Alnımıza şər qələmiylə yazılmış yazını “alın yazısı” hesab etməyək
Dünya hələ dağılmayıb, həyat davam edir və insanlar ən ali varlıq olaraq qalırlar. Yəni, böyük mənada heç nə dəyişməyib. Ən əsası isə budur ki, dünya yaranandan xeyirlə-şərin, haqlıyla-haqsızın, zalımla- ədalətlinin savaşı gedir və bu savaş da dayanmayıb. Bəlkə də bu savaş dayansa, haqq ağ bayraq qaldırsa, şər mütləq qələbə əldə etsə dünyanın nizamı dağılar. Zaman-zaman seçilmiş insanlar meydana çıxıb və şərin mütləq qələbəsinə imkan verməyib.
Bu gün də dünyada və ölkəmizdə gərgin proseslər gedir. Bugün də “avtoritarim”, “diktatura” adlanan epidemiyalar dünyanı təhdid etməkdədir. Bugün də şər qüvvələr dünyanı zülmətə bürümək, insan övladına zülm etmək uğrunda səy göstərir.
Yaşadığımız ölkədə də avtoritar idarəetmə mövcuddur və uzun illərdi ki, bu idarəçilik ölkəni məhvə aparır. Zəngin bir ölkədə böhran məskən salıb. İnsanlar intihar həddinə çatıb, büdcə boşalıb, təhsil məhv edilib, səhiyyə xəstələndirilib, qanunlar işləmir, məhkəmə ədalətsizliyə xidmət edir, günahsız insanlar cəzalandırılır, korrupsiya tüğyan edir və vətəndaş bir qrup adamın girovuna çevrilib.
Zaman sübut etdi ki, bu vəziyyətdən xilas olmağın bir düsturu var. Xalq “mən varam” deyə bilməlidir. Xalq “mən varam” deyə bilməyəndə, hökumət “xalq yoxdur” deyib, ölkəni şəxsi mülkə çevirir. Əslində, ölkənin bu vəziyyətə düşməsində, ötən əsirn əvvəllərində dünyaya demokratiya dərsi keçən bir ölkənin, 100 il sonra avtortarların sırasından boylanmasında ölkə vətəndaşlarının günahı böyükdür və ölkəni bugünə salanlar xalqın susqunluğundan ilhamlanıblar. Heç bir parametr üzrə Azərbaycan qədər potensialı olmayan ölkələr sürətlə irəli gedir, Azərbaycan isə sürətlə keçmişə addımlayır. Qonşu Gürcüstanda artıq Avropaya vizasız gedirlər, iqtisadi göstəriciləri Azərbaycanı üstələyib, korrupsiyanın kökü kəsilib, azadc sahibkarlıq mövcuddur və.s. Düşmən Ermənistanda müxalifət dinc yürüşlər keçirir, xalq hökumət qarşısında tələblər qoyur və bu ölkə “yarım-azad ölkələr” sırasına düşüb. Bir neçə gün öncə Rusiyanın 100 şəhərində avtoritarizm əleyhinə razılaşdırılmış və razılaşdırılmamış mitinqlər keçirildi. Diktatura ölkəsi hesab olunan Belarusiyada siyasi məhbuslar azad edildi, ölkənin Avropaya doğru addım səsləri eşidilir. Hətta uzun illər boyu bütün sivil dəyərlərdən məhrum olmuş Afrika ölkələrində də şəffaf seçkinin şahidi olduq, dəyişiklik müşahidə etdik. Bütün bunlarla yanaşı gözümüzün qarşısında Avropa ölkələri var və bu ölkələrə avtortar ölkələrdən insan axınının şahidi oluruq. Hansıki, bugün demokratiya məkanı kimi tanınan həmin ölkələr də ağır dönəmlərdən keçiblər və xalqın iradəsi nəticəsində xilas olublar. Bundan sonra ABŞ-da, Avropada diktatura qurmaq mümkün olmayacaq və hökumətə kimlərin gəlməsindən asılı olmayaraq oturuşmuş sistem dəyişməyəcək. Bugün dünyada avtortar rejimlər barmaqla sayılacaq qədər qalıb və növbəti mərhələdə belə rejimlər “sinfdə qalacaq”.
Bütün bunları yazmaqla onu demək istəyirik ki, avtoritarizm Azərbaycanın alın yazısı deyil və bu ölkənin xilas olmaq şansı daha çoxdur. Əlverişli coğrafi mövqeyimiz, yeraltı-yerüstü sərvətlərimiz, öyünüləcək keçmişimiz, inkişafa meylli xalqımız var. Sadəcə olaraq azad, demokratik, qanunların şah olduğu ölkədə yaşamaq istəmək və bunu əməldə sübut etmək lazımdır.
Xalq özünə qapananda, eybəcərliklərlə barışanda, inamsızlığa bürünəndə, sabaha ümidini itirəndə avtoritarizm tonqalına odun atmış olur və bu tonqal ilk növbədə xalqı yandırır. Xilas olmaq üçün tonqalı söndürmək lazımdır, bunu isə yalnız xalqın iradəsiylə söndürmək mümkündür. Biganəlikdən, susqunluqdan imtina edib, “biz varıq” deməyi bacarmalıyıq.
Şübhəsiz ki, xalqın səsi eşidiləndə, şərin səsi batacaq. Xalq “mən varam” deyəndə, rejim “mən yox oldum” demək məcburiyyətində qalacaq. Vətənimizin, özümüzün, yaxınlarımızın bugünü və sabahı uğrunda çarpışmalıyıq. Hamılıqla əlimizi daşın altına qomalı, bu daşı yolumuzn üstündən götürməyi bacarmalıyıq. Nə qədər ki, daşı götürmək istəyənlərə kənardan tamaşa edəcəyik, yolumuz açılmayacaq.
Müxtəsər, xalqın varlığı meydanlarda ifadə olunur və bu Konstitusiyanın verdiyi hüquqdur. Qiymət artımına, korrupsiyaya, monopoliyaya, ədalətsizliyə, repressiyaya “yox” deməyi bacarmalıyıq. Susduqca, sevdiklərimizi də hədəfə gətirmiş oluruq, eybəcərliklərdən hər kəs nəsibini alır.
Bu ölkədə yaşayacağıqsa, bu ölkədə yaşalanacağıqsa, doğmalarımız bu ölkədə ömür sürəcəklərsə, bu ölkənin
vətəndaşıyıqsa, ölkəmizə sahib çıxmalıyıq. Alnımıza şər qələmiylə yazılmış yazını “alın yazısı” hesab etməyək. Başımızı dik tutaq, alnımızdan bu yazını silək və əmin olaq ki, bizim alnımıza ədalətli ölkədə yaşamaq yazılıb. Xalq “mən varam” dediyi gün, bütün pisliklər yox olacaq.
İlham