Milli Şuranın Koordinasiya Mərkəzinin iclası keçirilib
Demokartik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
Toplantıda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə heyətinin Azərbaycanı qurumdakı fəaliyyətinin dayandırması və bu qərardan sonra Azərbycan hökümətinin Təşəbbüsdən çıxması barədə verdiyi bəyanat müzakirə olunub. Müzakirələrin sonunda Milli Şura adından açıqlama yayılması qərara alınıb. Açıqlamada deyilir:
“Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə heyətinin hakimiyyətin imitasiya oynuna getməyərək tutuduğu mövqe haqlı və ədalətlidir. Azərbaycanın nüfuzlu beynəlxalq qurumda fəaliyyətinin dayandırılmasına səbəb hakimiyyətin son illər ölkədə vətəndaş cəmiyyətinin durumunun pisləşməsi istiqamətində yürütdüyü davamlı siyasət, qanunvericiliyə məhdudlaşdırıcı əlavə və düzəlişləri etmək, müstəqil QHT sektorunu sıradan çıxarmaq, donorları ölkədən qovmaq, ictimai fəalları həsə atmaq və digər beynəlxalq hüquq normalarına zidd atdığı addımlardır. Hakimiyyətin MSŞT- ni tərk etmək barədə qərarı isə rəsmi Bakının öhdəliklərdən yayınmaq və vətəndaş cəmiyyətinin durumunu yaxşılaşdırmaq istəməməsindən qaynaqlanmaqla ölkəmizin beynəlxalq imicinə zərbədir. Bu addım emosional və hikkəli olmaqla milli maraqlarımıza ziddir. Daha çox rejimin maraqlarına xidmət etməklə Azərbaycanın beynəlxalq platformalardan təcrid olunmasına yönəlib. Milli Şura hakimiyyətin ölkəmizin imicinə zərbə vuran bu siyasəti durdumağa, vətəndaş cəmiyyətinə yaratdığı süni problemləri həll etməyə, həbsdə olan MSŞT Koalisiyasının üzvləri- Asif Yusifli, Fuad Qəhrəmanlı, Mehman Hüseynov, eləcə də Təbii Resursların İdarəedilməsi İnstitutunun Müşahidə Şurasının üzvü, REAL sədri İlqar Məmmədov daxil olmaqla bütün siyasi məhbusları azad etməyə çağırır”.
İclasda “Nardaran işi” ilə bağlı davam edən məhkəmə prosesləri müzakir olunub. Vurğulanıb ki, əvvəlki məhkəmələrdə olduğu kimi hazırkı məhkəmə prosesində də bir daha aydın olur ki, hakimiyyətin Müsəlman Birliyi Hərəkatına və tərəfdarlarına qarşı həyata keçirdiyi həbslər siyasi motivlidir və qanunsuzdur. Onlara qarşı irəli sürülən ittihamlar qondarma və saxtadır. Həbs olunan şəxslər polis bölmələrində amansız işgəncələrə və qeyri- insani münasibətlərə məruz qalıblar. Qeyd olunub ki, “Nardaran işi” ilə bağlı davam edən məhkəmə prosesləri hakimiyyətin bu istiqamətdə həyata keçirdiyi qanunsuz həbsləri, repressiyaları və günahsız insanlara qarşı törədilən işgəncə əməllərini tam ifşa etdi. Acınacaqlı və təəssüf doğuran haldır ki, ifşa prosesinə baxmayaraq hazırda da repressiya siyasəti davam etdirilir. 2 gün öncə Müsəlman Birliyi Hərəkatınının təsisçilərindən və İdarə heyətinin üzvlərindən olan Elxan İsgəndərovun gecə saatlarında dünyanın tanınmış terrorçusu kimi həbs olunması deyilənlərə misal ola bilər.
İclasda bir neçə gün öncə Bakı Sumqayıt yolunda avto- qəza nəticəsində 6 nəfərin ölümü , dünən isə Xirdalanda 5 nəfərin dəm qazından zəhərələnərək dünyasını dəyişməsindən dərin narahatlıq və təssüf hissi ifadə olunub. Qeyd edilib ki, bir neçə gün ərzində əksəriyyəti yeniyetmə gənc olan 11 nəfərin ölümü ilə nəticələnən faciəli hadisə hakimiyyətin səhlənkar, yarıtmaz idarəçiliyinin acı nəticəsi kimi qiymətləndirilməlidir.