“The Guardian” yazır ki, Almaniya prokurorluğu Türkiyə xəfiyyələrinin bu ölkədə müsəlman vaizi Fethullah Gülen tərəfdarı olmaqda şübhəli sayılan türklərdən casusluq etdiyinə dair iddiaları araşdırdığını bəyan edib.
Almaniya nazirlərindən biri Türkiyəni Gülen tərəfdarlarına qarşı “amansız və qeyri-məqbul” casusluqda ittiham edib.
Məqalədə deyilir ki, bu kimi ittihamlar iki NATO üzvü olan ölkə arasında insan haqlarına görə gərginləşmiş münasibətləri daha da tarıma çəkib.
Aşağı Saksoniyanın daxili işlər naziri Boris Pistorius deyib: “Aydındır ki, Türkiyənin gizli kəşfiyyat xidməti MİT Almaniyada yaşayan insanlar barədə məlumat toplayır”.
Erdoğan hökuməti bundan əvvəl Almaniyadan Gülen tərəfdarı olduqları iddia edilən 300-dək türkiyəli barədə məlumat verməsini xahiş etmişdi.
Pistorius deyib ki, Türkiyənin Almaniyanın BND kəşfiyyat xidmətinə göndərdiyi siyahı yerli hakimiyyət orqanlarına ötürülüb.
Buna baxmayaraq Pistorius nazir olduğu Aşağı Saksoniyada 10-dan artıq casusluq hədəfini bundan xəbərdar edib. Bu hədəflərə bir məktəb və azı iki şirkət daxildir.
Rəsmilər narahatdırlar ki, Gülen tərəfdarları olduqları iddia edilən şəxslər Türkiyəyə səfər edərlərsə, təhlükə ilə üzləşə bilərlər.
Nazir deyib ki, Türkiyə hakimiyyəti əlində heç bir sübutun olmamasına baxmayaraq şübhəliləri təqib etməkdə “paranoya həddinə” çatıb.
“Biz bugünədək Gülen tərəfdarlarının hər hansı qanunları pozduqlarının şahidi olmamışıq” – deyib nazir.
Almaniya mediası xəbər verir ki, Türkiyə rəsmiləri adlar, ünvanlar, telefon nömrələri və fotolar daxil edilmiş siyahıları Almaniya xüsusi xidmətlərinə Münhendə keçirilən təhlükəsizlik sammiti zamanı təqdim ediblər.
İndi isə Almaniyanın federal prokurorluğu Türkiyənin bu məlumatları hansı yollarla əldə etdiyini araşdırır.
Prokurorluğun sözçüsü Frauke Koehler deyib ki, bu araşdırma üçün Almaniyanın əks-kəşfiyyat orqanlarının əlində olan məlumatların prokurorluğa verilməsi lazımdır.
Bu arada Almaniyanın daxili işlər naziri Thomas de Maizière Türkiyəyə xəbərdarlıq edib ki, alman torpaqlarında casusluq cinayət sayılır və buna heç bir şəkildə imkan verilməyəcəkdir.
Hazırda ABŞ-da yaşayan 75 yaşlı Gülen Türkiyədə ötən iyulda yer almış uğursuz çevriliş cəhdi ilə heç bir əlaqəsinin olmadığını söyləyir.
Türkiyədə Gülen hərəkatı ilə əlaqələrdə şübhəli bilinən 41 min nəfər həbs olunub, daha 100 min nəfər işdən qovulub.
Ötən fevral ayında Almaniya polisi Türkiyə hökumətinə Almaniyadakı türklərdən casusluqda şübhəli bilinən dörd imamın evinə reyd keçirmişdi.
(bbc azəri)