Almaniya ilk dəfə ölkədə doğulmuş şəxsləri deportasiya edir
Almaniya rəhbərliyi terrorçuluq fəaliyyətində şübhəli bilinərək həbs edilmiş iki kişinin ölkədən deportasiya edildiyini bəyan edib.
Bu Almaniyada miqrant ailəsində doğulan insanların ilk deportasiya halıdır, Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Deportasiya olunmuş şəxslərə ölkəyə geri qayıtmaq da qadağan olunub. Şübhəlilərin hər ikisi bu ilin fevral ayında Almaniyanın Getinge şəhərində həbs ediliblər.
Onlardan birinin valideynləri Nigeriyadan, digərinin valideynləri isə Əlcəzairdən gəliblər.
Hüquq-mühafizə orqanları həbs edilənlərin üzərindən axtarış zamanı odlu və soyuq silah, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın bayrağının tapıldığını əsas gətirərək onların təhlükəli olduğunu qeyd ediblər.
Bununla yanaşı, rəhbərlik şübhəlilərin mümkün terror aktı zamanı odlu silahdan istifadə edib-etməyəcəyini dəqiqləşdirməyib. Onlara qarşı rəsmi ittiham təqdim olunmayıb.
Ötən ilin dekabr ayında yük avtomobilinin qəsdən Yeni il yarmarkasına girməsi nəticəsində 12 nəfər həlak olmuşdu, 49 nəfər yaralanmışdı.
Bundan sonra Almaniyada təhlükəsizlik tədbirləri gücləndirilib.