Serialın final bölümündə azərbaycanlı qadın obrazın mənfi təqdimatı etirazlar doğurdu; ssenari müəllifi ittihamlara cavab verdi
Türkiyənin Azərbaycanda da çox populyar olan “Yaxşı Cazibə” serialının final bölümü qalmaqala səbəb olub. Belə ki, son bölümdə serialın azərbaycanlı qadın qəhrəmanı Cazibə fırıldaqçı və xəyanətə meylli qadın kimi təqdim olunub. Bu, Azərbaycanda serialın izləyiciləri arasında etiraza səbəb olub. Sosial şəbəkələrdə bu vəziyyət qınaqla müzakirə olunmağa başlayıb.
Serialının baş məsləhətçisi, Azərbaycanın tanınmış aktrisası Məlahət Abbasova “Lent.az”a açıqlamasında deyib ki, belə sonluq onun milli qürurunu sındırıb. Aktrisa bildirib ki, o, serialın baş məsləhətçisi olsa da, onun bu cür bitəcəyindən xəbərsiz olub: “Bu olanlardan xəbərsiz idim. Mənim filmin istehsalçısı “Süreç film”lə müqaviləm Cazibənin olduğu müddətə qədər idi. Mən həmin vaxtadək orada baş məsləhətçi vəzifəsində olmalı idim. 92-ci seriyada Cazibə Kamalı tərk edib Bakıya dönür, mənim də baş məsləhətçi vəzifəm burda bitir. 92-ci seriya çəkiləndən sonra mən Bakıya gəldim və yenidən qayıtdım Türkiyəyə. Sonra mənə dedilər ki, 93-cü seriya da çəkilib. Amma mən bundan xəbərsiz olmuşam. Mən elə bildim ki, Cazibə Bakıya gedən kimi serial bitəcək”.
Aktrisamız olanlara görə çox üzüldüyünü söyləyib: “Bir anlam verə bilmirəm buna. Dərhal Gani Müjdəyə (ssenari müəllifi – red.) zəng elədim, telefonu bağlı idi. Sonra isə rejissoru yığdım. O da bu vəziyyətə heç bir aydınlıq verə bilmədiyini və belə bir finaldan çox üzüldüyünü söylədi. Mən inana bilmirəm ki, 2 ildir reytinq qazanan bir serial bir anın içində necə bu hala düşdü? Buradakı tamaşaçılar da çox pis olublar”.
Məlahət Abbasova serialın baş qəhrəmanları Cazibə və Kamalın Azərbaycana müraciətlərini də çatdırıb. Cazibənin ifaçısı Aslıhan Gürbüz söyləyib ki, vəkili ilə məsləhətləşdikdən sonra Azərbaycan xalqı üçün yazılı açıqlama verəcək. Abbasova deyib ki, Aslıhan serialın belə sonluqda bitməsinə görə ağlayıb da: “İnanın, o qız olanlara görə o qədər pis olmuşdu. Mənə “nə olar, bütün Azərbaycan xalqından üzr istəydiyimi və buna görə çox üzgün olduğumu çatdırın. Mən böyük bir şok yaşadım. Özlərinin yaratdıqları Cazibə roluna bir anda xəyanət elədilər” dedi. Kamal da bu cür final səhnəsinə görə məyusdur. O deyib ki, azərbaycanlılar bizim qardaşlarımızdır, bu cür son olmamalıdır, ssenari yenidən hazırlansın”- deyə Məlahət Abbasova əlavə edib.
Aktrisamız bu cür ssenarinin Azərbaycanla heç bir əlaqəsi olmadığını, “Süreç film”lə Aslıhan arasında yaranan hər hansısa bir problemdən qaynaqlandığını ehtimal etdiyini deyib: “Ola bilər ki, Aslıhanla “Süreç film” arasında nəsə problem olub. Onlar da yəqin qisası bu cür ssenari verməklə alıblar. Bu, Azərbaycana deyil, Aslıhana edilən qisasdır. Amma Azərbaycanın mənafeyini düşünməyiblər. Nə olursa-olsun, son belə olmamalı idi. Onlar bizim iki illik əməyimizi heç etdilər. Mənə xəbər vermədən özlərindən ssenari yazıblar. Mətni oxusaydım, ortalığı ayağa qaldırardım. O qədər təsirləndim ki, onlara dedim, baxmayaraq biz uzun illər ruslarla bir yerdə yaşamışıq, amma öz adətimizə və namusumuza hər zaman sahib çıxmışıq”.
Aktrisa serialın yaradıcı heyətindən Azərbaycan xalqından üzr istəməyi tələb edib: “Buna görə mənim milli qürurum incidi. Tək mənim deyil, filmin rejissorundan tutmuş aktyorlaradək hamı çox üzgündür. Ən azından filmi istehsal edən şirkət buna imkan verməməli idi. Film istehsaçlısı, ssenari qrupu, başda Ali Gündoğdu və Gani Müjdə olmaqla Azərbaycan xalqından üzr istməlidirlər. Cazibə rolu o qədər təmiz bir roldur ki, hamı bunu bilir. O fırıldaqçı idisə niyə Kamaldan pul, var-dövlət almırdı, niyə onunla heç uzun müddət yatağa girmədi? Axı bunu da onlar çəkmişdi. Üç qəpiklik beyinləri ilə bizim əməyimizi sıfıra endirdilər”.
Serialın ssenari müəllifi Gani Müjdən isə baş verənlərə belə aydınlıq gətirib: “Biz serialın finalını Cazibə və Kamalın körpəsi ilə edəcəkdik, lakin prodüsser son seriyaya gəlməyəcəyini bildirdi və biz də tələsik üzdə olan heyətlə sonuncu bölümü çəkdik. Yenə də xoşbəxt sonluqla bitirdik.
Kamalın Simgeyi seçməsi üçün mütləq filmdə xəyanət lazım idi, bu səbəbdən Cazibəni istəməyərək mənfi qadın obrazında çəkmək məcburiyyətində qaldıq. Cazibəni mən yaratdım, mən də öldürdüm” (Qafqazinfo).
Gani Müjdən Cazibəni dəyişməklə azərbaycanlıları təhqir edib fikirlərinə də cavab verib: “Finalda azəri qadınlarının təhqir olunduğunu deyən dostlar, serialın 92-ci bölümündə yerdən yerə vurduğum Simgə də türk vətəndaşı idi. Yersiz ittiham etməyin”.