Təzəlikcə Azay Quliyevin QHT Fondundan qrant alan “Azad Yazarlar Ocağı” (AYO) bizi təəccübləndirməkdə davam edir. Üç gün əvvəl Rasim Qaracanın tənqidçi köşə yazarlarını ləkələməyə qalxmasının ardından indi də AYO başqanı, Bədrəddin Quliyevin Cümhuriyyət Xalq Partiyasının (CXP) üzvü Aqşin bəy Yenisey “Azərbaycan müxalifətini Azərbaycanın gələcəyi üçün Azərbaycan iqtidarından daha təhlükəli hesab etdiyini” deyib. Guya müxalifət hakimiyyətə gəlsəymiş, hər şey indikindən daha pis olacaqmış. Bir sözlə, məlum və məşhur obıvatel təfəkkürü: “Bunlar (yəni yaptokratlar – E.A) yeyib doyublar, yeni gələn bunlardan da pis olacaq”.
Üstəlik, Aqşin bəyin doğulmamış uşağa don biçmək istedadından şəxsən mənim xəbərim yox idi. Bunu öyrəndiyimə sevindim. Amma iki məsələni buradan sizinlə bölüşməyə bilməzdim.
BIR: Bəyəm Aqşin bəy Bədrəddin Quliyevin partiyasını müxalifət hesab etmirmi? Hesab etmirsə, problem yoxdur. Yox, əgər müxalifət hesab edirsə, onda nədən Azərbaycanın gələcəyi üçün “daha təhlükəli” olan düşərgənin bir tərəfində də onun özü yer alır?
IKI: Aqşin bəy bu sözləri ilə “Iqtidarda mütərəqqi düşünənlər müxalifətdən daha çoxdur” deyən Fazil Qəzənfəroğlu ilə eyni səfdə dayanmasının fərqindədirmi? Fərqində deyilsə, problem yoxdur. Yox, əgər fərqindədirsə, ona ən qısa zamanda əlahəzrət kralın yanına düşüb məktəb açılışına getmək xoşbəxtliyinin nəsib olmasını arzulayıram.
Qan Turalın üç gözlənilməzliyi və növbədəki
BIR: Facebook-da “Mənə bitərəf deməyin, mən hörmətli cənab Prezidentin tərəfindəyəm” deyən, həbsdəki jurnalistləri “dələduz” adlandıran Vaqif Səmədoğluya dostluq təklifi göndərməsi, təklifi qəbul olunca da bunu böyük bir şadyanalıqla el-aləmə car çəkməsi…
IKI: Həqiqətin keçmiş dostu, Ilham Əliyevin yeni təəssübkeşi Qabil Abbasoğlunun saytında köşə yazmağa başlaması…
ÜÇ: Hökumətə bağlılığı və Yazıçılar Birliyinin fiaskosundan sonra hakimiyyətin ədəbiyyat üzərində hegemonluğunu bərpa etmək üçün növbəti cəhd olduğu kimsədə şübhə doğurmayan Milli Kitab Mükafatının Ekspertlər Şurasında əyləşməyi özünə rəva görməsi…
DÖRD: Heç bəlli olmaz. Yaşayarıq, görərik.
İki yoldan biri
Milli Kitab Mükafatının (MKM) Münsiflər Heyətinin üzvü olan bəzi dostlar bu davranışlarının bir hakimiyyət projesində rol almaqları kimi şərh edilməsindən əsəbləşirlər. Hətta absurdun böyüyünə imza atmaqdan çəkinmirlər, MKM-in öz saytında belə, rəsmi tərəfdaşının Mədəniyyət və Turizm Nazirliyi olduğu açıq-açıq yazıldığı bu müsabiqə-müsibətin “müstəqilliyindən” dəm vururlar. Bununla da camaatı münsifliklərində ayıb bir iş olmadığına inandırmağa çalışırlar.
Etirazımız yoxdur, çalışsınlar çalışmasına da, amma indi mənim sualım onların bu gülməli özünəbəraətini haqlı sayan bəzi yazar dostlaradır: Allah eşqinə, günü bu gün Arif Əliyev rəsmi tərəfdaşı Prezident yanında KIV-ə Dövlət Dəstəyi Fondu, ya da nə bilim, Mətbuat Şurası-zad olan hansısa bir Milli Köşə Mükafatı elan etsə, tutaq ki, Şahvələd Çobanoğlu da o mükafatın münsiflər heyətində əyləşsə, normalmı qarşılayacaqsınız? Tıpkı Milli Kitab Mükafatındakı kimi, çıxıb “bunda pis nə var, Şahvələd bəyin orada olması müsabiqənin obyektivliyinə kömək edəcək” deyərək göbəkmi atacaqsınız, yoxsa yazılarınıza “Səndəmi, Şahvələd Çobanoğlu?” janrında başlıqlarmı?
Səmimi deyin, hansı olacaq bunun?
Elçin Hüseynbəylinin yeni performansı
AYB sədri Anarın sevimlilərindən, Azərbaycan dilində normal, doğru-dürüst cümlə qura bilmədiyi halda inadla yazıçılığa iddia edən Elçin Hüseynbəyli növbəti dəfə “gül” vurub.
Bilənlər bilir, bilməyənlərə deyim ki, Hüseynbəyli “şəhid olub ölüb” cümləsi ilə məşhurlaşmışdı. Yeni “roman”ında isə o bir qədər də irəli gedib, yazıb: “ – Qəhvəmi, kofemi, şirəmi? – xalası soruşdu”.
Dəhşətdir! Yersiz iddiaları ilə yeri-göyü inlədən adamın hətta qəhvə ilə kofenin eyni içki olduğundan belə, xəbəri yoxdur.
Tezliklə Hüseynbəylinin qələmindən “isti dondurma” sözlərini oxusanız, təəccüblənməyin.