“Mən həmişəki Elvin Abdullazadəyəm. Sadəcə, daha da təcrübəliyəm, həbsxana çox şey öyrətdi. Bundan sonra fəaliyyətimə qaldığım yerdən davam edəcəyəm”.
Bunu martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin fəalı Elvin Abdullazadə jurnalistlərə açıqlamasında bildirib.
2 il 2 aydan sonra azadlığa çıxmanın qəribə hisslər doğurduğunu ifadə edən. E.Abdullazadə bildirib ki, siyasi fəaliyyətini davam etdirmək niyyətindədir.
“Mən məhz siyasi fəaliyyətimə görə, həbs olunmuşdum. İttihamlar, özü də narkotik… (gülür) qurama idi. Siyasi fəaliyyətimə davam edəcəyəm. Təhsilimə də davam etmək niyyətindəyəm. Bundan başqa səhhətimdə problemlər var, əməliyyat olunmağı düşünürəm”, E.Abdullazadə deyib.
O, səhhəti ilə bağlı problemlərinin çox ciddi olmadığını qeyd edib. E.Abdullazadənin sözlərinə görə, səhhətindəki problemlər həbsxana şəraiti, həbs edilərkən işgəncəyə məruz qalması ilə bağlı olub.
“Problemlər olub, amma ciddi deyil. Qasıq nahiyəsində yırtıq var”
Elvin Abdullazadə Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olub. O, 2015-ci il yanvarın 8-də imtahandan çıxarkən saxlanılmışdı.
Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunan Elvin Abdullazadə 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası almışdı.
Gənc cəbhəçi məhkəmədə ittihamları qəbul etməmiş, bunun siyasi sifariş olduğunu bildirmişdi.
Onun işinə Ali Məhkəmədə baxılanda ittiham olunduğu maddə dəyişdirilmişdi. O, CM-nin 234.1-ci maddəsi (şəxsi məqsədlə narkotik istifadəsi) ilə ittiham edilmiş, cəzası 6 ildən 2 il 6 aya endirilmişdi.
Onun həbsdən çıxmasına 3 aydan bir qədər çox vaxt qalmışdı. Hüquq mühafizə orqanları isə onun işgəncə şikayətlərini qəbul etmirdi.