«Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm». Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov belə deyib
Bəyanatda Azərbaycanın MHŞT sahəsində bir çox ilklərə imza atdığı, hasilat sənayesində ən yüksək şəffaflığı təşviq etdiyi, beynəlxalq təşəbbüsləri dəstəklədiyi vurğulanır. Belə ki, ölkənin 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olduğu vurğulanır.
«Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq Təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər», – bəyanatda deyilir.
Ş.Mövsümov qeyd edir ki, ilk gündən Azərbaycan hökuməti MHŞT-nin prinsip və standartlarına tam əməl edib, Təşəbbüsün uğurlu tətbiqindən ötrü bütün zəruri addımları atıb. 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHŞT hesabatı açıqlayıb.
Bəyanatda vurğulanır ki, Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc edəcək.
AXCP lideri Əli Kərimli Azadlıq Radiosuna açıqlamasında hakimiyyətin bu addımını yanlış hərəkət kimi qiymətləndirərək deyib.
«Əvvəla, Azərbaycan hökumətinin insan haqlarına, demokratik prinsiplərə biganə münasibətinin, aparılan repressiyaların nəticəsidir ki, Azərbaycanın böyük bir platformada fəaliyyəti dayandırıldı.
Görünən budur ki, Azərbaycanın müzakirələr zamanı koalisiyanı tərk etmək barədə şantajı, təhdidi işə yaramayıb. Bu gün belə bir addımın atılması onu göstərir ki, Azərbaycan hər hansı ciddi islahatlara hazır deyil, hökumət vətəndaş cəmiyyətinə, siyasi rəqiblərinə beynəlxalq standartlara yaxın şərait yaratmaqda, üzərinə hər hansı öhdəlik götürməkdə maraqlı deyil. O, islah olunmayacağını bilir. Və öz maraqlarını, rəqiblərinə, vətəndaş cəmiyyətinə divan tutmaq, repressiya apara bilmək üçün Azərbaycanı əlavə tribunalardan, müstəvilərdən, platformalardan məhrum edir».
Ə.Kərimli Azərbaycan hakimiyyətinin davranışını bu quruma martın 9-da daxil olan Ermənistanla da müqayisə edib: «Ermənistan üzərinə qoyulan bütün öhdəlikləri götürərək, o cümlədən işğal edilmiş Dağlıq Qarabağla bağlı heç bir məlumatı hesabatına daxil etməyəcəyi haqda öhdəlik götürərək bu platformaya qoşulmağa nail olur. Amma Azərbaycan böyük bir platformanı tərk edir, ölkənin imicini, maraqlarını düşünmür. Bax, bu, əsl antimilli fəaliyyətdir, şəxsi maraqları, hikkələri dövlət maraqlarından üstün tutmaqdır».
***
9 mart 2017
Beynəlxalq təşkilatdan Azərbaycan iqtidarına sanksiya
Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) Beynəlxalq İdarə Heyətinin Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən 36-cı toplantısında iki gündür ki, Azərbaycanın məsələsi müzakirə olunurdu. Martın 9-da Bakı vaxtı ilə axşam saat 21.00 radələrində Azərbaycanla bağlı müzakirələrə yekun vurulub. Aldığımız məlumata görə, Azərbaycanın bu beynəlxalq koalisiyada fəaliyyəti (statusu) dayandırılıb.
Koalisiyanın Beynəlxalq İdarə Heyəti belə nəticəyə gəlib ki, Azərbaycan hökuməti islahatlar həyata keçirmir.
MHŞT Beynəlxalq İdarə Heyətinin Astanada keçirilən 35-ci toplantısında Azərbaycanın üzərinə bir sıra islahedici tədbirlərin həyata keçirilməsi barədə öhdəlik qoyulmuşdu. İslahatların həyata keçirilməsi üçün də növbəti toplantıya qədər – 6 ay vaxt verilmişdi. Bildirilmişdi ki, əks təqdirdə Azərbaycanın koalisiyada fəaliyyətinin dayandırılması məsələsi müzakirəyə çıxarıla bilər. Amma ötən müddətdə heç bir irəliləyiş olmayıb, əksinə, vəziyyət daha da pisləşib.
Azərbaycan hökumətinə iradlar əsasən ölkədə vətəndaş cəmiyyətinin boğulması, QHT-lərə qarşı təzyiqlər, repressiyalarla bağlıdır. Bundan başqa, qurumun iki üzvü – Fuad Qəhrəmanlı və Asif Yusifli həbsdədir.
MHŞT Beynəlxalq İdarə Heyəti bu qərara gəlib ki, Azərbaycanın fəaliyyəti (statusu) iyulun 26-na qədər dayandırılsın. Əgər irəli sürülən islahat planı o zamana qədər icra edilsə, Azərbaycanın statusu bərpa olunar.
MHŞT-in əsas tələbləri bunlardır:
Ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinə imkan yadılmalıdır. Maliyyə şəffaflığı təmin edilməlidir. Saxta ittihamlarla həbs olunanlar, o cümlədən ReAl sədri İlqar Məmmədov azadlığa buraxılmalıdır.
Onu da əlavə edək ki, Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumlarından kredit ala bilməsi üçün bu qurumun rəyi çox əhəmiyyətlidir. Bu baxımdan, Azərbaycan hökuməti bugünkü qərarın qəbul olunmaması üçün müxtəlif vasitələrdən istifadə etmişdi.
MHŞT Beynəlxalq İdarə Heyətinin QƏRARI (linki açın).
azadliq.info