşüdüyünü “boynuna” alır.
O, məhbəsdə keçirdiyi günlərdə daha çox düşünməyə imkan olduğunu deyir: “Orada səbrli olmağı bacardım. Hər bir mənfi işin içində müsbət çalar axtarmaq lazımdı”.
Ata səsi…
Kitab oxumaq üçün içərini cənnət hesab edən keçmiş məhbus deyir ki, həbsdə olan müddətdə heç bir problem yaşamayıb: “Dustaqların mənə münasibəti normal idi. Hətta iki nəfərlik kamerada tək qalıb: ”Tək qalmağı özüm xahiş etmişdim. Tənha qalıb özümlə söhbət etmək istəyirdim. Kitab oxuyub, fikrə dalırdım. Belə olanda rahatlıq tapırdım. Bəzi qeydlərimi edirdim”.
Kitabdan söz düşən kimi atası barədə söhbətə başlayırıq. Deyir ki, içəridə olan zaman bircə dəfə də olsun yanına gətirdikləri kitab arasında atasının şeir kitabı olmayıb. Bunu özü istəyib: “Istəmədim atamla söhbət edim. Başqa kitablara üstünlük verdim. Fikrim var idi ki, həbsdən çıxandan sonra məzarı üstünə gedib, onunla təkbətək qalım. Ancaq bir dəfə təsadüfən atamın səsini eşitdim. Kamerada radionu açdım. Birdən atamın səsiylə şeiri eşitdim. Bu mənə çox pis təsir etdi. O qədər özümə qapıldım ki, bilmədim, atamın səsiylə verilən şeir hansı idi. Sadəcə səsini eşitdim”.
“Hər şeyi sübut edəcəm”
Məhbəs dövründə mətbuatı mütəmadi oxuyurdu: “Həsən bəy Zərdabinin nə qədər böyük şəxsiyyət olduğunu bir daha dərk etdim. Içəridə qəzet oxumaqla bir az təskinlik tapırdım. Üstəlik, sənin səsini yalnız qəzetlər dünyaya çatdırırdı. Bu bir mənəvi dəstək idi. Haqqımda yazan hər bir jurnalistə minnətdarlığımı çatdırıram”.
“Indi qarşımda duran əsas məsələ günahsız olduğumu sübut etməkdi. Mənə qarşı ittihamların tamamilə absurd olduğunu hüquqi baxımdan tam sübut etmək əzmindəyəm. Əvvəlcə müalicəmlə məşğul olmalıyam. Yaxın günlərdə növbəti dəfə əməliyyata gedəcəm. Bundan sonra öz işimlə bağlı mübarizəyə başlayacam. Adım, ailəm naminə günahsız olduğunu sübuta yetirəcəm. Hər kəsə göstərməliyəm ki, məni qanunsuz olaraq içəri atıblar”, – deyir Orxan Kərimov.
Suların durulmasına ehtiyac var
Bəraət alacağı təqdirdə avtomatik olaraq Təhsil Nazirliyində işə bərpa olunacağını deyir: “Ancaq bir müddət suların durulmasına ehtiyac var”.
“Təhsil nazirliyində işə bərpa olunsanız işləyəcəksiniz? Sizin üzünüzə duran şəxslərlə üz-üzə gəlmək çətin olmayacaq?” sualına “düzdür, bu çox çətindi, baxmayaraq ki, heç bir günahım yoxdur. Mən də istəmirəm ki, işlədiyim ünvanda belə bir qanun pozuntusu olsun. Bu mənə ağır gəlir. Ancaq hər şey ağır gəlməkdən ibarət deyil, bu elə əməllərdir ki, hüquqi nəticəsi olmalıdır. Iki nəfər özlərini Orxan Kərimov kimi təqdim edib və cinayət törədib. Ancaq istintaq bunu araşdırmayıb. Araşdırma olmadan mənim fəaliyyətimə hüquqi qiymət verilib. Bir daha təkrar edirəm, suların durulmasına ehtiyac var. Hər şey zamana bağlıdır. Hər şey qaydasına düşəndən sonra qərar verəcəm”.
Orxan Kərimovun iki övladı var. 11 yaşlı Ismayıl və 2 yaşlı Rəna. Ismayıl atasının günahsız yerə həbs olunduğunu bilirdi. Rəna isə hələ heç nəyi dərk etmədiyi və atasının görmədiyi üçün qəzet səhifələrində onun şəklini öpüb “papa, papa” deyirdi.
Həyat yoldaşı ötən günlərə qayıtmaq istəmədiyini deyir: “Bu barədə daha düşünmək istəmirəm. Əsas odur ki, Orxan indi yanımızdadır”.
***
Orxan Kərimov indi əməliyyat haqda düşünür. Bir müddətdən sonra hüquqi çərçivədə dava aparacaq. Günahsız olduğunu sübut etmək üçün. Sonra isə…
Hər şey suların durulmasından sonra aydın olacaq…
Ramin DEKO