Vahid Məhərrəmov: “Rəqəmlər hökumətin tutduğu mövqeyə uyğunlaşdırılır”
Statistika Komitəsindən 2017-ci ilin yanvar-fevral ayında istehlak məhsulları və xidmətlərin qiymətlərinin 2016-cı ilin müvafiq dövrüylə müqaisədə 12,5 faiz bahalaşdığı bildirilib. Ərzaq məhsullarının qiymətləri 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,4 faiz bahalaşıb.
“Marja”nın məlumatına görə, cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 1,6 faiz, ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,0 faiz bahalaşıb. Cari ilin yanvar ayında keçən ilin dekabrına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 2,3 faiz, ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 2,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,9 faiz bahalaşıb. Statistikaya görə, fevralda istehlakçı qiymətlərinin artması tempi bir qədər azalıb.
İqtisadçı-ekspert Vahid Məhərrəmov söyləyir ki, Statistika Komitəsinin qiymətlərin dəyişməsi və bahalaşmanı hesablamasında xüsusi mexanizmi yoxdur. Yəni Komitə statistik rəqəmləri müxtəlif mənbələrdən emal edir:
“Statistika Komitəsi rəqəmləri təqdim edəndə reallığı nəzərə almır. Bu rəqəmlər məmurlarla müzakirə ediləndən sonra inflyasiyanı yüksək həddə göstərmədən verilir. Komitə qiymətləri reallıqdan uzaq, təsəvvür etdiyi formada hesablayır. Rəqəmlər əksər sektorlar üzrə hökumətin tutduğu mövqeyə uyğunlaşdırılmalıdır. Birmənalı şəkildə inflyasiyanın qüksək həddinin olduğu deyilməməlidir. Ona görə də diqtə edilən rəqəmlər reallıqdan şox uzaqdır”.
Nigar