«Microsoft» şirkətinin yaradıcılarından olan Bill Qeyts yenə də «Forbes» jurnalının milyarderlər siyahısında başda durur.
ABŞ prezidenti Donald Trump isə 200 pillədən çox geriləyib. Bu barədə dərgi bazar ertəsi məlumat yayıb.
Sərvəti 86 milyard dollar həcmində dəyərləndirilən Qeyts artıq 4 ildir siyahının başındadır. Ondan sonra «Berkshire Hathaway» şirkətinin rəhbəri Uorren Baffet gəlir. İlk onluqda əsasən texnologiya sektorunda çalışan amerikalılar üstünlük təşkil edir. Buffetin sərvəti 75.6 milyard dollar dəyərindədir.
Siyahıda 3-cü yeri «Amazon» şirkətinin yaradıcısı Cef Bezos tutur.
Dünyada milyarderlərin sayı ötən il 13 faiz artaraq 2 min 43 nəfərə çatıb. Bu, «Forbes»un bu siyahını tərtib etdiyi 31 il ərzində ən böyük illik artımdır.
Ən çox milyarder – 565 nəfər ABŞ-dadır. Çində 319, Almaniyada 114 milyarder var (azadliq.org).