Yaxud anormallığın məhv etdiyi normallıq
Çox əlverişsiz yerdə dayanmışıq. Başımızı qaldıranda tavana dəyir, başımızı əyməyə adət etdikcə də qozbel oluruq. Çıxış yolu isə bu balaca daxmadan çıxıb, geniş mənzilə köçməkdir. Amma bu sadə həll variantından hələki imtina etmişik. Uzun illərdi ya başımızı tavana vuraraq, ya yerə çırparaq ölürük. Bizə bu şərtlər daxilində yaşamağı rəva görüblər. Biz isə bu şərtlər daxilində yaşamağı qəbul etmişik.
Normal yaşamaqdan da, normal ölməkdən də məhrum olmuşuq. Artıq bu ölkədə öz əcəliylə, sakit şəkildə dünyasını dəyişənlərə “Allahın sevimli bəndəsiymiş” deyirlər. Yaxud, “filankəs rahatlıqla can verdi” deyib, bəxtəvərçilik verirlər. Demək olar ki, hər gün faciəli ölümləri müşahidə edirik. Kimisinin intihar etdiyi, kimisinin dəm qazından boğulduğu, kimisinin avtoqəzada həlak olduğu, kimisinin hərbi hissədə müəmmalı şəkildə həyatın itirdiyi, kimisinin qidadan zəhərləndiyi, kimsinin işgəncəyə məruz qaldığı üzə çıxır. Ümumiyyətlə, dəm qazında boğulma və intihar Azərbaycanın “ölüm brendi”dir. Hər gün bu səbəblərlə kiminsə həyatını itirdiyinin şahidi oluruq. Artıq kiminsə intihar etməsi, hansısa bədbəxt hadisə nəticəsində həlak olması yox, bu tipli hadisələrin baş verməməsi təəccüb doğurur. Artıq intiharların artması yox, hansısa periodda azalması müzakirə mövzusu olur. Yəni, hər gün 2-3 nəfərin intihara cəhd etməsi yox, 2-3 gün ərzində yeni intihar xəbərinin eşidilməməsi sensasiya olur.
Ümumi mənzərə bundan ibarətdir ki, bu ölkədə normal şəkildə ölmək də arzuya çevrilib. Bu ölkədə normal ölmək ehtimalı da azılıb. Heç kimin sığortası yoxdur. Başını aşağı salıb yaşayanların da, hökumətə tərif yağdıranların da, kreativ yaltaqlığa meyllənənlərin də zəmanəti yoxdur. Bu ölkəyə nəzər salanda “Təyinat nöqtəsi” filmi yada düşür . Həmin filmin qəhrəmanları ən faciəli şəkildə həlak olurdular. Dəhşətli ölüm onların qismətinə çevrilir və bu ölümdən yayına bilmirlər. İndi
Azərbyacanda da oxşar situasiya yaranıb. Gah insanların ölümə tələsdiyinin, gah ölümün insanlara doğru qaçdığının şahidi oluruq. Normal ölümdən təkcə intihar, dəm qazında boğulma, avtoqəzalar məhrum etmir. Həm də ölkədə küləvi xəstəliklər yayılıb. Cavanlı-qocalı əksəriyət təzyiq xəstəsidir, diabet xəstəsidir, oynaq ağrılarından, zobdan əziyyət çəkir və.s Yəni, intihar fikrinə düşməyənlər də düzgün müalicə olunmadıqları üçün ölürlər, müalicəyə pul tapmadıqları üçün illərlə yataq xəstəsi olurlar, əzab-əziyyət çəkirlər.
Əlbəttə ki, bütün bunlar təsadüfi deyil və heç kim “təbii haldır” deyib əsaslandıra bilməz. Doğrudur, dünyanın hər yerində intihar halları da baş verir, avtoqəzada ölənlər də olur, xəstəlikdən həyatını itirənlər də var. Amma heç bir normal ölkədə normal ölüm nadir hadisəyə çevrilməyib. Heç bir normal ölkədə hər gün dəm qazından ölən, hər gün intihar edən yoxdur. Heç bir normal ölkədə diabet xəstəliyi hər ailənin “qonağ”ı olmur. Heç bir normal ölkədə kütləvi faciələrə “belə də olmalıdır” münasibəti sərgilənmir.
Müxtəsər, uğurlu, uzaqgörən, analoqsuz idarəçilik nəticəsində öz əcəlimizlə ölməkdən də məhrum olmuşuq. Bu ölkədə 70 yaşına çatana da, rahat can verənə də, sağlam orqanizmi olana da “xoşbəxt adam” kimi baxırlar. Bədbəxtlik bolluğunda xoşbəxt adam olmaq çox çətindir.
Vətəndaş öz məsuliyyətini hiss etməyəndə, öz mövcudluğunu göstərməyəndə, hökumət də məsuliyytədən yayınır. Və bunun nəticəsində ölkə xəstələnir. Xəstə ölkədə isə sağlam qalmaq çox çətindir. Anormal mühitdə nə normal yaşamaq, nə də normal ölmək olur.
İlham