Yürüdülən siyasət “beyin axını”na necə təkan verir?
Küçələrdən su əvəzinə qan axsa da, başımıza göydən daş yağsa da hökumətin yalnız bir açıqlaması var. “Hər şey qaydasındadır”. Hətta dəhşətli statistik məlumatlar ortaya çıxanda da “narahatlığa əsas yoxdur” deyirlər.
Bir müddət əvvəl ortaya bir “ekspert” çıxardılar və bu “ekspert” dedi ki, intiharlar kritik həddə çatmayıb. Məlum oldu ki, hər gün 2-3 nəfərin intihar etməsi hökumət üçün kritik hədd deyil və buna görə narahat olmurlar. Deməli, hər gün 500 nəfər intihar etməlidir ki, hökumətimiz həycan təbili çalmaq zərurəti hiss etsin.
Ötn gün isə bənzər açıqlama baş nazirin müavini Əli Əhmədovdan gəlib. Əli Əhmədov deyib ki, ölkədən “beyin axını” bizi narahat edəcək səviyyədə deyil.
Təsəvvür edin ki, son illərdə təkcə Türkiyəyə yüzlərlə azərbaycanlı professor köçüb. Xaricdə təhsil alanların böyük hissəsi ölkəyə qayıtmaq istəmir. Son illərdə minlərlə vətəndaş Avropa ölkələrinə mühacirət edib və onminlərlə vətəndaş ölkədən çıxmağın yolarını axtarır. Onlarla iş adamı ölkəni tərk edərək, qonşu ölkələrdə biznes fəaliyyəti göstərir. Bütün bunlar beyin axını deyilmi? Professorun, iş adamının, gənc kadrın, hüquqşünasın, jurnalistin, siyasi xadimin ölkədən didərgin düşməsi faciə deyilmi? Dövlətin təhlükəsizliyi təkcə silahla, polislə təmin edilmir. Dövlətin təhlükəsizliyi üçün savadlı kadrlar, düşünən beynilər, alimlər də lazımdır. Statistika da göstərir ki, elm sahəsinə üz tutanların sayı azalıb, elm sahəsində karyera qurmaq istəyənlər isə ölkə xaricinə pənah aparır. Hətta ölkə rəhbərliyi tərəfindən də etiraf olunub ki, savadlı kadr çatışmazlığı var. Məsələ burasındadır ki, bu ölkədə elmi işçi 200-250 manat maaş alır və normal yaşamaqdan məhrumdur. Yəni, beyni işləyən adamların ölkədən getməsinin əsas səbəbi, ölkədəki yarıtmaz idarəçilik, ədalətsizlik, elm sahəsinin bazara çevrilməsidir. Adamlar başa düşürlər ki, bu ölkədə karyera pilləkənin qalxa bilmək üçün yaltaq olmalısan, saxtakarlıq etməlisən, yalana əl çalmalısan və.s
Amma ortada bu qədər dəhşətli faktların olmağına baxmayaraq, Əli Əhmədov narahat olmadıqlarını bildirir. Əslində, Əli Əhmədovun fikirlərini səmimi qəbul etmək lazımdır. Həqiqətən də bu hökumətə savadlı kadrlar, düşünə bilən beyinlər lazım deyil. Əgər lazım olsaydı, müəllim dilənçi maaşına möhtac edilməz, təhsil korrupsiya yuvasına çevrilməzdi. Bugün ölkənin kifayət qədər intellektual gəncləri, ictimai-siyasi xadimləri, tanınmış jurnalistləri qondarma ittihamlarla həbs olunub. Çünki, bu adamlar normal təhsil, şəffaf idarəçilik, sağlam səhiyyə, vətəndaşa qayğı tələb edirdilər. Yaxud, ötən ildən xaricdə təhsil proqramı dayandırılıb və bunu maliyyə çətinliyi ilə əlaqələndiriblər. Hansıki, xaricdə təhsilə sərf olunan vəsaitin 50 qatı mənasız tədbirlərə sərf olunur.
Ölkənin mənzərəsi də göstərir ki, “beyin axını” hökuməti həqiqətən də narahat etmir. Bunlara savadsız, hüququnu bilməyən, eybəcərliklərə göz yuman vətəndaş lazımdır. Bunun əksini təlbə edə biləcək adamları isə ölkədən didərgin salmaq ən optimal variəntdır. Son 15 il ərzində Azərbaycandan offşor zonalara 95 milyard dollar vəsait axıb. Əli Əhmədova sual olunsa, “ölkədən bu qədər pul axını bizi narahat etmir” deyəcək.
Xülasə, bu ölkədə heç nəyin axıb getməsi hökuməti narahat edən amil deyil. Əsas odur ki, bir qrup adamın biznes maraqları təmin olunsun, hakimiyyət kreslosu əldən çıxmasın və xalqın cibinə girmək üçün imkanlar qalsın. İntihar da, savadlı adamların ölkədən qaçması da, vətəndaşın borc yükü altında əzilməsi də boş məsələdi.
Bir daha aydın olur ki, ölkədə”beyin axını” hökuməti narahat edən səviyyədə olmasa da, bu hökumətin siyasəti xalqı narahat edəcək səviyyədədir. Xalq narahatlıq keçirib dövlətinə sahib çıxamsa, hökumət ölkədə cəhənnəm yaratmaqdan narahat olmayacaq.
Samir