Nüsrət İbrahimov: “1-ci mikrorayonda cəmisi iki bina tikilə bilər”
Bakının “Xruşşovka” kimi tanınan yaşayış binalarının söküləcəyi 1-ci mikrorayonunda 20 mərtəbəli binalar inşa ediləcək. Daha sonra isə növbəti mərhələlərdə 30 və 35 mərtəbəli yaşayış binalarının inşası nəzərdə tutulur.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bugünkü mətbuat konfransında bu barədə deyib.
E.Əsədov deyib ki, proses növbəti mərhələlərdə həyata keçiriləcək: “Yaşayış binalarında mənzillərin qiymətləri nisbətən aşağı nəzərdə tutulub ki, əhali həmin binalardan mənzil ala bilsin. Binaların tikintisi üçün şirkətlər arasında tender elan ediləcək”.
1-ci mikrorayon ərazisində aparılacaq yenidənqurma işləri üzrə aparılan ilkin araşdırmalara görə, həmin ərazidə 34 bina söküləcək. Yeni tikilən binaların sayı 30-u keçməyərək bir-iki blokdan ibarət olacaq və mərtəbələrində sayı artacaq.
“MBA Consulting Group”un rəhbəri Nüsrət İbrahimov söyləyir ki, əslində, Bakıda inşa edilən binaların neçə mərtəbəli olmasına konkret məhdudiyyət yoxdur. Lakin yerin təkinin geofiziki quruluşu, ərazinin infrastrukturunun buna imkan verməsi əsas məsələdir:
“1-ci mikrorayonda yer təkinin geofiziki quruluşunun necə olduğunu deyə bilmərəm. Lakin orada 30-35 mərtəbəli binaların tikilməsi məqsədəuyğun deyil. Çünki həmin ərazidə insan hərəkəti sıxdır, havalandırma, ekoloji durum yaxşı deyil. Bunun isə hansı fəsadlar verəcəyini aydınlaşdırmaq lazımdır. Bundan başqa, 1-ci mikrorayon heç də böyük ərazi deyil. Tikinti ərazisində isə meydançalar, yaşıllıq, avtoparkinq və s. qurulması tələb olunur. 1-ci mikrorayonda cəmisi iki bina tikilə bilər. Ərazinin infrastrukturu, kanalizasiya, su xətləri, havalandırma sistemi orada 35 mərtəbəli binaların inşasını sual altına qoyur. Bu ərazidə belə binaların inşası mənə qaranlıqdır ”.
Nigar