Elxan Şahinoğlu: “Hazırki gərginlik heç bir dövlətin maraqlarına cavab vermədiyindən, bu qərar müvəqqətidir”
Türkiyə NATO-nun tərəfdaşlarıyla bəzi təlim planlarını və bir neçə sahədə əməkdaşlığı dayandırmağa qərar verib.
«Reuters» xəbər agentliyinin diplomatik mənbələrdən aldığı məlumata görə, NATO-nun 2017-ci ildə Avropa Birliyinə (AB) üzv olmayan ölkələrlə əməkdaşlığını nəzərdə tutan proqram bloklanıb. O cümlədən siyasi tədbirlər, təhsil proqramları, layihələr və hərbi təlimlər təxirə salınır (azadliq.org).
Məlumata görə, Türkiyəni acıqlandıran AB ölkələrindən Almaniya və Hollandiyanın türklərin referendum öncəsi təbliğatına icazə verməməsidir. Aprelin 16-da Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı səsvermə olacaq və Türkiyə liderləri türklərin çox olduğu Avropa ölkələrində də seçki kampaniyası aparmaq istəyirdilər. Ancaq hər biri NATO-ya üzv olduğundan Türkiyə nə Hollandiya, nə də Almaniyayla əməkdaşlığı bloklaya bilər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu söyləyir ki, Türkiyənin NATO-nun bloka üzv olmayan tərəfdaş ölkələrlə əməkdaşlığın qarşısını alması Ankaranın Avropa İttifaqı ölkələrilə yaranan gərgin münasibətlərlə bağlıdır. O, Ankaranın Almaniya və Hollandiya ilə münasibətlərində gərginliyin azalmadığını deyir:
“Hər üç dövlət NATO üzvü olsa da, aralarındakı münasibətlər tərəfdaşlıqdan uzaqdır. Buna baxmayaraq, Türkiyədə 16 aprel referendumundan sonra Ankranın həm Berlin, həm də Amsterdamla münasibətlərindəki gərginliyin azalacağını proqnozlaşdırıram. Çünki hazırki gərginlik heç bir dövlətin maraqlarına cavab vermir. Bu konteksdə də Ankara NATO-nun başqa ölkələrlə məhdudiyyət qərarından imtina edəcək. Bu, müvəqqəi qərardır”.
Nigar