ABŞ Nümayəndələr Məclisi əvvəlki prezident Barak Obama dövrünün son günlərində Federal Əlaqə Komissiyası (FCC) tərəfindən təsdiqlənən “internetdə şəxsi məlumat təhlükəsizliyinin qorunması ilə əlaqədar qaydaları” ləğv edən qanun layihəsini qəbul edib.
Nümayəndələr Məclisində 205 “rədd” səsinə qarşı 215 “bəli” səsi ilə qəbul edilən qanun internetdə şəxsi məlumatların təhlükəsizliyinə dair istifadəçilərin lehinə tənzimləmələri əhatə edirdi. Qanuna görə istifadəçilərdən icazəsiz məlumat toplanmasına və satılmasına əhəmiyyətli dərəcədə qadağa qoyulurdu.
Obama dövrünün son günlərində FCC tərəfindən qəbul edilən, ancaq hələ tətbiq olunmağa başlamayan qaydalar, qanun layihəsi ABŞ prezidenti Donald Trampın imzalaması və qanuniləşdirilməsi halında tamamilə ortadan qalxacaq.
Senatda da keçən həftə qəbul edilən qanun layihəsinin qısa zamanda Trampın masasında olması gözlənilir. Ağ Ev də qanun layihəsini Trampın imzalayacağını açıqladı.
Qanun layihəsinə dəstək verən respublikaçılar FCC-nin imzaladığı qaydaların AT & T və Verizon kimi genişzolaqlı internet təminatçılarını hədəf alıb məhdudlaşdırdığını, ancaq Facebook və Google kimi şirkətlərə toxunmadığını bildirir. Hansı ki, bu iki şirkət hal-hazırda milyonlarla internet istifadəçisinin şəxsi məlumatlarını toplayır.
Digər tərəfdən, yeni qanun layihəsinin səhv bir addım olduğunu deyən demokratlar və bəzi respublikaçılar Facebook və Google kimi şirkətlərin tətbiqlərində şəxsi məlumatların toplanmasının minimum edilə bildiyini, ancaq genişzolaqlı internet provayderi dəyişdirmənin daha çətin bir şey olduğunu ifadə edir.
Amerikan ictimaiyyətdə “İnternetdə fərdi məlumat təhlükəsizliyi təhlükədə mi?” sualının verilməsinə səbəb olan yeni qanun layihəsinin imzalanması ilə müzakirənin daha da alovlanacağı və hətta respublikaçıların geri addım atmaq məcburiyyətində qala biləcəyi ifadə edilir.
Amerikan mediasında isə bu qərardan ən çox məmnun olan AT &T və Verizon kimi böyük firmaların Tramp rəhbərliyi ilə olan yaxınlığını sorğulayan xəbərlər diqqəti çəkir. İnternetdə fərdi məlumatların təhlükəsizliyi əlaqədar yeni tənzimləmənin nə zaman və nə şəkildə ediləcəyi hələ bilinmir.
azadliq.info