Mətbuatda akademik Çingiz Qacarın Azərbaycan türklərini inkar etdiyi məzmunda fikirləri yayıldı və bu, sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanaraq, müzakirəyə səbəb oldu.
Martın 12-də Bütöv Azərbaycan Ocaqları üzvləri Qacarlar sülaləsinin nümayəndəsi olan akademiklə görüşüb və o, adından yayılan anti-türk ifadələrin ona məxsus olmadığını deyib. Bildirib ki, mətbuata dedikləri təhrif olunub və bununla bağlı xüsusi açıqlama yayacaq.
Görüşdə iştirak etmiş BAO üzvü Faiq Ələkbər “turkustan.info” saytında yazıb ki, Ç.Qacar bu soyadı daşıyan birinin türklər və Türkiyə əleyhdarı ola bilməsini absurd adlandırıb: “Çingiz müəllim bildirdi ki, onlar Sovetlər Birliyi dövründə belə, Türk Qacar soy adından imtina etmədikləri halda, indi Türk düşməni kimi qələmə verilmələri cəfəngiyyatdır. “Necə ola bilər ki, bütün ömrü boyu Qacar soyadını daşıyan bir insan Türk düşməni ola bilər?”, deyən Çingiz müəllim dedi ki, onu Türkiyədə həmişə sevgi və hörmətlə qarşılayıblar”.